Hikmət Hacıyev Paşinyanı Səddam Hüseynlə müqayisə etdi

16:21 17-10-2020 60

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması  ilə bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb ki, ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində on üç nəfər ölüb, 53 nəfər xəsarət alıb. 

H.Hacıyev bildirib ki, humanitar atəşkəsin arxasında gizlənən Ermənistan terror və müharibə cinayətləri törədir.  Onun sözlərinə görə, ballistik raketlər Gəncəyə Ermənistan ərazisindən atılıb.

Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan Xarici İşlər Nazirliyi ümidsiz şəkildə bu dəhşətli hərbi cinayətlərə görə dövlətin məsuliyyətini inkar etməyə çalışır. O bildirib ki, ölənlərdən ikisi uşaqdır: “Axtarış-xilasetmə işləri davam etdirilir. Ermənistan terror və müharibə cinayətlərini davam edir”.

H.Hacıyev digər tvitində isə Ermənistanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib: “Azərbaycan mülki əhalisinə olan qorxaq və xain raket hücumları, o cümlədən Gəncəyə növbəti raket zərbələri, Ermənistanın dövlət səviyyəsində terror və soyqırım aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”.  

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Baş naziri Nikol Paşinyanı İraqın edam edilmiş eks-prezidenti Səddam Hüseynlə müqayisə edib. 

H.Hacıyev bununla bağlı fikirlərini “Twitter” hesabında yazıb: “Nikol Paşinyan tərəfindən Gəncəyə SCUD Balistik Raket hücumu və mülki şəxslərin öldürülməsi Səddam Hüseynin mülki şəxslərə qarşı tətbiq etdiyi eyni taktika və raket sistemidir”, - o bildirib.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri və hərbi attaşelərlə Gəncəyə yollanır.

Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat verib: “Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki şəxslərə qarşı barbar əməllərini görsün. Ermənistan məsuliyyətdən qaça bilməyəcək”, - deyə o bildirib.