Azərbaycan Şərqşünaslıq elminin tacı - Aida İmanquliyeva

22:06 10-10-2020 85

"Allah-taala Aidanı xoş saatında yaratmış, bir qadın kimi ona hər şey vermişdi"

Akademik Vasim Məmmədəliyev

 

Bu gün görkəmli şərqşünas alim, professor AİDA İMANQULİYEVAnın doğum günüdür. 52 yaşında dünyasını dəyişən mərhum alimin anadan olmasının 81 ili tamam olur.

Hörmətlə, ehtiramla xatırlayaq.

Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olub. Atası görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi Nəsir İmanquliyev Azərbaycan mətbuatının bünovrəsini qoyanlardan biri olub, uzun müddət "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləyib. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində anadan olub.

aida8

Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsi olub.

Bəlkə də elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb.

Aida xanım İmanquliyeva aktiv bir ərəbşünas - alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. Keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olub. O, Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr edib.

aida3

Aida İmanquliyeva bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modelidir. Aida İmanquliyevanın qələmi ilə düşüncələrdə çəkdiyi "İpək yolu" - dünyanın Qərbi ilə Şərqini birləşdirən ədəbi-fəlsəfi fikir sistemi özlüyündə həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi, həm də və ən başlıcası isə milli özünüdərkin ifadəsi olub.

Aida xanımın elmi yaradıcılığı çox zəngindir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən "Ərəb filologiyası məsələləri", "Şərq filologiyası məsələləri", "Şərqin problemləri: tarix və müasirlik" və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir. Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin maraq dairəsi geniş və çoxşaxəlidir. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

aida6

Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalıb. İstedadlı gənc alim Aida İmanquliyeva 1967-ci ilin martında Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini aldıqdan sonra elmi fəaliyyətini Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda davam etdirib.

O, əvvəlcə "Ərəb ədəbiyyatı" qrupunda kiçik elmi işçi vəzifəsində çalışıb və 1972-ci ildən etibarən qrupun rəhbəri, 1976-cı ildən isə institutda yenicə yaradılmış "Ərəb filologiyası" şöbəsinin müdiri vəzifələrində işləyib. Aida xanım həmin şöbəyə rəhbərlik etdiyi müddətdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

aida5

Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub, bir il sonra isə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb.

Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva vəzifə pillələrində irəliləməkdə davam edirdi. O, 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlayıb və həmin ilin dekabrında isə direktor vəzifəsinə təyin olunub.

Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilib.

aida2

Aida xanım İmanquliyevanın şərqşünaslıq fəaliyyətinin mərkəzində ilk növbədə problemə müqayisəli, elmi-fəlsəfi və tarixi-tipoloji baxış dayanır. Bu cür baxış və yanaşmanın nəticəsində Azərbaycan şərqşünaslıq elmi məhdud sərhədləri aşaraq beynəlxalq arenaya çıxış edib və bir sıra vacib problemlərin həllinə nail olub.

Qeyd etməliyik ki, professor Aida İmanquliyevanın xidmətləri sayəsində şərqşünaslığımızda formalaşan müqayisəli metodun tətbiqi nəticəsində şərqşünaslığımız ədəbiyyat tarixçiliyi sərhədlərini aşaraq, daha qlobal, daha vacib və əhəmiyyətli problemlərin araşdırılmasına istiqamətlənə bilmişdir.

Aida xanım İmanquliyevanın bu təşəbbüsü bir tərəfdən birbaşa olaraq Azərbaycan şərqşünaslıq elmində ilk dəfə nəzəri-estetik baxımdan ərəb-rus, ərəb-qərb tədqiqat istiqamətlərini meydana gətirib, digər tərəfdən isə aparılan tədqiqatlar ərəb-rus, ərəb-qərb ədəbiyyatlarının, geniş mənada mədəniyyətlərinin müqayisəli, həm də fundamental öyrənilməsini təmin edib. Aida İmanquliyeva "qərb üçün şərqşünas, şərq üçün qərbşünas alim” (Ş.Xəlilov) statusunda ərəbşünaslığın ədəbi-bədii dəyərlərini şərq-qərb estetik-fəlsəfi kriteriya və baxışları müstəvisində araşdırmaqla şərqşünaslığımız üçün yeni bir nəzəri təhlil və tədqiqat sistemi yaratmış oldu.

