Bayden və “Tekumse lənəti”…-ANALİZ

15:50 30-11-2020 261

Qarşıdakı 4 ildə ABŞ-da və dünyada bütün nəzərlər Kamala Harrisə yönələcək

 

Yenixeber.org: ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden evində köpəyi ilə oynayarkən yıxılıb və ayaq pəncəsi iki yerdən çatlayıb.

Bayden hazırda 78 yaşındadır və and içərək vəzifəsinin icrasına başlayacağı 2021-ci ildə 79 yaşı tamam olacaq. Bu səbəblə istər-istəməz onun 4 illik səlahiyyət müddətinin sonuna qədər həyatda qalıb-qalmayacağı ilə bağlı şübhələr yaranır. Üstəlik, “Tekumse lənəti” deyilən bir əfsanə də var ki, buna əsasən sonu 0 (sıfır) rəqəmi ilə bitən və 20-yə bölünən ildə seçilmiş ABŞ prezidenti öz səlahiyyət müddətində ya ölür, ya da öldürülür. Bayden də məhz belə bir ildə – 2020-ci ildə seçildi.

                                     “Tekumse lənəti” haradan qaynaqlanır?

 

                          Tekumse (solda) və Harrison (sağda)

Əfsanəyə görə, Tekumse adlı hindu qəbilə başçısı bu lənəti aborigenlərlə müqavilənin amerikalılar tərəfindən pozulmasına görə səsləndirib. Tekumse (1768-1813) şauni adlanan aborigen xalqın lideri olub və XIX əsrin əvvəllərində bir neçə qəbilənin ittifaqını – Tekumse Konfederasiyasını yaradaraq mərkəzi hökumətə qarşı mübarizə aparıb. 1812-ci ildə başlayan Britaniya-ABŞ savaşında ingilislərin tərəfində vuruşub və Detroyt şəhərini ələ keçirdiyinə görə Britaniya ordusunun briqada generalı rütbəsinə yüksəldilib. 1813-cü ilin oktyabrında Uilyam Harrisonun komandanlıq etdiyi ABŞ ordusu ingilis və hinduların birləşmiş qüvvələrini məğlub edib və ingilislərin geri çəkilməsindən sonra əsas zərbəni üzərinə götürən Tekumse həmin döyüşdə öldürülüb. (Hazırda Miçiqan ştatında Tekumse adlı kiçik şəhər var.)

Lənətin məhz U.Harrisonun prezidentliyi ilə başladığı güman olunur. Harrison 1840-cı ildə prezident seçilib və 1841-ci il martın 4-də keçirilən andiçmə mərasimində soyuq havada papaqsız və paltosuz 2 saat – ABŞ tarixinin ən uzun inauqurasiya nitqini söylədikdən 1 ay sonra ölüb. Tekumse lənətinə məruz qaldığı güman olunan digər prezidentlər aşağıdakılardır:

– Avraam Linkoln (1860-cı və 1864-cü ildə prezident seçilib, 1865-ci ildə öldürülüb);

– Ceyms Qarfild (1880-ci ildə seçilib və 1881-ci ildə öldürülüb);

– Uilyam Mak-Kinli (1900-cu ildə seçilib və 1901-ci ildə öldürülüb);

– Uorren Hardinq (1920-ci ildə seçilib və 1923-cü ildə vəfat edib);

– Franklin Ruzvelt (1940-cı və 1944-cü illərdə seçilib, 1945-ci ildə vəfat edib);

– Con Kennedi (1960-cı ildə seçilib və 1963-cü ildə öldürülüb).

Əfsanəyə əsasən lənət yeddi nəsil prezidentləri əhatə edir, bu hesabla Kennedi sonuncu idi. Lakin 1980-сi ildə seçilən 40-cı prezident Ronald Reyqanın andiçmədən 2 ay sonra sui-qəsdə məruz qalması və 2000-ci ildə seçilən kiçik Corc Buşa 5 il sonra Gürcüstana səfəri zamanı Tiflis meydanında qumbara atılması (Vladimir Arutunyan adlı şəxs tərəfindən) lənətin davam etdiyi iddialarına yol açıb. (Hər iki prezident öz səlahiyyət müddətini sağ-salamat tamamlayıb.) Bu baxımdan Bayden üçün də belə bir təhlükə olduğu ağıla gəlir.

                                      Con Tayler – ilklərin adamı

 

