Nazir Emin Əmrullayev: “Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub”

18:25 16-10-2020 75

“Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub”. milletinsesi.info-ın brifinqdəki müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu, karantin deyil, ənənəvi qaydada tətildir: “Noyabr ayında ənənəvi tətil olacaqdı. Biz, sadəcə, həmin günləri qabağa çəkmişik.

Ermənistanın hücumuna məruz qalan Gəncə, Naftalan, Tərtər, Bərdə və digər rayonlarda 340 min şagird təhsil alır. Eyni zamanda, Bakı, Sumqayıt, Abşeronda da təhsil alan şagirdlərin sayı çoxdur. Yoluxmanın qarşısının alınması üçün bu addım atılır.

İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək”.

Nazir bildirib ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günləri istifadə edilir: “Bu tətil hər mənada mövcud təqvim günləri əsasında tətbiq olunur. Özəl kurslar təhsil müəssisəsi sayılmır, təhsil verən şirkət sayılırlar”.

O bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarda müvafiq bəndlər yoxdur: “Lakin hər kəs obyektiv yanaşmalıdır. Əgər risk varsa, distant təhsilə keçmək mümkündürsə, özəl kurslar da distant təhsilə keçsə, yaxşı olar. Çünki bir çox tətbiqlər işləyir, onlar üzərindən onlayn təhsil vermək olar. Ölkədə internetin təminatı ilə məşğul olan şirkətlər tərəfindən bir sıra ali təhsil müəssisələrində bəzi platfotmaların işləməsinə nail olmuşduq”.

O bildirib ki, bu istiqamətdə danışıqlarımız davam edir: “Ötən həftəyə qədər biz ali təhsil müəssisələrində bəzi zəruri platformaların işləməsi üçün razılıq almışdıq. Bu istiqamətdə danışıqlarımız davam edir. Çalışırdıq ki, məktəblərdə də tədris üçün zəruri olan bir sıra tətbiqlərin işləməsi üçün aidiyyəti qurumlardan razılıq alınsın. Bu məsələ tərəfimizdən diqqətdə saxlanılacaq. Oktyabrın 15-dək 546 şagird, 186 müəllim koronavirusa yoluxub”. 

O bildirib ki, bugünədək məktəb daxilində şagirdlər arasında kütləvi yoluxma qeydə alınmayıb: “Ümumilikdə yoluxma ilə bağlı 85 sinif bağlanmışdı. Onlardan 20-də tədris bərpa olunub. Hazırda yoluxma qeydə alınan 65 sinif bağlıdır. Müəllimlər arasında koronavirusa yoluxma ilə bağlı 48 məktəb bağlanıb. Onlardan da biri - Qubanın Qamqam kəndindəki məktəb artıq açılıb”.