aida7

Məlum olduğu kimi, bu dövrə qədərki tədqiqatlarda ərəbşünaslıq, ümumən şərqşünaslıq araşdırmalarında Qərbin Şərqə təsiri məsələlərinə daha çox önəm verilirdi. Lakin Aida İmanquliyeva ilk dəfə olaraq Şərq-Qərb problemləri kontekstində məsələlərə aydınlıq gətirərkən Qərb dəyərlərini obyektiv qiymətləndirir, ədəbi-bədii, mədəni-mənəvi təsir məsələlərindən danışarkən birtərəfli təsirə yox, qarşılıqlı təsir amilinə xüsusi önəm verirdi. 

Aida İmanquliyeva Avropa dəyərlərini nə qədər yüksək qiymətləndirsə də, ənənə prinsipləri daxilində insan və cəmiyyətlə bağlı bir çox məsələlərin təməlində Şərq mahiyyətinin dayandığını yaxşı dərk edir, təbii olaraq bu məsələnin üstündən sükutla keçməyi qeyri-mümkün sayırdı. Bildiyimiz kimi, tarixin sonrakı inkişaf dövrlərində formalaşmış Qərb mədəniyyət qütbü bir sistem kimi təsdiqini tapsa da, özünün mahiyyətindəki Şərq ilkinliyini, Şərq ruhunu, bütövdən (Şərqdən) ayrılma əlamətlərini gizlədə bilməyib. Balzak, Gete, Volter, Bayron, Russo, Monteskyö, Tolstoy, Puşkin, Yesenin və s.

Qərb mədəniyyət və mənəviyyat nəhənglərinin yaradıcılığında (geniş mənada Qərb mədəniyyətində) gizlənən Şərq sevgi elementləri əslində gözlə görünə bilməyən, lakin hiss olunan, ruhla duyulan Şərq ilkinliyinin (həm də Şərq mənəvi ehtiyacının) təsiri və hansı formadasa özünütəsdiqidir.

aida4

Bu mənada Aida İmanquliyeva yeni ərəb ədəbiyyatının tanınmış simalarından olan Əmin ər-Reyhani, C.X.Cübran, M.Nüaymə, İlya Əbu Mada kimi, o cümlədən İspaniyada ərəb ədəbiyyatını formalaşdıran bir çox sənətkarın yaradıcılıqlarından danışarkən problemi Qərb-Şərq dəyərləri baxımından təhlilə cəlb etsə də, "tarixin başlanğıcına təkan verən Şərq” (Hegel) ənənəviliyinin yeni dövr dünya mədəniyyətindəki yerini, rolunu və əhəmiyyətini xüsusi qiymətləndirirdi.

Görkəmli şərqşünas alim bütün bunlarla yanaşı XIX əsrdən başlayaraq Qərb həyat tərzi və mədəniyyətinin Şərqə təsiri və nüfuzunu tarixi-konkret şəraitə uyğun izah edirdi. Aida İmanquliyeva bu məsələdə ilk növbədə diqqəti Amerika və Avropa ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə olunmasına və mütərəqqi ərəb yazarlarının həmin regionlara mühacirət etməsinə yönəldirdi.

Bildiyimiz kimi, XIX əsrdən başlayaraq iqtisadi, siyasi və sosial problemlər səbəbindən ərəb ölkələrindən Qərbə böyük mühacir qrupları axın etməyə başlayıb. Aida İmanquliyeva ərəb mühacir ədəbiyyatı problemlərinə dair tədqiqlərində haqlı olaraq qərb mühacirətinin kökündə siyasi amillərlə yanaşı, mədəni amillərin təsirini xüsusi vurğulayırdı: "Avropa ədəbiyyatının ərəb dilinə tərcüməsi Qərb həyat tərzinin təbliğini və Qərbə mühacirət ideyasının cazibəsini qüvvətləndirirdi”.

