Demokratiyanın beşiyi ABŞ-da Trampın səsləri oğurlanıb?!

18:37 13-01-2021 207

Zərdüşt Əlizadə:

"Tramp dörd illik prezidentliyi dönəmində Amerika hakim zümrəsinin yürütdüyü böyük siyasəti kəskin dəyişməyə cəhd etdi və ölkənin siyasi hakim sinfinin riayət etdiyi bütün yazılan və yazılmayan qanunları pozdu"

 

Sülhəddin Əkbər:

"Ayrı-ayrı hallarda pozuntu ola bilər, bununla bağlı şikayətlər olub, araşdırılıb və haqqında qərarlar çıxarılıb, amma seçkinin nəticələri ilə bağlı hər hansı bir şübhənin olduğunu düşünmürəm"

 

Ötən həftə ABŞ Konqresi Demokrat Co Baydenin prezident seçkilərindəki qələbəsini sertifikatlaşdıraraq cümə axşamı öz Konstitusiya borcunu yerinə yetirib. Sertifikatlaşdırılma seçkilərdə məğlub olan prezident Donald Tramp tərəfdarlarının Kapitoli binasına hücum etməsindən bir neçə saat sonra tamamlanıb.

 

Yarımçıq kəsilən və sonradan işini bərpa edən iclası qaydalara uyğun olaraq Vitse- prezident Mayk Pens rəhbərlik edib. O, rəsmi Elektoral Kollegiya səslərinə görə, Baydenin 306, Trampın isə 232 səs aldığını bəyan edib.

Son iki ayda Tramp dəfələrlə və əsassız olaraq özünü qalib elan edərək, tərəfdarlarını nəticələrin aradan qaldırılması istiqamətində mübarizə aparmağa çağırıb. Bu tendensiya onun keçən həftənin çərşənbə günü verdiyi bəyanatlarda da əks olunub.

Konqres Baydenin qələbəsini sertifikatlaşdıran kimi Tramp yanvarın 20-də intizamlı hakimiyyət keçidinə öhdəlik götürüb, lakin əlavə edib ki, seçkinin nəticələri ilə "tamamilə" razılaşmır.

Trampın bəyanatını prezidentin sosial media direktoru Dan Scavino paylaşıb. Həm Facebook, həm də Twitter çərşənbə günü iğtişaşlarla bağlı verdiyi bəyanatlara görə Trampın hesablarını dayandırıb.

Həm bir cəmiyyət olaraq Azərbaycan, həm də dünya ictimaiyyəti üçün maraqlıdır ki, bəyəm dünyanın demokratiya beşiyi sayılan Amerikada seçki saxtakarlığı baş verib - Donald Trampın səsləri oğurlanıb?

Düzdür, çoxları bunu D.Trampın çılğınlığı, öz qələbəsinə həddən- ziyada inanması və reallıqları nəzərə almaması ilə əlaqələndirir, lakin bir tərəfdən də 4 il əvvəl ABŞ prezidenti seçilən bir şəxs bəyan edir ki, ona qarşı haqsızlıq olub, səsləri oğurlanıb.

Məsələ ilə əlaqədar siyasi şərhçi Zərdüşt Əlizadənin fikrini öyrəndik: "Bəli, mən tam əminəm ki, Amerikadakı son prezident seçkisində seçki saxtakarlığı baş verib və D.Trampın səsləri oğurlanıb. Bütün inzibati idarəetmə orqanları Demokratların nəzarətində idi. Bugün Tramp Azərbaycan müxalifətinin günündədir - hökumət deyir seçki şəffaf və ədalətli keçiib, Tramp isə qışqırır ki, haqları tapdalanıb. Tramp dörd illik prezidentliyi dönəmində Amerika hakim zümrəsinin yürütdüyü böyük siyasəti kəskin dəyişməyə cəhd etdi və ölkənin siyasi hakim sinfinin riayət etdiyi bütün yazılan və yazılmayan qanunları pozub. Əlbəttə, Amerikanın böyük maliyyə maqnatlarına və dövlət maşınına söykənən hakim zümrə, belə bir adamın yenidən prezident seçilməsinə yol verməzdi. Onlar Amerika demokratiyasının naqisliklərindən istifadə edərək Trampı bu cür cəzalandırdılar. Amerikada hazırda media və məhkəmələrə nəzarət demokratların əlindədir, həm də hakim zümrənin bu məsələdə bir həmrəylik təşəbbüsü var. Bütün bunlar Trampa qarşı yönəlib. Hərçənd ki, Tramp seçkilərin saxtalaşdırıldığını deyir, amma bunu sübut etmək mümkün deyil. Çünki Amerika məhkəmə sistemi də həmin siyasi sinfin tərkib hissəsidir".

