Nizami Gəncəvi: “İnsan uca

Allahın köləsi deyil, quludur”

 

18:32 13-01-2021 261

SƏRLÖVHƏNİN ŞƏRHİ: Nizami uca Allahın müəyyən etdiyi anlayışdan istifadə edir. O buyurur ki, ey insan, səni ancaq və ancaq uca Allaha qulluq etmək üçün yaratdım. Ondan başqasına itaət haramdır. Niyə? Çünki uca Allaha qulluq insanı azad edir, başqalarına itaət kölələşdirir, məzardakından istəyənin ağlını, qəlbini, vicdan və iradəsini ölü idarə edir.

Uca Allah Ona itaət edənə “kölə” deyil, “qul” deyir. Fərq budur: kölənin seçim haqqı, etiraz imkanı yoxdur, insanı kölələşdirən mütləq və mütləq onun ağıl və iradəsini əlindən alar. Belə ki, ağılı çalışan, seçmə haqqından istifadə edən kölə olmaz, kölələşdirmənin ana şərti ağıl və iradəni öldürməkdir. Ağıl və iradəni öldürən də qorxu, xurafə, zorakılıqdır.

Uca Allah yaratdığı quluna israrla buyurur: ağlından istifadə et, onu çalışdır, ağlından istifadə etməyənin başına pisliklər tökülər, düşün... O, yaratdığı quluna seçim haqqı vermiş, dində məcburiyyət yoxdur, istəyən iman, istəyən küfr etsin, buyurmuşdur. Hər şeyini uca Allaha borclu olan insanın onu yaradana “Allah yoxdur”, “mən Ona inanmıram” demək imkan, iradə və gücü var. İnsanı kölələşdirənlər bu saydığımız haqları ona verərlərmi?

Uca Allah quluna israrla oxu, elm öyrən, araşdır, səbəbləri gör, tənqid et, sorgu-suala çək, Onu ancaq elmi olanlar tanıyar, buyurur. Siz heç köləsinə oxu, elm öyrən, savadlı ol, tənqid et deyən ağa (diktator) gördünüzmü? (söhbət həqiqəti tanıdan elmdən gedir). Köləliyin əsasında cəhalət, qulluğun əsasında elm var, köləliyin əsasında sorğu-sualsız itaət, qulluğun əsasında iradənin haqqını vermək, yəni seçim var. Uca Allahın, ey insan, Allaha qulluğa yönəl (Ona qul ol) əmri elmlə, ağılla, şüurla, azad iradənlə Mənə itaəti seç əmridir, yoxsa Qurani-Kərim “oxu” ilahi əmri ilə başlamazdı. Uca Allaha şüurlu itaətin – qulluğun meyvəsi azadlıqdır, köləlikdən qurtuluşdur, dəyər qazanmaqdır.

Köləliyi deyil, qulluğu seçənlərə salam olsun!

 

ŞEYX NİZAMİ GƏNCƏVİ: “ALLAH İNSANA FİTRƏT VERMİŞDİR. NİZAMİNİN TORPAĞI (FİTRƏTİ, AĞLI, QƏLBİ, VİCDANI, ƏSƏR-LƏRİ) UCA ALLAHIN TÖV-HİD – LA İLAHƏ İLLALLAH (ALLAHDAN BAŞQA İLAH YOXDUR) TOXUMUNUN (İNANCININ) SƏPİLDİYİ ƏKİN YERİDİR. NİZAMİNİN TORPAĞI UCA ALLAHIN TƏKLİYİNİ TƏYİD EDİR”.

 

XAKE NEZAMİ KE BE TƏYİDE UST, MƏZREYE DANEYE TÖVHİDE UST.