Gətirilən sitatda ərəb mühacirətinin kökündə sosial-mədəni səbəbin olması faktı olduqca maraqlı səslənir. Aida İmanquliyeva ərəb-məhcər ədəbiyyatını tədqiq edərkən istər ümumi ədəbiyyat, istərsə fərdi sənətkar tipində ənənə və novator problemlərinə daha çox əhəmiyyət verirdi. Bu, bir tərəfdən ciddi ədəbiyyatşünaslıq yanaşması tələblərini ödəyirdisə, digər tərəfdən yeni formalaşan modern ərəb ədəbiyyatı nümayəndələrinin yaradıcılığında təzahür olunan yeni ədəbi keyfiyyət hadisəsinin təqdimini təmin edirdi. 

aida

O, Qərbə mühacirət etmiş "Qələmlər birliyi”ndə cəmləşən modernist ərəb yazıçılarının klassikaya və müasirliyə olan münasibətini düzgün qiymətləndirir, onların sənəti üçün səciyyəvi olan yeni çalarları üzə çıxarır, Hegel fəlsəfəsinə uyğun olaraq bədii yaradıcılığa estetik predmet kimi baxırdı: "Əlbəttə, "Qələmlər birliyi”nin üzvləri klassik ədəbiyyatı öyrənir, əhəmiyyətini dərk edir, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığına böyük qiymət verirdilər. Onlar etiraf edirdilər ki, onların əsərləri bir çoxları üçün daim ilham mənbəyi olaraq qalacaqdır. Bununla yanaşı, mühacir yazıçılar ədəbiyyatda yeni orijinal yollar axtarırdılar. Vətəndə adətən müraciət etdikləri böyük həcmli formalar burada tez-tez dəyişən, şəraitə cavab verə bilən, aktuallığı ilə fərqlənən və qəzetlər üçün daha çox əlverişli olan kiçik novellalarla, məqalələrlə, şeir parçaları ilə əvəz olunurdu”.

Prof.Aida İmanquliyeva mühacir ərəb yazıçıları sırasında Cübran Xəlil, Mixail Nüaymə, ər-Reyhani və digər qələm sahiblərinin irsindən danışarkən onların yaradıcılığında yer alan qərb mövzuları ilə yanaşı, ənənəvi şərq mövzularının da olduğunu qeyd edir. O, bu məntiqinin davamı olaraq Mixail Nüaymənin novellalarında ənənəvi Şərq nağıl motivinin, Əmin ər-Reyhani və Cübran Xəlil şeirlərində Şərq aforizmlərinin yer almasını yeni modernist ərəb ədəbiyyatında özünü mühafizə edə bilmiş Şərq ənənəsinin elementləri kimi təqdim edir: "Mövzuları çox rəngarəng olan bu əsərlərin əsas ideyası ədalətin, məhəbbətin və gözəlliyin kəşfidir. Məsələn, Cübran hansı mövzuya toxunursa-toxunsun, onun ədalətsizliyə qarşı üsyankar ruhu, xeyirxahlığa və gözəlliyə rəğbəti hər bir əsərdə açıq-aydın hiss olunmaqdadır”.

Sitat cəmiyyət problemləri, ədalətsizliyə qarşı üsyan, xeyirxahlıq, gözəllik və s. məsələlər fonunda müasir Qərb, ənənəvi Şərq ədəbiyyatı mövzuları tipində "Qələmlər birliyi” üzvlərinin yaradıcılığını xarakterizə etmək baxımından əhəmiyyətlidir. Bu yanaşmanın dərinliyində və mahiyyətində Aida İmanquliyevaya məxsus fəlsəfi görüşlərin yer aldığı aşkar şəkildə müşahidə olunur. Belə ki, onun problemə yanaşarkən varlığı deyil, bədii yaradıcılıq və düşüncəni estetik problem kimi götürməsini Hegel fəlsəfi baxışlarının davamı kimi səciyyələndirmək  mümkündür. 

aida1

Aida İmanquliyevanın yeni dövr ərəb ədəbiyyatının janr və metod problemləri ilə bağlı araşdırmaları onun ərəbşünaslığa verdiyi böyük töhfələrdən biridir. Görkəmli şərqşünas fakt və nəzəri mülahizələr əsasında "Qələmlər birliyi”nin "ilk dəfə olaraq ərəb ədəbiyyatına yeni bədii metod-tənqidi realizm metodu gətirdiklərini” bildirir və bundan sonrakı yeni mərhələdə ərəb ədəbiyyatının keçdiyi yolu elmi-nəzəri təhlil edir.