"Tramp hansı qaydaları dəyişmək istədi, hansı qanunlara əməl etmədi?" sualına cavabında Z.Əlizadə bildirdi ki, o, Amerikanı idarə edən maliyyəçilərin hökmranlığına son qoymaq istədi - onlar həm də beynəlxalq maliyyəçiləridir, transmilli korporasiyalardır: "Həmin maliyyəçilər heç bir iqtisadi qanunauyğunluqlarla hesablaşmadan, yalnız öz gəlirlərini artırmağı hədəfləyirdilər. Bu üzdən də maliyyəçilərin gəlirləri ağlasığmaz həddə çatıb. 20-ci əsrin əvvəllərində maliyyə qurumlarının gəlirləri ümumi gəlirlərin 4-5 faizi qədər olurdusa, hazırda həmin gəlirlərin səviyyəsi 40-50 faizə çatıb. Bu baxımdan dünya iqtisadiyyatı "xəstədir" - statistik göstəricilərə görə dünya inkişaf edir, amma bir tərəfdən də sadə vətəndaşların gəlirləri azalır. Əvəzində maliyyə sektorunun iştirakçıları milyarderə çevrilirlər. Tramp bunu dəyişməyə çalışırdı, o, istəyirdi ki, real istehsalla məşğul olan zümrə - sənayeçilər daha çox qazansın, qazanc arxasınca üçüncü dünya ölkələrinə köçən sənaye müəssisələrini Amerikaya qaytarmaq, ölkə iqtisadiyyatını sağlam əsaslarla yenidən qurmaq istəyirdi. Dünyanın amerikalı maliyyə maqnatları onun bu xəttini qəbul etmədilər, Demokrat Partiyasına söykənərək onun yenidən prezident seçilməsini əngəllədilər. Ötən ilin yayında guya qaradərililərin müdafiəsi istiqamətində aparılan saxta kampaniyalar xeyli ixtişaşlara səbəb oldu. "Ağ"ları məcbur edirdilər ki, çöküb "qara"ların ayaqqabılarından öpüb üzr istəsinlər və s. Bu gün yaşayan ağdərililər heç qaradərililərə qarşı Amerikada zorakılıq ediləndə həyatda yox idilər, bu məsələni yenidən qabartmaq nəyə lazım idi? Əlbəttə, bu və buna bənzər digər siyasi fırıldaqlar cəmiyyətdə Trampa qarşı mənfi rəy formalaşdırmaq, ictimai fikri manipulyasiya etmək məqsədi daşıyırdı. Amerikanın rəmzi olan heykəlləri uçurdurdular, hətta, Amerikanı kəşf etmiş Kolumbun 70-ə qədər heykəlini uçurdular, nə üçün? Kolumb gərək Amerikanı kəşf etməyəydi, elə isə çıxın gedin vətəninizə, ağlar Avropaya, qaralar da getsin Afrikaya... Siyasilərin heykəllərlə mübarizəsi, əsil məqsədləri pərdələmək üçün istifadə edilir, bu bir siyasi fənd halına gəlib. Bu gün Amerikada rasizm yenidən dirçəldilib, zəncilər Amerikada artıq əzilən təbəqə deyil, zənci milyarderlər var, konqresmenlər, diplomatlar var, şou-biznesdə onların nümayəndələri kifayət qədərdir və s. Amma indi məsələ qaldırırlar ki, zəncilər vaxtı ilə kölə, qul olublar və buna görə ağlar məsuliyyət daşıyır - necə edək, indi də ağlar kölə, qul olsun? Məsələn, Vaşinqton küçələrindən birində gənc, zəhmətkeş bir qız keçir, bir narkoman zənci ona yaxınlaşır ki, siz mənim qarşımda diz çöküb üzr istəməlisiniz, çünki siz ağsınız, mən isə qara... Bu cür  mənasız və ucuz üsullardan istifadə etməklə Trampın başını yedilər. Süni yaradılan ictimai təzyiq altına Amerika məhkəmələri də geri çəkildi və gözgorəsi saxtakarlığa göz yumdular. Onu da qeyd edim ki, bir siyasətçi kimi mənim Trampdan xoşum gəlmir, mən sadəcə, demokratiya meyarlarını müdafiə edirəm."

Sonda Zərdüşt bəy onu da qeyd etdi ki, koronavirus pandemiyası da Demokratların və Amerika maliyyə maqnatlarının xeyirinə işlədi, ölkə iqtisadiyyatı bütün dünyadakı kimi, qapandı, əhalinin gəlirləri azaldı, cəmiyyət ciddi çətinliklərlə üzləşdi ki, bu da Trampın imicini zədələyərək, xeyli sayda elektorat itkisi yaşadaraq, Co Baydenə üstünlük qazandırdı və saxtakarlığa zəmin yaradan aimllərdən biri oldu.

Məsələyə münasibət bildirən digər siyasi şərhçi, AzDP lideri Sülhəddin Əkbər isə tam fərqli fikirdə olduğunu ortaya qoydu: "Bütün problemlərinə baxmayaraq, Amerika demokratik bir dövlətdir - orada məhkəmə, icra və qanunvericilik hakimiyyəti bir-birindən ayrıdır - müstəqil şəkildə paralel olaraq öz funksiyasını yerinə yetirir, qarşılıqlı balanslaşdırma mexanizmi işləyir. Bundan əlavə, ABŞ 50 ştatdan ibarətdir, həmin ştatlar müəyyən mənada dövlət funksiyasını yerinə yetirir, hər birinin müvafiq qanunverici, icra və məhkəmə hakimiyyətləri var. Orada QHT-lər və media müstəqildir, yəni o qədər nəzarət mexanizmləri var ki, seçkilərdə nəticəyə təsir edəcək hər hansı bir saxtakarlıq olsaydı, mütləq üzə çıxardı və bu, aradan qaldırılardı. Bunun üçün kifayət qədər mexanizmlər mövcuddur. Senatın və Nümayəndələr Palatasının iclasını da vitse-prezident, loru desək, D.Trampın müavini aparırdı. Vitse-prezident də baş verənlərə münasibətini bildirdi və həmin iclasda yeddi senatoru çıxmaqla hamı seçkinin nəticələrinin təsdiqlənməsinin lehinə səs verib. Ayrı-ayrı hallarda pozuntu ola bilər, bununla bağlı şikayətlər olub, araşdırılıb və haqqında qərarlar çıxarılıb, amma seçkinin nəticələri ilə bağlı hər hansı bir şübhənin olduğunu düşünmürəm".

 Akif Nəsirli