Baş infeksionist: “Payızın başlanğıcında müsbət statistika vətəndaşlarımızı arxayınlaşdırdı” - MÜSAHİBƏ

13:51 20-10-2020 85

Azərbaycanda yenidən koronavirusa yoluxmada artım qeydə alınıb.

“Bəli, ölkədə neqativ dinamika var, bu da yoluxmuş insanların sayının artması və onların sağalanlardan üstünlük təşkil etməsi ilə nəticələnir. Ancaq buna baxmayaraq, proses nəzarət altındadır. İstənilən halda operativ qərargah vəziyyətdən asılı olaraq adekvat tədbirlər görəcək. Üstəlik, mənfi dinamikanı aradan qaldırmaq üçün artıq böyük bir təcrübə toplamışıq”, - deyə Azərbaycanın Baş infeksionisti Teyyar Eyvazov Media.Az-a  müsahibəsində bildirib.

Onun sözlərinə görə, yoluxma sayında artım gözlənilirdi:

“Bunun səbəbləri var. Bu gün koronavirus infeksiyasının daha əvvəl qeydə alındığı qonşu ölkələrdə COVİD-19-a yoluxanların sayında artım müşahidə edirik. Məsələ bundadır ki, payızın gəlişi ilə əlaqədar günəş işığının təsiri, havanın istiliyi azalıb. Qeyri-sabit hava səbəbindən insanların açıq havada olma ehtimalı azalır, onlar əsasən qapalı, havalandırılmamış otaqlarda təmasda olurlar. Bundan əlavə, insanlar paltar seçməkdə çətinlik çəkirlər - çox isti geyinib tərləyirlər və ya əksinə, nazik geyinib üşüyürlər. Soyuq havalarda isə yuxarı tənəffüs yollarının infeksiyaya qarşı müqaviməti zəifləyir”.

Onun sözlərinə görə, koronavirus infeksiyasının artımı tənzimlənə bilər və əhalinin davranışı ilə sıx əlaqəlidir:

“Yəni, hər şey bizdən asılıdır. Qoruyucu maskalar taxmaq, təmasları azaltmaq, sosial məsafəni qorumaq və gigiyena qaydalarına əməl etmək lazımdır. Təəssüf ki, son vaxtlar bu qaydalara düzgün əməl olunmur.

Düşünürəm ki, payızın başlanğıcında müsbət statistika vətəndaşlarımızı arxayınlaşdırdı. Maska taxanların sayı kəskin azaldı, bəzi insanlar ictimai nəqliyyata daxil olarkən sosial məsafəni qorumadı. Buna görə maarifləndirici fəaliyyətlərin aparılmasına, karantin rejiminin tələblərinə riayət olunmasına nəzarəti gücləndirməyə ehtiyac var”.

“Fürsətdən istifadə edərək həmvətənlərimə müraciət etmək istəyirəm. Qaydalara riayət edərək, yoluxanların sayında azalmaya nail ola bilərik ki, bu da dövlətimizin bütün səylərini Qarabağ cəbhəsinə yönəltməsinə imkan verəcək. Özünüzü pis hiss etsəniz, dərhal həkimə müraciət edin. Gəlin koronavirusu unutmadan müharibə şəraitində ordumuza dəstək olaq”, - deyə o yekunlaşdırıb.