Çörək haqqı!

18:38 13-01-2021 225

Onu itirən bir daha tapmaz...

 Tanıdığım bir adam hər gün eyvanında göyərçinləri qonaq edir. Bunu doğrudan da, qonaqlıq adlandırmaq olar, çünki adətinə uyğun, qonaqları necə qarşılayırsa, onlara necə xidmət göstərirsə, göyərçinləri də eləcə qarşılayır və qulluqlarında dayanır...

 Bu, mütəmadi şəkildə hər gün olur və qonşuluqda yaşadığım üçün, məlum prosesin demək olar ki, əyani şahidiyəm.

Həmin adam göyərçinlərə evinə aldığı çörəkdən tutmuş, dən, düyü, yemək qalığı və s. verir. Göyərçinlər də onun adətini bildiyindən, qida səpən kimi eyvana cəm olur, ondan qorxmadan, çəkinmədən gündəlik qidalarını qəbul edirlər. Adam eyvandan qidaları səpib qurtarandan sonra da, doymayan quşlar başlarını qaldırıb eyvana baxır, yuxarıdan gələsi ruzinin davamını gözləyirlər. Adam da öz vəzifəsinimi, öhdəliyinimi deyim, yerinə yetirməkdə məsuliyyət mücəssəməsidir. Bəzən özünə, evdəkilərə aldığı çörəyi də quşlara yedirdir və deyəsən, bu halından çox məmnundur. Üzündəki ifadədən göründüyü kimi, təbiətin o gözəl qumrularına xidmət etdiyindən sevinir və o ərazidə təkcə onun eyvanına qonan quşları yemləməkdən əməlli-başlı qürur duyur...

Əlbəttə, təbiətin, onun bir parçasının qayğısına qalmaq hamını düşündürməli, bir adət, vərdiş, bəlkə də vəzifə halına gəlməlidir. Lakin hamı belə ola bilirmi? Hamı evindəki çörək tikələrini, parçalarını, hətta qurusunu belə, quşlara verməyi ağlına gətirirmi?!

Deməzdim ki, bəli. Çünki illərdir paytaxtın demək olar ki, bütün zibil konteynerlərinin ənənəvi çörək qalıqları qoyulan yeri mövcuddur. Həmin yer, konteynerlərin asılqanları məhz çörək qalıqlarıyla dolu olan sellofan torbaları asmaq vəzifəsi daşıyır. Bunu əhali özü düşünüb-tapıb. Çünki əvvəllər zibil qutularının böyür-başına qoyulan çörək qalıqlarının torbalarını it-pişik dağıdırdı, bərəkət ayaq altında qalırdı və s. Sonradan çörək qalıqlarını tullantı qutularının qulpundan asmaq ideyası sanki insanları bərəkətin ayaqlanması günahından xilas etdi. Nəticədə, bu gün çörək qalıqları, həddindən çox alındığından zay olan bərəkət simvolu elə zibil qablarının tullantılarıyla eyni cərgədə dayanmaq taleyi yaşadı...

Hamı bu məsələnin həllinin məhz belə olduğu düşüncəsindəykən, kimsənin ağlına gəlmədi ki, çörəyi ehtiyacı olduğu qədər alsın, onu tullantıların cərgəsinə aparan yolu elə kəssin ki, başqasının ruzisi də çəkilməsin. Çünki biri gündəlik ehtiyacı olan çörəyi bol-bol alaraq sonunda onu ən azından çölə tullayırsa, başqa bir ailədə isə həmin çörəyi doyunca yemək ehtiyacı yaşayanlar da var. Bu, nə qədər acı olsa da, reallıqdır və faktdır. Hər halda, sosial statusu müxtəlif olan insanlar arasında yaşayırıq və müşahidələr də hamının eyni rifah həddində olmadığını deyir...

Hamının gündəlik istehlakından artıq, ehtiyacından çox aldığı çörəyin hansı mərhələdən keçərək bizlərə çatdırılmasını bilməyən yoxdur. Adicə bir misal, orta məktəbin ibtidai sinif şagirdinə öyrədilən, təlqin edilən bir fikrin özü olduqca təqdirəlayiqdir. Deməli, dadlı çörəyi yeyən bir uşaq anasına təşəkkür edir, anası da ona deyil, çörəyi satan dükançıya minnətdar olmağı məsləhət görür. Proses mərhələlərlə davam edir, uşaq dükançıdan tutmuş, çörəyi istehsal edən zavoda, ordan taxılı əkən əkinçiyə qədər gedib çıxır. Daha sonra günəşə, suya, torpağa, bir sözlə, təbiətə minnətdar olan uşağa yekun olaraq bütün var olanları yaradan Allaha təşəkkür etmək tövsiyə edilir. Bir çörəyin araya-ərsəyə gətirilməsinin mərhələli şəkildə necə baş verməsi və bunun sonunda ruzini yetirənin kəraməti nəticəsində mümkün olması vurğulanır. Aşağı yaş qrupları üçün nəzərdə tutulan bu hekayətdə insana verilənin hamısının tək olan Tanrının əlində, hökmündə olduğu fikri aşılanır...

