Avropanın tanınmayan azərbaycanlı partizanları kimlərdir? - MÜSAHİBƏ+FOTO

15:32 22-01-2021 405

Sosioloq və fəlsəfə doktoru İlham Abbasov yeddi ildir ki, azərbaycanlıların Avropadakı antifaşist Müqavimət Hərəkatında iştirakı barədə faktlarını araşdırır. Onun fikrincə, İkinci Dünya Müharibəsi dövründə azərbaycanlıların Avropa ölkələrində partizan hərəkatında fəal rol oynamasına baxmayaraq, bu mövzuya lazımi diqqət yetirilmir. Üstəlik, bəzi həqiqətlər təhrif olunur və ya tamamilə gizlədilir. Alim bu mövzunu demək olar ki, heç kimin diqqətlə araşdırmadığına təəssüflənir.

“Müvafiq dəqiq məlumatların olmaması səbəbindən jurnalistlər nağıllar yazırlar.

Vilayət Hüseynovun Mussolinini həbs etməsi xəbəri buna misal ola bilər, halbuki, o, İtaliya faşistlərinin liderinin həbs olunmasından dörd ay əvvəl həlak olub”, - deyə İ.Abbasov Media.Az-a verdiyi müsahibədə bildirib.

Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi olaraq İlham Abbasov Azərbaycan partizanları haqqında monoqrafiyasını tamamlayır. Alim müxtəlif ölkələrin - Fransa, İtaliya, Sloveniya, Serbiya, Gürcüstan və təbii ki, Azərbaycanın arxivlərində işləyərkən bir çox maraqlı məlumat əldə edib, eyni zamanda Moskva və Ukrayna arxivlərinə sorğu göndərib.

- Sizi bu mövzunu diqqətlə araşdırmağa vadar edən nədir?

- Məsələ bundadır ki, İkinci Dünya Müharibəsi dövründə Müqavimət Hərəkatında işğal altındakı Avropa ərazisində azərbaycanlılar az olmayıb. Ancaq onların bəzilərinin taleyi bəlli deyil. Lakin bunların arasında kifayət qədər böyük şəxslər var. Məsələn, 24 azərbaycanlıdan ibarət partizan dəstəsi İtaliyada həlak olmuş Aşur Əmirxanovun (Azur Amerikanov kimi dəfn edilib) şərəfinə adlandırılıb. Bütün bir dəstənin Sovet partizanının şərəfinə adlandırılması çox nadir hadisə idi. Bu, İtaliya müqavimət hərəkatında üçüncü haldır, başqa belə faktlar yoxdur.

Davam edək. Məmməd Bağırov - İtaliyadakı 6 500 Sovet partizanı arasında İtaliya hökumətindən hərbi təqaüd alan yeganə şəxsdir. Partizanlarımızın çoxu İtaliyada, Yuqoslaviyada, Fransada həlak olub, onların barəsində ümumiyyətlə heç kim heç nə bilmir.

- Deyə bilərikmi, xaricdə azərbaycanlıların Müqavimət Hərəkatında iştirakı faktlarını qeyd etməkdən qəsdən çəkinirlər?

- Bu fərqlidir. Məsələn, professor Renato Rezaliti, professor Marina Rossi, doktor Anna Roberti və doktor Mixail Talalay bu mövzuda dəfələrlə yazıblar. Onlar özləri Azərbaycan partizanları ilə tanış idilər. Söhbət onlardan gedərsə, həmin şəxslərin azərbaycanlıların işğal altındakı Avropa ölkələrinin azad edilməsində iştirakı faktlarını xatırlatmaqdan çəkindiklərini demək olmaz.

Ancaq başqalarına bu mövzular maraqlı deyil. Məsələn, İtaliyada partizanlarımız haqqında məlumat toplamaq üçün kimə müraciət etdimsə əksər hallarda suallara və məktublara cavab vermədilər, nədənsə ünsiyyət qurmaq istəmirlər. Məmməd Bağırovun təqaüdü ilə bağlı iki dəfə İtaliya prezidentinin arxivinə müraciət etdim və hər dəfə müraciətim geri qaytarıldı. Nədənsə məni hərbi arxivə yönəltdilər, baxmayaraq ki, təqaüd haqqında sərəncam şəxsən İtaliya prezidenti tərəfindən imzalanır. Bunun hərbi nazirliklə heç bir əlaqəsi yoxdur. Bunun səbəbinin nə olduğunu bilmirəm. Ya tənbəllik edirlər, ya bu mövzu ilə maraqlanmırlar və ya sadəcə kömək etmək istəmirlər. Düşünürəm ki, problem milliyət və ya dini mənsubiyyətlə əlaqəlidir.