Prezidentlər vəfat edəndə, öldürüləndə, impiçment ediləndə, istefa verəndə vitse-prezident növbəti prezident olur. ABŞ-da indiyədək 14 vitse-prezident sonradan prezident olub, onlardan 9-u vitse-prezident vəzifəsində çalışarkən prezident kreslosunda əyləşib. Vitse-prezident işləyərkən prezident olan ilk siyasətçi Con Taylerdir. Bu şəxsin maraqlı həyat yolu var. Harrisonun vitse-prezidenti olan Tayler 4 mart, 1841-ci il tarixindəki andiçmədən sonra öz şəhərinə (Uilyamsburq şəhəri, Virciniya ştatı) qayıdır, çünki o vaxt vitse-prezidentlər hər hansı konkret işlə məşğul olmurdular. 5 aprel səhəri onu oyadırlar ki, Harrison ölüb, prezident sənsən. Ertəsi gün paytaxta çatan Tayler and içərək 10-cu prezident kimi fəaliyyətə başlayır. Konqresdə təkliflər səslənir ki, Taylerə prezident ranqından aşağı titul (səlahiyyətlərin icraçısı, fəaliyyətdə olan prezident və s.) verilsin, çünki Konstitusiyada bu barədə konkretlik yox idi. Lakin hüquqşünas olan C.Tayler Konstitusiyanı başqa cür tövsif edir və tamhüquqlu prezident olduğunu bəyan edərək presedent yaradır. (Anqlo-sakson hüquq sistemində ənənələr və presedentlərin xüsusi yeri var.) Bu presedent 125 il davam edir və daha 7 vitse-prezident tamhüquqlu prezident kimi tarixə keçir. Hüquqi vakuum 1967-ci ildə qəbul olunan 25-cü düzəlişlə aradan qaldırılır. C.Tayler prezidentlikdən sonra – vətəndaş müharibəsinin qızğın çağı olan 1962-ci ildə vəfat edir. O, başqa dövlətin (Konfederativ Ştatlar) təşkilatçılığı və bayrağı ilə dəfn olunan yeganə ABŞ prezidenti kimi tarixə düşür. Taylerin adı ilə bağlı digər ilklər onun vəzifə başında ailə quran ilk ABŞ prezidenti və ən çoxuşaqlı (15) prezident olması faktlarıdır.

Prezident olan vitse-prezidentlərdən xalq tərəfindən seçilməmiş yeganə siyasətçi Cerald Forddur. Riçard Niksonun prezidentliyi dövründə – 1973-cü ildə vitse-prezident Spiro Aqnyu maliyyə maxinasiyaları ittihamı ilə əlaqədar istefaya gedir. Konqres Niksonun istəyi ilə bu vəzifəyə Fordu seçir. Niksonun istefasından sonra isə Cerald Ford prezident olur.

                                     Məhdud səlahiyyətli vacib institut

Yuxarıda qeyd etdiyimiz kimi, uzun müddət vitse-prezidentlərin ABŞ sistemində ciddi rolu və çəkisi olmayıb. Bəzi prezidentlər vitselərini ümumiyyətlə, dövlət işlərinə yaxın buraxmayıb. Məsələn, 1945-ci ildə F.Ruzvelt vəfat etdikdən sonra onun yerinə keçən vitse-prezident Harri Trumen ölkəsinin atom bombası yaratmağa çox yaxınlaşdığını təəccüblə öyrənir.

 

33-cü dərəcəli mason ustadı və ABŞ-ın 33-cü prezidenti H. Trumen nüvə silahını tətbiq edən yeganə lider kimi tarixə düşür…

Vitse-prezidentlərin xeyli müddət iqamətgahı da olmur. Bu vəzifəyə seçilən şəxslər Vaşinqtonda ya ev alır, ya da kirayədə qalırdılar. 1974-cü ildə Konqres Hərbi Dəniz Rəsədxanasının ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinin komandanına məxsus iqamətgahı dövlətin 2-ci şəxsinin və onun ailəsinin istifadəsinə vermək barədə qərar qəbul edir. С.Fordun dövründə vitse-prezident olan Nelson Rokfeller (məşhur Con Rokfellerin nəvəsi) bu dövlət binasını öz puluna yüksək səviyyədə təmir edir, amma özü orada yaşamır, çünki paytaxtda şəxsi evi var idi.

ABŞ Konstitusiyasına görə, bir tərəfdən vitse-prezidentlərin geniş və konkret səlahiyyətləri yoxdur, amma digər tərəfdən, bu institut həm icra, həm də qanunvericilik sahəsində səlahiyyətə malik unikal institutdur. Prezidentin hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədiyi halda vitse-prezidentin bu vəzifəni üzərinə götürməsi ilə yanaşı, o, həm də Senatın sədri sayılır. Vitse-prezident Senatın iclaslarını idarə edə bilər. 100 üzvdən ibarət Senatda səslər bərabər (50-50) bölündükdə vitse-prezidentin səsi qərar qəbulu üçün həlledici olur. Hazırda Senatda demokratlar və respublikaçılar arasında bərabərlik var: 49-49. Amma Corciyanın 2 yeri boşdur və 2021-ci ilin yanvarında burada seçki keçiriləcək. Corciya qırmızı (republikaçı) ştat sayılır, amma son prezident seçkilərində demokrat Bayden burada qalib gəldi. Demokratların Nümayəndələr Palatasından sonra Senatı da nəzarətə götürməsi üçün Corciya seçkilərinin 1-1 nəticələnməsi kifayət edəcək. Bu halda vitse-prezident Kamala Harris Senatda demokratlara çoxluq qazandıracaq.

Qarşıdakı 4 ildə ABŞ-da və dünyada bütün nəzərlər Harrisə yönələcək. Onun çox aktiv vitse-prezident olacağı gözlənilir. Bayden 4 ilini sağ-salamat tamamlasa belə, növbəti seçkilərdə demokratların prezidentliyə namizədinin Kamala Harris olması ehtimalı yüksəkdir.

 Şahin Cəfərli