Bəli, təkcə çörəyin deyil, bütün nemətlərin qədrini-qiymətini bilmək və onların qayğısına qalmaq fikrinin aşağı yaşlardan aşılanması çox təqdirəlayiqdir. Lakin bütün bunların müqabilində, oxuduğu kitabdan, dinlədiyi hekayətdən görüb-götürən azyaşlı real, gündəlik həyatda nələrlə üzləşir?! Ata-anasının mağazadan aldığı, “bu, köhnədir, təzəsini, istisini alarıq” deyə, birbaşa zibil konteynerlərinə təyinat alan çörək və un məhsullarının aqibəti birbaşa onun gözü qarşısında baş verir. Bərəkətə olan belə münasibəti görən azyaşlının kimə inanacağının, kimə oxşayacağının fərqində ola bilməməsi də təbiidir...

Böyüklər, övldlarınızın çaş-baş qalmaması üçün onlara nümunə olun. İsrafçılığı həyat tərzinizdən çıxararaq qənaətcil olmağı öyrənin və öyrədin. Belə olmasa, ata-babaların təkidlə, həyəcanla dediyi kimi, çörəklə imtahan oluna bilərik. Bu imtahandan isə hamı eyni tərzdə keçə bilmir. Keçən əsrin 41-45-ci illər müharibəsində jmıx, arpa, cadı çörəyi yeyənləri, bu səhnələrdən bəhs edən filmləri, sənədli xronikaları yada salın. Onlar çox da uzaq nəsil deyil, elə bizim ata-babalarımızdır. Bunları yada salmaq çətindirsə, yaxınlarınızda, qohumlarda müharibə nəslinin davamçıları yoxdursa, yaxın tarixi, 80-ci illərin qıtlıq, müharibə dövrünü xatırlayın. Onlardan hamımız keçmişik və yəqin ki, çörəyin ən qiymətli nemət olduğu o illəri xatırlayanlar hər birimizin evində, yaxınında, qohum-qonşusundadır...

Bütün bunları nədən yazıram, bilirsinizmi? Çörəyə münasibət bütün dövrlərdə eyni olmalı, ona hörmət daim ucada tutulmalıdır. Çünki çörəksiz və duzsuz bizim qida rasionumuzu təsəvvür etmək çətindir. “Duz-çörək” məsələsi isə bəlli olduğu kimi, bizim ən həssas nöqtəmizdir...

Bəli, çörəyin qiymətinin qaldırılacağı, yaxud, əksinə, çəkisinin azaldılacağı barədəki məlumatlardan bəhs etmirəm bu məqamda. Bu, tamam ayrı söhbətin mövzusudur. Bu neməti zərurətdən alırıqsa, onun istehlakının keçinməzliyindən, çörəyə, əməyə hörmət vacibdir. Ən birincisi isə onu bizə bəxş edən Allaha...

...Çörəyi həddən çox alırsınızsa, bu vərdişi birdən-birə tərgidə bilmirsinizsə, haqqında bəhs etdiyim şəxs kimi, artıq qalanları quşlara, bu soyuq aylarda bizdən ayrılıb isti ölkələrə uçub-gedə bilməyənlərə layiq bilin. Hər halda, həyat bumeranq misallıdırsa, onu özümüzə sarı müsbət anlamda çevirək...

Zibil konteynerlərinin qulpunu yetər ki, tullantıları atmaq, arınmaq üçün, təyinatına uyğun istifadə edək. O, ehtiyacdan çox alınan, bəlkə də mənasız bir vərdişi tərgitməməkdən dolayı yaşanan boyat çörək qalıqlarını asmaq üçün deyil. Çörəyin yeri ən son - tullantı məkanı olmamalıdır. Onun yeri ən başda olmalıdır!

Adına necə and içiriksə, sadəcə, eləcə - çörək haqqı!

 Nigar Orucova