Məsələn, İtalya mükafatlarına və ya Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Müqavimət Hərəkatının üzvləri qeyd olunanda nədənsə azərbaycanlı partizanı Mehdi Hüseynzadənin adı həmişə sonda çəkilir. Əslində, düşmən üzərində qələbəyə verdiyi töhfə nəzərə alınaraq, o birinci olmalıdır.

O, İtaliya, Yuqoslaviya və Fransada Avropa Müqavimət Hərəkatına qatılan sovet vətəndaşlarından mükafatlandırılan ilk şəxsdir.

Avropada döyüşən yalnız dörd Sovet partizanına Sovet İttifaqı Qəhrəmanı yüksək adı verildi. Bunlar Mehdi Hüseynzadə, İtaliyada döyüşən Fyodor Poletaev, Fransada döyüşən ukraynalı Vasili Porik və İtaliyada döyüşən gürcü Fore Mosulişvilidir. Mehdi Hüseynzadə ilə bağlı unikal vəziyyət ondan ibarətdir ki, o həm Yuqoslaviyada (Sloveniya), həm də İtaliyada döyüşüb. Ancaq nədənsə, o daha çox səti xatırlanır və ya onun barəsində ümumiyyətlə susurlar, bu çox qəribədir.

Mərhum Sovet və Rusiya hərbi tarixçisi Mixail Semiryaqanın “Sovet İnsanları Avropa Müqavimətində” adlı monoqrafiyasında Mehdi Hüseynzadəyə cəmi bir sətir ayırıb; nə tərcümeyi-halı barədə faktlar, nə vaxt doğulduğu, nə zaman həlak olduğu barədə heçnə qeyd edilmir.

Demək olar ki, heç bir şey... Sadəcə onun Sovet İttifaqı Qəhrəmanı olduğu bildirilir.

Ümumiyyətlə, Semiryaqanın monoqrafiyasında praktiki olaraq azərbaycanlılardan bəhs edən heç bir şey tapa bilməzsən. İstisna kimi iki nümunə var, Əhmədiyyə Cəbrayılovun Moskvada Şarl de Qolla görüşməsindən SSRİ-nin praktik olaraq bütün qəzetləri yazdı, bunu Cəbrayılovun Şəkidəki ev-muzeyində də görmək mümkündür.

Bundan başqa, M.Semiryaqa “Buhenvald” düşərgəsininin fəallarından olan İvan Sport ləqəbli Əkbər Ağayev haqqında da yazmayıb. Baxmayaraq ki, onun haqqında 1945-ci ildə həbs düşərgəsində sağ qalan məhkumlar da yazıblar. Onlar bir səhifəsi Ağayevə həsr olunan kitab nəşr ediblər.

Əkbər Ağayev

Ölüm düşərgələrində gizli şəkildə mübarizə aparan insanlar haqqında yazan Aron Brodski də nədənsə heç vaxt İvan Sportun adını çəkməyib. Yəni bir növ qəsdən susulub. Baxmayaraq ki, bu mövzu ilə məşğul olan şəxs həmin adı bilməlidir. Bununla əlaqədar qəribəliklər olduqca çoxdur. Belə çıxır ki, çox vaxt azərbaycanlıların qəhrəmanlığı, onların İkinci Dünya Müharibəsində iştirakı susdurulur və ya kiçildilir.