ŞƏRHİ (klassik ədəbiyyat şərhsiz oxunmaz, arada uzun zaman, anlayış, dil, üslub, dünyagörüş fərqi var. Klassik ədəbiyyatla bizim aramızdakı məsafəni şərh körpüsü ilə aradan qaldırmaq olar): Fitrət insanı insan edən, onu seçən, üstün qılan nemətdir (yaradılan hər varlığın fitrəti var), ilahi proqramlaşdırmadır, ilahi yazılımdır. Fitrət vermək ancaq və ancaq uca Allaha aiddir, insan fitrət qoya bilməz, ancaq qoyulmuş fitrəti poza bilər. Günahlar fitrəti pozar, ona görə də yasaqlanmışdır. Bütün ibadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyar. İnsan fitri olaraq uca Allaha təslim olmaq ehtiyacı ilə yaradılmışdır, hər insanın inanma ehtiyacı var. Fitrətin inanma ehtiyacının təmini Tövhid inancı ilə mümkündür. Fitrətin sağlam qidası tövhiddir. Uca Allaha inanmayan bir insan mütləq başqa bir varlığa (şeyə) inanır, məsələn, ateist də uca Allahın yoxluğuna inanır, bu da bir inancdır (iman deyil, doğru inanc (tövhid) imandır). İnanmaq mütləqdir dedik, çünki fitridir, fitri olan qaçılmazdır, ehtiyacdır, su, hava, qida, yuxu kimidir, istəmirəm deyə bilməzsiniz. Bu halda, önəmli olan doğruya inanmaqdır. Doğru imanın ölçülərini də uca Allah müəyyən etmişdir. Doğru iman (tövhid) fitrəti qoruyur, yanlış inanc (şirk) fitrəti pozur, insanın ağıl, vicdan, qəlb, iradə enerjisini parçalayır. Tövhid azadlığa, şirk köləliyə yol açır. Fitrəti sağlam olanın əxlaqı da sağlam olur, o insan xeyrə, ədalətə yönəlir, iş burada da bitmir, o, başqalarını da xeyrə yönəldir, onu çoxaldır, sadəcə, özü gözəl olmur, həm də gözəlləşdirir. Fitrəti xəstə olanın əxlaqı da pozulur, o, pisliyə çevrilir, iş burada da bitmir, pisliyi, şəri, zülmü çoxaldır, başqalarını da pisliyə bulaşdırır. Fitrətin pozulması təsəvvürdən başlayır. İnsan uca Allahı doğru tanımayanda fitri olan inanmaq ehtiyacını başqa varlıqlar (şeylər) vasitəsi ilə təmin etməyə çalışır, anlayış dəyişəndə fitrət, fitrət dəyişəndə əxlaq, əxlaq dəyişəndə davranış dəyişir. Fitrəti bərpa etməyin, əslinə qovuşdurmağın yolu, sıralaması belədir: təsəvvürü düzəlt, bu, anlayışların mənasını doğru təsbit etməklə mümkündür, biz anlayışı doğru tanıyanda təsəvvür də doğru olur, doğru məna (həqiqət) təsəvvürü, təsəvvür ağılı, ağıl fitrəti, fitrət əxlaqı, əxlaq davranışı düzəldir. Anlayış dəyişməsə, davranış dəyişməz, anlayış xəstə olsa, davranış da xəstə olar.  Sağlam fitrət insanın uca Allaha mənəvi yaxınlığını təmin edir, çürük fitrət insanı uca Allahdan uzaqlaşdırır. Sağlam olan sağaldır, çürük olan çürüdür. Xəstə maddi qidalar insanın fiziki sağlamlığını, xəstə mənəvi qidalar – xürafələr, yalanlar, iftiralar, uydurmalar da təsəvvürü, ağılı, qəlbi, vicdanı, fitrəti öldürür, yəni onların doğru çalışmaq imkanını sıradan çıxarır, ona görə də ağılın qidası olan elm halal, ağılı öldürən xürafə haramdır. Uca Allahın insanı qoruma qanunu belədir: ey insan, sənə Elçim vasitəsi ilə göndərdiyim sağlam mənəvi ruzilərlə - Qurani-Kərimlə, Tövhidlə, ədalətlə, barışla, mərhəmətlə fitrətini qidalandır ki, Mən də səni qoruyum. İlahi ruzilərdən imtina uca Allahın insanın üzərindəki qoruma sistemini qaldırar, Onun qorumadığını da heç kimsə qoruya bilməz. Fitrətini qoruyan, ona yaxın və sadiq olan uca Allaha yaxın və sadiq olar, Onun qorunmasını qazanar. Fitrətinin əslini (orijinalını) itirən (pozan) uca Allahdan uzaqlaşar, Onu itirər – Onun rəhmət və bərəkətindən uzaq olar, məhrum qalar, dəyərsizləşər...

Elə buna görə də Nizami Gəncəvi bütün əsərlərinin əvvəlində insana uca Allahı tanıtmışdır. O, buna inanmışdır ki, insanın Allah təsəvvürü doğru olsa, ağılı, vicdanı, qəlbi, iradəsi doğru çalışacaq, fitrəti qorunacaq, iki dünyanın xoşbəxti olacaq, insanın Allah təsəvvürü xəstə olsa, o, yer üzünü cəhənnəmə çevirəcək.

Bu yazım düşünən ağlınıza, iman dolu qəlbinizə, mərhəmətlə doymuş vicdanınıza bərəkət olsun!

Amin! 

Siraceddin Haci