Nazir Kəmaləddin Heydərov Gəncə əhalisinə çağırış etdi

16:24 17-10-2020 40

“Axtarışlara kənar qüvvələr cəlb olunmayıb”. milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov düşmənin Gəncəni atəşə tutması ilə bağlı verdiyi açıqlamada deyib.

O bildirib ki, axtarışlarda FHN-nin əməkdaşları və mülki müdafiə qoşunlarının əməkdaşları iştirak edir:

“Xüsusi Riskli Xilasetmə Dəstələri və Gəncə regional mərkəzinin əməkdaşalarıdır. Buraya başqa qüvvələr cəlb olunmayıb. Gecə saatlarında yerli əhali və Nazirliyin yanğından mühafizə idarəsinin əməkdaşları də ərazidə idi. Biz maksimum sürətlə axtarışlar apardıq. Çünki hər saniyə dağıntılar altında qalan insanların sağ çıxarılması şansını artırır”.

Nazir gecə saatlarında axtarışlara mane olan məqamlara toxunub, o deyib ki, əhalinin əraziyə çox gəlməməsi yaxşıdır:  “Dağıntılar altında qalan insanların telefon səsləri, öz çağırışları axtarış zamanı əməkdaşlara kömək edir. Əhali bura toplaşanda səs olur və biz bunları eşitməyə bilirik. Bu baxımdan, xahiş edirik ki, əhali bunu nəzərə alsın və xilasedicilərin işinə mane olmasınlar. Gəncədə heç bir hərbi obyekt yoxdur. Sadəcə olaraq, əhalinin sıx yaşadığı ərazidir”. 

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov düşmənin Gəncəni atəşə tutması ilə bağlı verdiyi açıqlamada bildirib ki, Ermənistan öz vandalizm aktlarını törətməyə davam edir: “Düşmən bu vəhşiliyinə görə layiqli cavabını alır. Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Biz də bu tarixi anlara şahid olacağıq. Düşmən təxribatları nəticəsində həyatını itirən dinc əhaliyə Allahdan rəhmət diləyirik”.

Nazir onu da qeyd edib ki, düşmən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ciddi ziyan vurub: “Lakin biz bu binaları gələcəkdə bərpa edəcəyik. Xalq heç nədən qorxmur və Azərbaycan ordusuna güvənir. Raketlər insanların sıx yaşadığı əraziyə atılıb”. 

O bildirib ki, hücum nəticəsində yaralılar da var: “Düşmənin istifadə etdiyi raket dinc insanları hədəfə almamalı idi. Dağıntılar arasında qalan əhalinin xilasetmə işləri, demək olar ki, yekunlaşmaq üzrədir. Son axtarışlar gedir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsi tərəfində əhaliyə dəyən ziyanın hesablanmasına başanılacaq.

Gəncə də və düşmən hücumuna məruz qalan digər ərazilərimizdə dağıdılan binaların yerinə inşa ediləcək yeni binaların layihələrinin hazırlanmasına başlanılacaq”.

Nazir bildirib ki, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.