Bu məqamda Aida xanım rus və qərb ədəbiyyatlarının görkəmli nümayəndələrindən olan Puşkin,Turqenev, Dostoyevski, Çexov, Tolstoy, Korolenko, Uilyam Bleyk, Ralf Emerson, Uolt Uitmen və s. şəxsiyyətlərin simasında ərəb ədəbiyyatına təsirin forma və məzmun xüsusiyyətlərindən geniş bəhs açır. Biz burada təsirin ümumi mənzərəsi ilə yox, Şərq və Qərb ədəbiyyatları fonunda ədəbiyyatdaxili proseslərin elmi mahiyyəti ilə tanış oluruq. Professor Səlahəddin Xəlilov haqlı olaraq qeyd edir ki, "Aida xanım İmamquliyevanın ədəbi proseslər haqqında tədqiqatı emprik səviyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə endiyindən, burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edirdi...” 

Görkəmli şərqşünas alim "mənsur şeir mühacir ədiblərin ən çox sevdikləri janrlardan biri idi. XIX-XX əsrlərin qovuşduğu dövrdə ərəb ədəbiyyatında tarixi roman janrı necə tipik, sonralar hekayə-novella Misir modernistləri üçün necə xarakterik idisə, mənsur şeir də mühacir ərəb ədibləri üçün eləcə səciyyəvi idi” deməklə bir tərəfdən vahid mədəniyyət hadisəsi tipində Qərb-Şərq ədəbi təsir və əlaqələrini ortaya çıxarır, digər tərəfdən akademik Kraçkovski məktəbinin nəzəri mülahizələrini genişləndirir.

Əlbəttə, professor Aida xanım İmaquliyevanın elmi irsi Qərb-Şərq ədəbi düşüncə və əlaqələrinin öyrənilməsində, ərəb-məhcər ədəbiyyatına dair konseptual məsələlərə aydınlıq gətirilməsində, ümumilikdə şərqşünaslıq problemlərinin araşdırılmasında fundamental mənbə olacaq, bütün zamanlar üçün aktuallığını itirməyəcəkdir. 

Aida İmanquliyevanın elmi, ictimai-siyasi fəaliyyətindən danışarkən onun tərcüməçilik fəaliyyətini də unutmaq olmaz. Məsələn, o, 70-ci illərdə universitetin Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi, filologiya elmləri namizədi M.Qarayevlə birlikdə "İnsan və quş" adlı hekayələr məcmuəsini çap etdirir. Bundan əlavə, "Ərəb filologiyası" şöbəsinin əməkdaşlarının tərcüməsində İraq yazıçılarının əsərlərindən ibarət kiçik bir antologiyanın tərcüməsində və çapında da Aida xanımın gərgin əməyini xüsusi qeyd etmək lazımdır. "Ağ günlərin sorağında" adlanan həmin məcmuədə Aida xanımın tərcüməsində İraq yazıçısı Mahmud əz-Zahirin "Boğulmuş hıçqırıqlar" adlı hekayəsi də öz əksini tapıb.

Bunlardan əlavə, Aida xanım müxtəlif illərdə respublikanın nəşriyyat orqanları tərəfindən ərəb ədəbiyyatı ilə bağlı çap olunmuş neçə-neçə kitaba ön söz yazıb, neçə-neçə kitabın elmi redaktoru olub.

Aida xanım İmanquliyeva çox zərif, kövrək bir insan, həddindən artıq nəvazişkar və diqqətli bir xanım idi. O, yaxınlarından tez-tez xəbər tutan, onların işi ilə maraqlanan, çətinliklərini həll etməyə çalışan dost idi.

Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgizin və Mehribanın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi.

Aida İmanquliyeva 1992-ci ilin 19 sentyabrında, 52 yaşında vəfat etmişdir. 

Şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Aida xanım İmanquliyevanın işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.

 

Nurlanə Əliyeva, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü