Kamran Əliyev: "Korrupsiyada təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq"

23:29 19-02-2021 378

"Aparılan kadr islahatları nəticəsində 9 qadın prokurorluq əməkdaşı vəzifədə irəli çəkilib". Xəbər veririk ki, bunu Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində deyib.

Bildirib ki, onlardan 2-si Baş Prokurorluğun idarə və şöbə rəisləri, 3-ü idarə rəislərinin müavinləri, müasir prokurorluğun tarixində ilk dəfə 2-si rayon prokuroru, 1-i rayon prokurorunun müavini, 1-i isə şəhər prokurorunun böyük köməkçisi vəzifələrinə təyin edilib.

Baş prokuror Kamran Əliyev deyib ki, korrupsiyaya qarşı mübarizədə mətbuatın da rolu böyükdür. 

Onun sözlərinə görə, mətbuatda müxtəlif vəzifəli şəxslər tərəfindən korrupsiya hallarına yol verilməsi barədə yayımlanan məlumatlar araşdırılır və həmin məlumatlar öz təsdiqini tapdığı halda müvafiq tədbirlər görülür: “Həmçinin vətəndaşlarla ünsiyyətin yeni formatı olan Baş Prokurorluğun rəsmi sosial media hesablarında keçirilən #sualcavab sessiyaları zamanı korrupsiya hüquq pozmaları barədə məlumatlar da daxil olmaqla qəbul edilən çoxsaylı müraciətlərə baxılır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tam, obyektiv və hərtəfərli araşdırmanın aparılması təmin olunur”.

Baş prokuror bildirib ki, korrupsiya şəbəkələrinin aşkarlanması barədə məlumatların ictimailəşdirilməsi, cinayətin cəzasız qalmadığının cəmiyyətə çatdırılması müəyyən mənada şəxsləri cinayət törətməkdən çəkindirir.

Baş prokuror Kamran Əliyev deyib ki, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin tərkib hissəsidir.  

Onun sözlərinə görə, bu bəlaya qarşı mübarizə daim aparılır: "Eyni zamanda, qeyd etməliyəm ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biridir və bununla əlaqədar ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu sahədə bir çox iş görülsə də, hələ də qarşımızda duran bir sıra vəzifələr mövcuddur.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli islahatlar nəticəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra uğurlar əldə edilmişdir ki, bu da bir çox beynəlxalq qurumların, o cümlədən BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupunun (GRECO) hesabatlarında öz əksini tapıb.

Onu da xüsusi vurğulamaq lazımdır ki, əksər dövlət qurumlarının iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” hazırlanır. Həmin planda korrupsiyaya qarşı aparılan sistemli, institusional mübarizənin təkmilləşdirilməsini təmin edəcək tədbirlər nəzərdə tutulmaqdadır".

Baş prokuror bildirib ki, ölkə həyatının müxtəlif sahələrində aşkar edilən korrupsiya faktları ilə əlaqədar cinayət işləri istintaq olunur, həbslər aparılır: "Korrupsiyaya qarşı mübarizə sahəsində cənab Prezident İlham Əliyevin siyasi kursuna uyğun olaraq məqsədyönlü işlər görülür və bundan sonra da prokurorluq orqanları tərəfindən bu sahədə ciddi tədbirlərin görülməsi, o cümlədən korrupsiya şəbəkələrinin, korrupsiya sxemlərinin aşkar edilərək təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin ediləcək.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi yaradılsa da, bu sahədə mübarizə tək Baş İdarə tərəfindən deyil, bütün prokurorluq orqanları, o cümlədən digər hüquq mühafizə və dövlət qurumları ilə əlaqəli şəkildə aparılır.

Bununla yanaşı korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qurulmuş sıx əlaqələr, onlarla birlikdə keçirilən maarifləndirici tədbirlər mübarizənin effektivliyinə müsbət təsirini göstərir. Eyni zamanda Baş Prokurorluğun fasiləsiz fəaliyyət göstərən Çağrı mərkəzi və Qaynar xətti ilə vətəndaşlardan daxil olan qanun pozuntuları barədə müraciətlər aidiyyəti üzrə araşdırılır".