"ARIS” MMC BNA-nın tenderində yenə qalib oldu – Bu dəfə 3,5 milyon manat alacaq

20:11 30-11-2020 333

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "ARIS” MMC olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “ARIS” MMC BNA-nın sifarişi əsasında “Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı və onunla əlaqədar mal, iş və xidmətlərin satın alınması”nı həyata keçirəcək. Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “ARİS” MMC-yə 3 milyon 498 min 316 manat 50 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “ARİS” MMC 19.03.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanou, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Qanuni təmsilçisi Haqverdiyev Ruslan Rüstəm oğlu olan “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub.

Bu ilin avqust ayında BNA tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "ARIS” MMC olub. “ARIS” MMC BNA-nın sifarişi əsasında “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirəcək. Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “ARİS” MMC-yə 828 min 360 manat ödəyəcək.

BNA bu ilin fevral ayında “ARİS” MMC ilə 220 min 248,89 manat dəyərində müqavilə imzalayıb. “ARİS” MMC BNA üçün “Personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətləri” göstərəcək.

Bundan başqa mətbuatda yer alan məlumatlardan (təkzib olunmayıb) belə görünür ki, BNA 2019-cu ildə “ARİS” MMC ilə 2 müqavilə imzalayıb. Bildirilir ki, hər iki müqavilə satın alma proseduru keçirilmədən "ARIS" MMC-yə verilib. 1 milyon 201,8 min manat dəyərində olan birinci müqavilə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınmasını və quraşdırılmasını nəzərdə tutur.

İkinci müqavilə çərçivəsində şirkət BNA-yə bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avadanlıqları təqdim edəcək. İkinci müqavilənin dəyəri 1 milyon 595,4 min manat olub.