Mərd və qorxmaz oğul

18:28 13-01-2021 216

Gözümün önündə böyümüşdü o. Elə bil anadan qorxmaz və mərd doğulmuşdu Adəm. Qonşu uşağı idi. Hələ ibtidai siniflərdə onun müəllimi də olmuşam. Olduqca çevik , cəld , mərd və iradəli uşaq idi. Hər bir işdə birinci olmağa çalışardı. Qarabağın azadlığı uğrunda gedən Vətən müharibəsində də Adəm birinci oldu. Cəbhə bölgəsinə göndərilən Adəm İkram oğlu ilk günlərdən özünün təkidi ilə döyüşlərə qatılır. Mən Adəm İkram oğlu Heydərovun bölük komandiri olmuş Mahir Məmmədovla telefon əlaqəsi yaratdım. Mahir müəllim igid döyüşcü Adəm haqqında fərəhlə ağızdolusu danışdı. Onun mərd və qorxmazlığından söhbət açdı. Dedi ki, müəllim, Adəm haqqında nə qədər yazsan azdır.

 Bəli , haqqında yazacağım şəhid Adəm Heydərov 26 mart 2000 – ci ildə Qəbələ bölgəsinin Bum qəsəbəsində zəhmətkeş bir ailədə dünyaya göz açıb . Bum qəsəbə tam orta məktəbini bitirib , 2018 – ci ildə ordu sıralarına çağırılıb . Hərbi xidmətini Daşkəsəndəki “ N “ saylı hərbi hissədə yerinə yetirib . Nümunəvi xidmətinə görə 2 dəfə komandanlıq tərıfindən valideyinlərinə təşəkkür məktubları gəlib . Milli ordu sıralarında xidmət edən atıcı Adəm Heydərov həmişə nümunəvi xidməti ilə seçilib , yaxşı əsgər olub . 2020 – ci ilin sentyabrın 27 – də işğalçı , hiyləgər və mənfur ermənilərə qarşı mübarizəyə qalxan Azərbaycan ordusu ilk günlərdən uğurlar qazanır , erməni faşistlərinə qan uddurur , onları geri otuzdurur . Ali Baş Komandanın əmrinə əsasən qismən səfərbərlik elan olunanda digər mərd Azərbaycan oğulları kimi Adəm Heydərov da döyüşlərə qatılır . O , cəbhəyə çox yüksək əhvali – ruhiyyə ilə yollanır . Üzündəki gülüş , sevinc başqalarını da ruhlandırırdı . Onda sonsuz vətən sevgisi var idi .

Bir neçə gün gedən ağır döyüşlərdə mərdliklə vuruşan Adəm oktyabrın 13 – də , döyüşlərin 17 – ci günü Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur . O , Bumda “ Yel suyu “övliyasında uyuyur . 44 günlük döyüşdə iştirak edən hər bir əsgər istər şəhid , istərsə qazi , istər iştirakçı , hər biri bir əfsanədir , bir tarixdir . Bundan sonra Azərbaycan xalqının hər bir fərdinin üzərinə düşən müqəddəs borc qazilərimizin və şəhidlərimizin qədrini bilmək , onları yad etmək , bu qəhrəmanlıq səlnamələrini gələcək nəslə çatdırmaq və şəhidlərimizin yadigarlarına dövlət qayğısının təmin edilməsindən ibarətdir .

Minlərlə şəhidlərimizdən biri olan Bum qəsəbəsinin mərd oğlu Adəm Heydərovun adı həmişəlik olaraq ürəklərə hopub . O , Bumun 8 şəhidindən biridir . Şəhidlər ölməzdirlər . Onlar əbədiyyətə qovuşurlar . Şəhid eloğlumuzun misilsiz igidliyi möhtərəm prezidentimiz , Ali Baş

Komandan İ . Əliyev tərəfindən qiymətləndirilərək o , “ Vətən uğrunda “ medalı ilə təltif olunmuşdur . Adəmin adını əbədiləşdirmək məqsədi ilə fəalların və gənclərin təşəbbüsü və köməkliyi sayəsində məhəllədə “ Xatirə bulağı “ inşa edilir .

Adəmin dünyaya göz açdığı ailə qəsəbədə əməksevərliyi ilə seçilən bir ailədir . Bu ailənin təməli halal zəhmət üzərində qurulub . Ailədə 3 uşaq dünyaya gəlib . İki oğlan , 1 qız . Adəmin atası İkram Hacıyev Şuşa Kənd Təsərrüfatı texnikumunun məzunudur . Anası Zeynəb Seyfi qızı evdar xanımdır . Şəhidin ata babası İsbəndiyar Hacıyev uzun illər sürücü işləyib . Kolxozun sağ əli olub . Dünyasını dəyişib . 77 yaşlı Tahirə nənə uzun illər kənd kolxozunda tütün əkib becərib. Əməksevər bir insandır . Bu ailə həm də qonşucanlı bir ailədir . 20 yaşlı Adəmin şəhid olması qəlbimizi göynətsə də , bu gün bizi qürurlandırır . Axı şəhidlər heç zaman ölmür , qanları ilə tarix yazırlar . Və deyirəm : Başınızı dik tutun şəhid ata – anaları !

Adəm haqqında ürək sözlərimi qəlbimdən süzülüb gələn aşağıdakı misralarla sonlamaq istəyirəm və şəhidlərə Ulu Tanrıdan rəhmət diləyirəm .

 Ruhun şad olsun

 ( Bumun mərd oğlu , Vətən müharibəsində şəhid olmuş Adəm İkram oğlu Heydərovun nurlu xatirəsinə . )

 

Vətənə canımsan , anamsan dedi ,

Cumdu cəngavərtək düşmən üstünə .

Nə qandan qorxmadı , nə də ölümdən ,

Hər bir işğalçının durdu qəsdinə .

 

Torpağım yağıya qalmasın deyə

Düşmənin başına odlar ələdi ,

Niyə torpağıma soxuldun deyə

Neçə ermənini qana bələdi .

 

Qarışıq yuxular görürdü ana ,

Elə bil qəlbinə nəsə dammışdı .

O həssas ürəyi duymuşdu , oğlu

Şəhid olub ən ucaya qonmuşdu .

 

Başını uca tut , ay Zeynəb ana ,

Axıdıb göz yaşı çəkmə fikir , qəm .

Sənin oğlun kimi gedib döyüşə ,

Vətənin oğlutək qayıtdı Adəm .

 

Gözlərim önündə böyümüşdü o ,

Sevdirdi özünü şirin diliylə .

Gərək məzarını daim yad edək ,

Təzə çiçək ilə , təzə gül ilə .

 

Yerin rahat olsun , ruhun şad olsun ,

Şəfəqlər selində üzsün məzarın !

Zəfər qazanıbdır Şanlı Ordumuz ,

Aldı qisasını cəbhə dostların !

 

Emin Baratoğlu,

AYB – nin və AJB – nin üzvü, “ Qızıl Qələm “media mükafatı

laureatı , Prezident təqaüdçüsü , Qəbələ rayonu , Bum qəsəbəsi .