Bank necə gəlir əldə edir? - AÇIQLAMA

22:44 02-10-2020 120

Bankların qazancı sadəcə faizlərdən deyil, həm də əməliyyat gəlirlərindən və əməliyyatlardan tutulan komissiyalardan təmin olunur.

Bunu milletinsesi.info-a açıqlamasında Dünya Bankı, həmçinin, Avropa Yenidənqurma və İnkişaf Banklarının aparıcı məsləhətçisi İlqar Tağıyev deyib.   

Bəzi insanlar düşünürlər ki, krediti vaxtlı-vaxtında ödəyirlər və gecikdirməyərək faiz ödənişindən qaçırlar. Bəs, bank bu halda necə qazanc əldə edir? 

İlqar Tağıyev bildirib ki, ilk növbədə banklar kredit kartlarını müştəriyə müəyyən məbləğ qarşılığında satırlar, digər tərəfdən, müştəri hər dəfə müəyyən əməliyyat həyata keçirərkən bank bundan komissiya qazanır:

“E-kommers əməliyyatlarından, yaxud bankomatlardan pul çıxarılan zaman müştəri müəyyən komissiya ödəyir. Hətta, bəzi banklar müştərilərinə 30-40 gün möhlət verirlər. Bəzən isə bankomatlardan çıxartdıqları komissiyanın miqdarı bir aylıq faizə yaxın olduğundan artıq bank özünü kompensasiya edə bilir. 

Yəni, faktiki olaraq müştəriyə deyilir ki, siz 30 gün ərzində kreditdən istifadə etdikdə heç bir faiz ödəmirsiniz. Lakin, siz həmin kreditlərdən istifadə edərkən müəyyən əməliyyatlar həyata keçirirsiniz və bu əməliyyatlardan bank komissiya götürür. Bu da bəzən bir aylıq faizdən çox və ya ona bərabər olur. Başqa sözlə desək, müştəri bunu hiss etmir və ya bu məbləğ onun üçün gizli xərc olaraq qalır. Bank tərəfdən isə bu qazancdır. Müştəri məbləğin ödənişini geçikdirməsə belə, nəzərə almaq lazımdır ki, bankın qazancı yalnız faizdən deyil. Bankın qazancı həm də əməliyyat gəlirlərindən və əməliyyatlardan tutduğu komissiyalardan təmin olunur”. 

O əlavə edib ki, digər tərəfdən taksitlər var ki, bu zaman banklar komissiyanı qarşı tərəfdən alır:

“Yəni, müştəridən yox, müştərinin alış-veriş etdiyi hansısa mağazadan. Proses belə baş verir: Bank həmin mağazaya müştəri yönləndirir və bunun əvəzində müəyyən gəlir əldə edir. Obrazlı desək, müştərinin cibinə pul qoyur və onu mağazaya göndərir. Müştəri faktiki olaraq mağazadan nağd alış etdiyinə görə, mağaza üçün bu satış nağd sayılır. Bununla da mağaza banka müəyyən məbləğ ödəyir və bank buradan gəlir əldə edir”. 

Qeyd edək ki, Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar.