Şərqşünas-alim: “Şuşasız  heç bir sülh ola bilməz”

 

20:46 28-10-2020 110

 “Şuşasız Qarabağ ola bilməz. Şuşa Qarabağın zümrüd tacıdır. Şuşasız heç sülh də ola bilməz. Ali Baş Komandan da dedi ki, Şuşasız bizim işimiz yarımçıq qalardı. Qarabağı onsuz necə təsəvvür etmək olar? Biz Şuşaya gedib çıxmayana, Qarabağı tam azad etməyənə qədər başladığımız işi yarımçıq qoya bilmərik”.

 Şərqşünas-alim Nəriman Qasımoğlunun müsahibəsini təqdim edirik.

- Nəriman bəy, Qubadlı işğaldan azad edildi. Əsliniz Qubadlıdandır, daha doğrusu, hörmətli şairimiz, atanız Qasım Qasımzadə Qubadlıda doğulub. Ata yurdunuzun işğaldan azad olunması sizə hansı duyğuları yaşadır?

- Qubadlının Xocamsaq adlanan bir kəndi var, onun əsasını Qasım Qasımzadənin ulu babalarından biri Xoca İsaq qoyub. O əraziyə Türkiyədən gəlib məskən salıblar. Səhv etmirəmsə, Amasiyadan gəliblər. Orada məskunlaşıblar, sonradan kəndə çevrilib. Yəni o kəndin əsası İsaq Xocadan başlayır, bu da XVIII əsrin ortalarına gedib çıxır. Qasım müəllim Qubadlıya bağlılığı bununla əlaqədardır. İsaq Xocanın nəslindən olanların bir qismi Cəbrayılın İsaqlı kəndindəndir. O kəndlə də qohumluq əlaqələrimiz var.

Əlbəttə, Qubadlı kimi Azərbaycanın hər bir qarış torpağı bizim üçün əzizdir. Digər torpaqlarımızın azad edilməsinə sevindiyimiz kimi, Qubadlı xəbəri də bizi eyni dərəcədə sevindirdi. Necə deyim, qarışıq duyğularla qol-boyun oldum. Duyğularıma nəzarət edirəm, tam sevinməyi Şuşa azad olunan günə saxlamışam. Şuşanın azad olunmasını gözləyirəm. Hamımızın gözü aydın olsun. Amma bu aydınlıq sonuncu qara zərrəni də məhv etsin, Azərbaycan – bütün Qarabağımız işığa bürünsün. Başda Şuşa olmaqla...

Qasım Qasımzadənin bir şeiri var – Şuşa Qarabağın zümrüd tacıdır. Qarabağla bağlı “zümrüd tac” ifadəsi ilk dəfə onun şeirində səslənib, sonradan xalq dilinə düşüb – müəllifi unudulsa belə... Yəni o son günü gözləyirəm. Qoy, Azərbaycan Ordusu Qarabağda müzəffər yürüşlərinin son akkordunu vursun, daha böyük bayram sevinci yaşaya bilək. Hər gün bu sevinci yaşayırıq. Bizə bu sevinci yaşadan ordumuz hər birimizi fərəhləndirir. Gözlərimiz yoldadır. Ümidimiz əsgərimizə, Ali Baş Komandana, xalqımızın vətənpərvərlik ruhunadır ki, bu mübarizə qələbə ilə nəticələnəcək.

- Hərbi əməliyyatların Şuşanın azad edilməsinədək davam edəcəyinə inanırsınızmı?

- Bunu gözləyirəm, Şuşasız mümkün deyil. Şuşasız Qarabağ ola bilməz. Şuşa Qarabağın zümrüd tacıdır. Şuşasız heç sülh də ola bilməz. Ali Baş Komandan da dedi ki, Şuşasız bizim işimiz yarımçıq qalardı. Qarabağı onsuz necə təsəvvür etmək olar? Biz Şuşaya gedib çıxmayana, Qarabağı tam azad etməyənə qədər başladığımız işi yarımçıq qoya bilmərik. Gözləntim budur ki, biz Şuşaya da daxil olacağıq.

- Hadisələrin bu yerə gəlib çıxacağını gözləyirdinizmi?

- Sözün açığı, bu tezlikdə olacağını düşünmürdüm. Əlbəttə, siyasi reallıqların dəyişdiyini müşahidə edirdik, gözləntilərimiz, ümidlərimiz də buna uyğun artırdı. Amma bu tezliklə baş verəcyini gözləmirdim. Bizim üçün gözlənilməz oldu, yuxu kimi gəlir. Sevincimizə sevinc qatan da budur ki, hadisə gözləmədiyimiz halda baş verir. Sanki millətimiz yenidən özünü dərk etməyə başlayır. Məzmun etibarilə millətin özünüdərk prosesi bir qədər də yenilənir. Natamamlıq kompleksi yaşayırdıq, birinci müharibədə döyüşüb hansısa mərhələdə uduzduq. Biz müharibəni uduzmamışıq. Müharibəni davam etdirib qazansaq, Azərbaycan kimliyi daha zəngin bir məzmun qazanacaq.

