Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”

15:37 22-01-2021 369
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
 
13:45 22-01-2021 | icon 85

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsillə bağlı brifinq keçirilib.

MillətinSəsi.info-nun brifinqdəki müxbirinin məlumatına görə, mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev və Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu iştirak edib. 

Brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə dair normativ hüquqi baza nəzərə alınaraq, tədris və təlim-tərbiyə prosesinin təşkili, buna uyğun olaraq vəziyyətin dəyərləndirilməsi məsələləri barədə müzakirə aparılıb.

Keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda fevral ayının 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunacaq: “Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə təhsilin əyani formada keçirilməsində çətinlik yarandı. Sentyabr ayında məktəblər açılsa da, yoluxma sayı artdı və təhsil distant formaya keçirildi. Növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərlərində, Abşeron və digər rayonlarda həftədə üç dəfə əyani təhsilə cəlb ediləcəklər.

Fevralın 1-dən bütün ölkə ərazisində ibtidai siniflər, məktəbəhazırlıq qrupları və icma əsaslı məktəbəqədər qrupların əyani təhsili qismən başlayır”.

Onun sözlərinə görə, böyük şəhərlərdə həftədə üç dəfə olmaqla, digər bölgələrdə sıxlıq imkan verdikcə həftədə 4 və ya 5 dəfə olmaqla tədrisin bərpa olunması ilə bağlı qərar verilib: “Fevral ayın 1-dən sonrakı iki həftə ərzində V-IX siniflərin, o cümlədən peşə təhsili müəssisələrinin və ali təhsil müəssisələrinin qismən təhsilin bərpa edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir.

Bakı şəhərində metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə, V-IX siniflərdə təhsilin əyani formada təşkili daha məqsədəuyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir. Bölgələrdə ənənəvi tədrisin bərpası ilə bağlı daha sürətli açılmalara gedilə bilər. Amma bu, yoluxma hallarının daha az riskli olması ilə bağlıdır”.

Onun sözlərinə görə, təbii ki, təhsil müəssisələrinin açılması düzgün və vaxtında edilmirsə, qısa müddətdə qapanmalara qayıdıla bilər:  “Məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formada əyani təhsilə qaytarmaqdır”.

Nazir dərslərin həftədə 3 dəfə keçirilməsindən də danışıb: “Dərslərin həftədə 3 dəfə keçirilməsi zərurətdən irəli gəlir. İstər siniflərin və məktəblərin ölçüsü, istər müəllimlərin sayı və maddi texniki baza baxımından siniflər bölündüyü üçün həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Belə olanda məktəbi dördnövbəli edə bilmirik. V-IX siniflər əyani təhsilə keçəndə daha çox sıxlıq olacaq. Koronavirusla bağlı vəziyyət yaxşılaşarsa, ənənəvi təhsilə keçid daha da sürətli olar”.

Nazir bildirib ki, Azərbaycanda 85 600 sinifdən 49 minində, yəni 57 faizində şagird sayı 20-dən azdır: “Digər 20 min məktəbdə 21-25 nəfər arasındadır. Orta hesabla 80 faiz şagirdimiz sinifdə 25 və daha az uşaqla oturur. 40 nəfər və daha çox olan siniflərin sayı 311-dir ki, bu da 0,4 faizdir. Bu siniflərdə 0,9 faiz şagird oxuyur. Bizim həmin siniflərdə ciddi problemimiz olacaq. Həftədə 3 dəfə hibrid model mənim və ya həmkarımın yaradıcı təfəkkürü deyil, üzləşdiyimiz vəziyyətlə bağlıdır. Ötən ilin yanvar-fevral ayından başlayan koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan təhsilində İKT-nin tətbiqi ilə əsaslı dəyişiklər baş verib”.

O bildirib ki, bu dəyişiklər zərurətdən irəli gəlib: “Hazırda təhsil alanlardan 1 milyon 400 mindən çoxunun özünəməxsus kabineti var. Təhsil verənlərin 128 mini artıq qeydiyyatdan keçib. Aktiv istifadəçilərin sayı 1 milyon 170 min nəfərdir. Həftəlik dərslərin sayı 6 milyon 200 min olub. 37 ali təhsil müəssisəsində 125 min tələbə onlayn təhsilə qoşulub”, - deyə nazir əlavə edib.

E.Əmrullayev qeyd edib ki, elektron dərsliklərdən istifadə sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb: “4 milyondan artıq elektron dərsliklərə müraciət edilib və oxunan səhifələrin sayı 30 milyondan çox olub. Belə hallarda ən böyük problem və mənfi təsirlər daha aşağı imkanları olan təbəqələrə dəyir. Bu, dünyanın hər yerində belədir. Ucqar kəndlərdə yaşayan tələbələr və şagirdlərimiz daha az dəstək almış olurlar. Müsbət və mənfi tərəflər, təhsilin keyfiyyətinin hansı istiqamətdə getdiyini demək tezdir. Bilik və bacarıqlarla bağlı fevral ayında, dərslər bərpa edildikdən sonra qiymətləndirmələr keçirlən zaman daha yaxşı məlumatlar əldə edəcəyik. Yaranmış boşluqları necə doldura biləcəyimizlə bağlı hazırlayacağımız fəaliyyət planı ilə ictimaiyyət qarşısına çıxacağıq. Bəzi hallarda təhsil haqqının ümumiyyətlə ləğv edilməsi və onların hamısının dövlət tərəfindən ödənilməsi təklif edilir”.