- Hələ geniş ictimaiyyətə təqdim olunmayan son tapıntılardan danışardınız

- Bu yaxınlarda Sloveniyada ilk Sovet partizanlarının adlarını tapdım. Onlardan ikisi rus idi - biri 1943-cü ilin aprelində ölüb, digəri sağ qalıb. Daha ikisi azərbaycanlı olub. Onlardan biri fevral ayında, digəri 1943-cü ilin martında Müqavimət Hərəkatına qatılıblar. Ancaq təəssüflər olsun ki, nə bizim kitablarda və ya qəzetlərdə, nə də Moskvanın mərkəzi nəşrlərində bircə dəfə də olsun bu azərbaycanlıların adı çəkilmir.

Mən onların uşaqlarını, nəvələrini, onları tanıyan insanları tapdım, fotoşəkillərini əldə etdim. Bu məlumat daha əvvəl də yayıla bilərdi. Pandemiya zamanı məlumat toplamaq çox çətindir, çox qurum bağlı olur. Ancaq bəlkə də bu müsahibə sayəsində kimsə cavab verəcək və məlumat paylaşacaq.

Trnovoda (Sloveniya) memorial

Piotto ləqəbli Əli Babaevlə də bağlı çox maraqlı hadisə var. O, İtalya müqavimətində Çapayev partizan batalyonuna rəhbərlik edib, lakin adı heç bir yerdə çəkilməyib. Əli Babayevin sənədlərini italiyalı həmkarlarıma göndərəndə təəccüblənir, deyirlər ki, bu ola bilməz. Baxmayaraq ki, Əli Babayev barədə məlumatlar Piotto kimi bir neçə arxiv sənədində yer alır. Onun hətta Udindəki həbsxanadan 74 məhbusu sərbəst buraxdıqdan sonra fotoşəkilləri də var.

Əli Babayev

Maraqlıdır ki, bu əməliyyat Mehdi Hüseynzadə tərəfindən həyata keçirildiyi bildirilir. Amma Mehdi 2 noyabr 1944-cü ildə həlak olub, qeyd etdiyim hadisə isə 7 fevral 1945-ci ildə Mehtinin partizan olduğu Triestdə deyil, tamamilə fərqli bir şəhərdə - Udində baş verib. Yeri gəlmişkən, Əli Babaevlə Moska ləqəbli Mixail adlı partizan vuruşub. Hər yerdə onun azərbaycanlı olduğu qeyd edilir. Mən onun Oruc Əliyev olduğunu təsbit etdim. Ancaq daha irəli gedə bilmirəm, yalnız onu bilirəm ki, Oruc Şəmkir rayonunda doğulub. Yerli icra hakimiyyətinə və digər strukturlara müraciət etdim, amma bu günə qədər heç öyrənə bilmədim.

Oruc Əliyev

- Lazımi məlumatları tapmaqda daha hansı çətinliklərlə qarşılaşırsınız?

- Saysız-hesabsız unikal material var, lakin onları əldə etmək asan deyil. Əgər bununla Sovet dövründə məşğul olsaydım, daha asan olardı. Bəli, o zaman mobil rabitə və internet yox idi, amma istifadə edilə bilən inzibati resurslar var idi. Partiya üzvləri ilə əlaqəli bütün materialları almaq və açıqlamaq üçün şəhər partiya komitəsindən bir çağırış kifayət edərdi. Ancaq Sovet dövründə də, nədənsə bununla xüsusi məşğul olmurdular.

Bu gün davamlı olaraq izah etmək, nələrisə sübut etmək lazım gəlir. Bəzən partizanların yaxınları da əlaqə saxlamırlar. Buna söz versələr də, bu söz olaraq qalır. Misal gətirim - Maksimov Cəmaləddin Abdullaeviç kimi dəfn olunan partizan var. O, Triestdə həlak olub, amma əslində onun soyadı Mənsimovdur, Şəki rayonundandır. İki dəfə yerli icra hakimiyyəti orqanlarına məktub yazdım, bu rayondan olan deputatla və köməkçisi ilə əlaqə saxladım. Demək olar ki, dörd ay keçib, amma bu mövzuda hələ irəliləyiş yoxdur. Cəmaləddinin nəvəsi artıq ikinci ildir ki, babasının Maksimov deyil, Mənsimov olduğu barədə arayış alacağına söz verir.

P.S. Əgər yuxarıdakı partizanlarla əlaqəli nəsə bilirsinizsə, İlham Abbasovla e-mail ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz: [email protected]