Ermənistana qarşı ciddi  tədbir görülməlidir

20:48 28-10-2020 120

Ermənistan ərazisindəki atəş nöqtələrini susdurmaq lazımdır

 Müharibədə Azərbaycanın şanlı Ordusunun qarşısında duruş gətirə biməyən Ermənistan terroristləri hərbi döyüşdəki məğlubiyyətlərinin heyfini şəhərlərdə və kəndlərdə yaşayan dinc insanlara hücum etməklə çıxırlar. Günahsız insanları şəhid etməklə Azərbaycan Ordusunun hücumlarının qarşısını alacağını düşünən Ermənistan faşistləri, eyni zamanda, bu vəhşiliklə Azərbaycan əhalisində qorxu yaratmağa çalışırlar. Azərbaycanın bütün yaşayış məskənlərini hədəfə alan Ermənistan Rusiyanın təşəbbüsü ilə iki dəfə, yəni 9 və 17 oktyabrda Moskvada üç ölkənin XİN rəhbərlərinin iştirakı ilə humanitar atəşkəs barədə razılaşsa da, elə həmin gecələrdə humanitar razılaşmanı pozaraq, ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutdu və nəticədə 14 nəfər insan şəhid oldu, 75-dən çox insan yaralı halda xəstəxanaya yerləşdirildi.

Görülmüş bütün tədbirlərə rəğmən Ermənistanın Azərbaycanın mülki yaşayış məskənlərini artilleriya və raket atəşinə tutması davam edir, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya isə susur və tərəflərə atəşkəsə əməl etmək barədə çağırış etməkdən uzağa getmirlər.

Azərbaycanın dinc vətəndaşlarına qarşı ağır cinayətlər törədən Ermənistanı himayə edən dövlətlər, xüsusən Fransa və Rusiya baş verən qanlı hadisələrə və günahsız insanlarımızın şəhid edilməsinə görə məsuliyyət daşıyır. Çünki Rusiya ilk növbədə müftə silah-sursatı və Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci ordusunun gücündən istifadə olunmasına imkan verməsə, Ermənistan faşistləri günahsız insanları şəhid edə bilməzlər.

Beynəlxalq hüquqa və Çenevrə Konvensiyasına görə mülki vətəndaşların yaşadığı yaşayış məskənlərinə atəş açmaq çox ağır müharibə cinayətidir. Göründüyü kimi, Ermənistanın faşist hərbi-siyasi rəhbərliyi  beynəlxalq hüquqa və təşkilatlara məhəl qoymadan ən ağır cinayət törətməkdən çəkinmir.

Erməni faşistlərinin srağagün Bərdənin Qaraqoyunlu kəndini, dünən isə Bərdə şəhərini istifadəsi qadağan olunmuş raketlərlə atəşə tutmuş, birinci halda 15, ikinci halda isə 21 insan şəhid olmuş, xeyli insan yaralandığı görə xəstəxanaya yerləşdirilib! Ermənistanın belə çoxsaylı insan təlafatı ilə nəticələnən qanlı cinayətlərə əl atmasının əsas səbəbi isə, heç şübhəsiz, Azərbaycan Ordusunun döyüş meydanında Ermənistan terroristlərinə sarsıdıcı zərbə vurması və bunun üçün Rusiyadan hərbi-siyasi dəstək almasıdır.

Düşünürəm ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutması ilə bağlı müharibədə yaranmış çətin vəziyyətdən yeganə çıxış yolu yalnız Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Rusiyanın müharibəyə qoşulacağından çəkinmədən, Ermənistan ərazisində yerləşən atəş nöqtələrini məhv etməkdir! Əgər Ermənistan ərazisində yerləşən raket atəşinin mənbələri ordumuz tərəfindən məhv edilməsə, Ermənistan Azərbaycanın şəhər və kəndlərini fasiləsiz raket atəşinə tutmağa davam edəcək və müharibədə əldə olunmuş müsbət nəticələrin əhalidə yaratdığı yüksək əhavl-ruhiyyəni korlamağa çalışacaq.

Ermənistan Azərbaycanın yaşayış məskənlərini raket atəşinə ona görə tutur ki, Azərbaycan Ordusunu Qarabağdakı zəfər yürüşünü dayandırmağa məcbur etsin, beləliklə, həm xalqımızı ruhdan salsın və Azərbaycanı Ermənistan ərazisində yerləşən atəş nöqtələrini susdurmağa cəlb etsin. Azərbaycan Ermənistanın Rusiya kartını əlindən almaq üçün, məhz Ermənistanda yerləşən raket atəş nöqtələrini vurmalıdır! Əgər bundan sonra Rusiya müharibəyə üçüncü ölkə kimi qoşulmaq fikrinə düşərsə, o zaman qardaş Türkiyə ilə qarşılaşmalı olacaq! İkinci, Rusiya müharibəyə müttəfiq kimi o zaman qoşula bilər ki, Azərbaycan ordusu Ermənistan ərazisinə hücum etsin! Yəni beynəlxalq hüququn Azərbaycana verdiyi imkandan istifadə edilməlidir!

 Mahir Abbaszadə