- Sizcə, baş verənləri zəruri edən amil təkcə işğalın uzanması idi, yoxsa əlverişli geosiyasi şərtlərin yetişməsi?

- Hər ikisi bir yerdədir. Ölkəmizin bu dövr ərzində güclənməsi, Azərbaycan ictimaiyyətinin barışmaz mövqeyi, üstəgəl, geosiyasi situasiyada baş verən dəyişikliklər bu zərurəti ortaya çıxardı. Dünyada gedən informasiya savaşında ancaq erməni təbliğatının səsi eşidilirdi.

Azərbaycan 15-20 ildir bu informasiya savaşında iştirak edir, artıq dünya yeni səs eşitməyə başlayıb. Mən Amerikada olanda da gördüm, oradakı diasporumuz çalışır. Son on ildə amerikalıların heç vaxt eşitmədiyi sözləri deməyə başlayıblar. Bunun özü ümidverici proses idi. Özüm də bu informasiya davasının iştirakçısı olmuşam.

Amma sentyabrın 27-dən başlayan əməliyyatların belə tezliklə baş verəcəyini gözləmirdim. Ermənilərin xain hücumlarının olacağını gözləyirdim, bilirdim ki, bunların qarşısı alınacaq. Amma bundan əvvəl düşmənə verilən cavablar heç vaxt Şuşaya olan ümidlərimi belə artırmamışdı.

- Qərbin mövqeyi bəllidir. Bəs Şərq ölkələrinin və ya müsəlman dünyasının baş verənlərə münasibəti adekvatdırmı?

- Onların Qarabağ münaqişəsinin ədalətli həlli üçün hüquqi bazanın yaradılmasında müəyyən rolu var. Məlumdur ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər yekdilliklə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına səs veriblər. Bunun diplomatik sahədə bizə köməyi dəyir. Elə bu günlərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına uyğun olmayan sənədin qəbul olunması baş tutmadı. Çünki Qoşulmama Hərəkatına üzv olan dövlətlərin burada Azərbaycana verdiyi dəstək öz rolunu oynadı.

Əslində Azərbaycana qarşı olan böyük güclərin diplomatik səyləri uğursuzluqla nəticələndi. Nəyin hesabına? Azərbaycana verilən dəstəyin hesabına...

Bu, uzun illər aparılan diplomatik fəaliyyətin nəticələrindən biridir ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın lehinə səs verdilər. Azərbaycanın lehinə olan istinadlar ora salınmasa da, əleyhimizə olan o sənəd də keçmədi.

Müsəlman ölkələrinə gəldikdə, məsələn, Suriyanın ermənipərəst mövqeyi bəllidir. Türkiyəyə qarşı olan münasibətinə görə belə bir mövqe sərgiləyir. Digərlərində isə Azərbaycan əleyhinə olan məqamlar üzdə deyil, əksinə, dəstək var. Bəziləri də neytral mövqedə dayanır. Əlbəttə, istəyərdik ki, aktiv dəstəklər olsun.

Hər halda birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyü dəstəyini açıq ifadə etməyən ölkələr tərəfindən də tanınır. Bu, Azərbaycan üçün kifayətdir ki, yaranmış vəziyyətdə hüquqi bazaya söykənərək, öz torpaqlarını azad edə bilsin.

- Savaş başa çatdıqdan, yəni işğaldakı bütün ərazilər azad edildikdən sonra, sizcə, ermənilərlə birgə yaşayış mümkün olacaqmı?

- Niyə də olmasın? Əgər onlara adi mədəni muxtariyyət veriləcəksə, olsun. Amma siyasi muxtariyyət mümkün deyil axı. Çünki bu status erməni millətçilərinin siyasi gündəliyində öz maraqları naminə istifadə etmək üçün potensial daşıya bilər. Azərbaycanda ermənilərdən də başqa, çox sayda etnik azlıqlar var. Təhlükəsizlik şəraitində yaşaya bilərlər. Müəyyən bir müddətdən sonra öyrəşərlər, Azərbaycanın suverenliyi daxilində birgə yaşamaq mümkün olar. Amma heç bir halda onların istədiyi muxtariyyətdən söhbət gedə bilməz.

Ermənilər bir dəfə Azərbaycan ərazilərində öz müqəddəratlarını təyin ediblər, bu, ikinci dəfə mümkün deyil. Başqa bir dövlətin ərazisində ermənilərə niyə muxtariyyət verilməlidir? Ermənilər dünyanın başqa ölkələrində də yaşayırlar, heç bir ölkədə də onlara muxtariyyət verilməyib. Bu, sovetlərin siyasəti idi, nəticələrinin də nə olduğunu gördük.

 Mənsur Rəğbətoğlu