Hamı bir nəfərdir bu gün...

20:19 28-10-2020 105

Sayımız milyonlarla olsa da...

 Qarabağı qaytarmaq uğrunda savaşın getdiyi bu günlərdə, mövcud gündəmdə hamımız eyni məqsədin ayrı-ayrı fərdləriyik. Bu gün hazırkı situasiyadan doğrusu, kimsə kənarda qalmaq istəmir. Hərbçilərimiz, ordumuz ön cəbhədə savaşırkən, uşağından tutmuş böyüyünədək, hamı özünü onların yanında, qaynar nöqtələrdə hiss etmiş kimi, nələrsə etmək istəyir. Bu, ön cəbhədəkilərin arxayınlığı, arxada qalanlardan narahat qalmaması kimi görünsə də, əslində, bu gün hamı bir əsgər misallıdır. Arxa cəbhənin əsgərləri ...

Bu “əsgərlər” ən ibtidai anlamda üçrəngli bayrağa qürurdan onu eyvanlarından asmağında, bu tendensiya getdikcə artmağındadır. Tikişlə məşğul olanlar “Qarabağ Azərbaycandır”, “Bir millət, iki dövlət” və s. yazılar həkk edilmiş geyim məhsulları istehsal etməkdə, yaşlılar cavanlara Qarabağla, işğal edilmiş bölgələrimizlə bağlı xoş xatirələr danışmağında, uşaqlar özünü gələcəyin keşikçi əsgəri kimi görməyindədir...

Bu sayı, sıranı artırmaq da olar. Və bu məqamda, nə vaxtsa müharibə olacağı təqdirdə hamımızın eyni məqsəd və məramla birləşməyəcəyi xofunun, həyəcanının da aradan qaldırılmasını mütləq qeyd etməliyik. Çünki, qələbənin qazanılmasında hərbi güclə yanaşı, küll şəklində ona yekdilliklə, birliklə köklənmək də əvəzsiz rola malikdir. O zaman, hərbi, mənəvi gücün birliyi elə qələbə adlı sehrli açarın Qarabağın bağlı qapılarına düşməsinə birbaşa səbəbdir.

Səbəblərdən danışarkən, 80-90-cı illərin acılarından, işğal olunmuş torpaqlarımızın bu qəmli tarixinin nədən başlandığından bəhs etmək istəməzdik. Ən azından, o, böyük həcmli araşdırmaların, az qala, ayrıca bir tarixi külliyyatların mövzusudur. Ki, onunla bağlı hər növ materiallar da yazıçılarımızı, yazarlarımızı, tarixçilərimizi, etnoqraflarımızı, bir sözlə, hər sahənin mütəxəssislərini gözləyir. Bugünə qədər yazılanlar dünənin məhsuluydusa, indən belə yazılanlar gələcəyə ötürülən ən vacib, qiymətli məxəzdir ki, onun da səhifələri bir payız - bu payız günlərindən açılmaqdadır...

Həmin payız günlərindən başlayaraq otuzillik bir işğala yavaş-yavaş son qoyulur. Biz Qarabağı - həqiqi tarixindən on illərlə iraq düşmüş bir torpağı öz səhifəsinə qaytarmaqdayıq. Bu sırada, qeyd etdiyim kimi, hər birimizin rolu var. İnformasiya cəbhəsinin bir əsgəri kimi, yazdığımız yazılarla, hər gün yenilənən xəbərlərlə, məlumatlarla o qələbəyə öz töhfəmizi veririk. Həm arxada - koronaviruslu gündəmi nəzarətdə saxlamaqla, həm də ön cəbhədə - təhlükə baxımından virusdan geri qalmayan, qoca-uşaq, qadın demədən hamını hədəfə alan, günahsız mülki əhalini öldürən, yaralayan erməni terrorçularının bədnam əməllərini açıb-göstərməklə...

Bəli, bu gün çox çətin bir gündəm yaşamaqdayıq. İşğal altında və ondan çox kənarda olan ərazilərimizdə, bölgələrimizdə hədəfə alınan dinc sakinlər, səngərdə, döyüş nöqtələrində deyil, öz evinin içində, həyətində, təsərrüfat sahələrində həlak olan insanlar var bu gündəmdə. Dünyanın bütün savaşlarında, müharibələrdə ən bağışlanılmayanıdır dinc əhalinin qurban seçilməsi, güllələnməsi, həyatını itirməsi. İşğal tarixinin ən adi döyüş səhnələrində belə, heç bir yerdə görünməyən, hər hansı bir xalqın, millətin təcrübəsində misli-bərabəri olmayan qurbangetmələrin, qurbanvermələrin şahidi olduq və oluruq. Yeganə təsəlli də sonu sevinclə, qələbəylə bitəcək bir günün həsrətidir.

...Kimsəsiz məkanlar, daşı-daş üstə qalmayan viranə evlər, öz torpağımızda qərib bir mənzərə gözləyir bizi. Belə bir mənzərəylə rastlaşacağımız da gözlənilən idi, təbii. Çünki düşmən dövlət özünün olmayan bir torpaqda, müvəqqəti saydığı ərazilərimizdə heç nə qurub-yarada, tikib ucalda bilməzdi. Hər halda, bunu dəqiq hesablaya biliblər, burnundan uzağı görməyənlər, ağıl sarıdan problemlilər. Ona görə də müvəqqəti sahib olduqları, yiyələndikləri torpağımızda yalnız adlarına uyğun bacardıqlarını, dağıdıcılığı həyata keçiriblər. Cəhd etsəydilər belə, bizim olan torpaq onların səpdiyi bir toxumu da cücərtməzdi. Bərəkət, əsrlərin sınağından keçən bir hikmətə görə, halal olanda artar, çoxalar, zatən...

....Haqq işimiz olan müharibədən xeyli əvvəl, işğal altındakı ərazilərimizdən çəkilən görüntülərə, videolara baxan bir uşaq soruşmuşdu ki, nədən o evlərin hamısı uçuq, bağçaları, bostanları viranə, kol-kos basmış vəziyyətdədir? Bu sualın cavabı bəlkə də patriotcasına verilə bilərdi.

Misal üçün, “o yerlər öz sahibini gözləyir”, “torpağımız işğalçı ermənilərdən azad olandan sonra” kimi... Lakin bu arqumentlər qarşı tərəfdən əks-arqument gələnədək işə yaraya bilərdi - “Bəs torpaqlarımızı niyə azad etmirik” kimi, növbəti sual verilənədək...

Çox öncələrdə qalan həmin sualın cavabı bu gün yekdilliklə verilir. Söylədiyim kimi, hazırkı mücadilədə, savaşda hamı, hər kəs öz töhfəsini verməyə çalışır. Və on milyonluq əhali, iki əlin on barmağı kimidir bu gün.

Həmin əllərin tutduğu silah səngərdə, döyüş meydanlarında azğın düşmənə qarşı tuşlanıb. O düşmənə ki, gecə-gündüz, səngər-döyüş, mülki-dinc əhali bilmədən hamını hədəfə alıb.

Çətinliklərə baxmayaraq, arxa cəbhədə evlərini tərk etməyənlərin göylərə, hamını görən və eşidən Tanrıya açdığı əllərində, zikr edən dillərindədir milyon-milyon dua...

Hamı bir nəfər olub bu gün, sayımız zatən, milyonlar olsa da...

Bəli, “hər dildə bir dua var” deyiminin öz mənasından fərqli, hər dildə yalnız bir duanın olduğu zamandır bu gün.

 Nigar Orucova