O bildirib ki, təklif edilən sistemə keçilsə, bu, o, deməkdir ki, rəqabət şəraitindən imtina etməli olacağıq: “Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavrda, 15 mini isə magistraturada oxuyur. 11 500 tələbəyə ölkə rəhbərliyinin xüsusi göstərişi ilə sosial yardım edilib. Bu gün ali təhsil alan tələbələrin hər 100-nün 56-sı dövlət hesabına oxuyur.  Hazırda 1-ci kursda oxuyan tələbələrin 60 faizindən çoxu dövlət hesabına təhsil alır. Bu, o deməkdir ki, onların təhsil haqqı problemi yoxdur. Bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi ilə bağlı planlarımız var”.

Nazir bildirib ki, müəyyən sayda tələbənin təhsil kreditini ödəməsi ilə bağlı problemi var: “Bunu ali təhsil müəssisələri ilə müəyyən uzlaşmalarla, fərdi qaydada baxmaqla həll etmək vacibdir. Digər tərəfdən bu il ərzində təhsil kreditlərinin təqdim edilməsi planlarımız var. Dövlət büdcəsində bununla bağlı 80 milyon manat nəzərdə tutulur”.

Nazir əlavə edib ki, ölkədə təhsil haqqı vergi güzəştləri əsasında xeyli aşağıdır: “Bakalavriat səviyyəsi üzrə təhsil haqqı orta hesabla illik 2500 manatdır. Bəzi regional müəssisələrdə bu məbləğ daha aşağıdır. 50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünürəm”.

Onun sözlərinə görə, Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb: “Bakı şəhəri üzrə 16 698, bölgələr üzrə 32 600-dən çox müəllimin vaksinasiyası gözlənilir. Fevral ayının 15-ə qədər uşaq bağçalarının açılmasına ümid edirik”.

O bildirib ki, bununla bağlı proqnoz vermək tezdir: "Repetitor fəaliyyəti ilə məşğul olan müəssisələrin fevralın 1-dən müvafiq say gözlənilməklə bərpası nəzərdə tutulur."

Nazir əlavə edib ki, bunlar təhsil xidməti göstərən sahibkarlıq subyekti kimi nəzərdə tutulur: “Bu kursların 10 nəfərdən çox olmamaqla açılması nəzərdə tutulur. Müəllimlərin sertifaksiya ilə bağlı konkret tarix müəyyənləşməyib”.

Onun sözlərinə görə, bu məsələ 2021-ci ilin priotetləri sırasındadır: “Bununla bağlı hazırlıq işləri aparılır. Bu, birdən-birə edilməyəcək və müəllimlərin emosional hazırlığı üçün vaxtları olacaq. Bu ilin birinci yarısında müəllimlərin sertifikasiyası nəzərdə tutulmur”.

Nazir əlavə edib ki, müəllimlərin işə qəbulunun bölgələrdə də keçirilməsi təcrübəsindən istifadə edilə bilər: “Valideynlərin hüquqları var ki, övladları təhsilini yalnız distant formada davam etdirsin”.

O bildirib ki, fevralın 1-i təhsil müəssisələri açılan zaman valideyn bu hüququndan istifadə edə bilər: “Bunun üçün onlar məktəbə yaxınlaşmalı və ərizə yazmalıdır”.

Keçirilən mətbuat konfransında təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə bildirib ki, bu ilin yanvar ayının 1-də virusa yoluxmuş şagirdlərin sayı 20 nəfər, işçi heyətin sayı 5 nəfər olub. O deyib ki, ötən ilin sentyabrın 15-dən bu günə qədər virusa yoluxmuş şagirdlərin sayı 14 758 nəfər, işçilərin sayı 7 090 nəfər olub: “l-IV siniflərdə təhsil alanlardan 2 246 şagird koronavirusa yoluxub. Bu, ümumi virusa yoluxmuş şagirdlərin 15 faizidir. V-IX siniflər arasında 4 411 şagird, X-XI siniflərdə 7 525 şagird virusa yoluxub. Bakı, Sumqayıt, Abşeronda 226 məktəbdə “Məktəblinin dostu” layihəsinə 400 əməkdaş cəlb etmişik. 400 mindən çox şagird bu layihəyə cəlb olunub”.

Mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa xanım Yaqublu bildirib ki, fiziki tərbiyə dərslərində təmasların çoxluğu nəzərə alınaraq, müvəqqəti olaraq bu fənnin əyani tədrisdə dayandırılması tövsiyə olunur.

O qeyd edib ki, fevralın 1-dən dərslər hibrid formada keçəcək: “Sıxlığı çox olan məktəblərdə dərslər həftədə 3 dəfə, sıxlığı tənzimlənən məktəblərdə isə 5 dəfə olacaq. Şagirdlərin və müəllimlərin onlayn dərslərdəki davamiyyəti məktəblər tərəfindən nəzarətdə saxlanılır. Mütəmadi olaraq dərsləri keçən müəllimlərin mənəvi reytinqi cəmiyyətdə artır. Bu, qiymətləndirmənin ən yaxşı formasıdır”, - deyə o əlavə edib.