Səkinə Babayeva: “Xanım sübut etməlidir ki, o istənilən işi bacara bilər” - MÜSAHİBƏ

13:20 23-02-2021 243

Azərbaycanda son illərdə aktiv biznes mühitinin yaradılması, iqrisadi əlaqələrinin şaxələndirilməsi prosesi gedir. Təbii ki, belə bir mühitdə qadın sahibkarların rolu və onların bu münasibətlər daxilində nə dərəcədə aktiv fəaliyyət göstərdiklərini bilmək maraqlı olardı. Bununla bağlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva suallarımızı cavablandırıb. 

- İlk olaraq, rəhbərlik etdiyiniz Assosiasiyanın sahibkarlıq təşəbbüsü ilə çıxış edən xanımlara hansı formada dəstək olduğunu öyrənmək istərdik?

- Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının fəaliyyəti qadınların eyni çətir altında birləşmələrini sağlamlaşdırmaq, onların öz sahələrində önə çıxmalarını, beynəlxalq tədbirlərdə iştiraklarını və xarici iqtisadi əlaqələrinin qurulmasını təmin etməyə yönəlib. Biz həmçinin, xanımlarımızın hər hansı bir problemlə bağlı təkliflərini də dəyərləndiririk. Gün ərzində təqribən 100-ə yaxın sual və təkliflərlə qarşılaşırıq, onların dərhal 5-10 faizinə cavab verə bilirik. Lakin, bunlar toplanılır və hazırda əməkdaşlıq etdiyimiz dövlət qurumları və agentliklərinə təqdim edilir.

-Maraqlı ideyaları və biznes planları olan, lakin, bu yolda hələ ilk addımlarını atmağa hazırlaşan xanımlarımıza nə məsləhət görərdiniz?

- Maraqlı ideyaları olan xanımlarımız çoxdur. Qadınlarımızın özlərini kəşf etmələri üçün müxtəlif təlimlər veririk. Seçilən, ideyaları olan xanımlara müxtəlif təlimlərin verilməsini tövsiyə edirik. Bunların bir çoxu ödənişsizdir. Ola bilər ki, xanım ideya seçib, lakin onun bunu həyata keçirməyə alətləri yoxdur. Biz ona təlimlər verərək, üzvümüz olan müəssisələrə yönləndiririk. Müvafiq sahələrdə mentorlar varsa ora istiqamətləndiririk. Fundamental, ciddi, diqqət çəkən ideyası olan xanımlarımızın layihələrinin maddi tərəfini təmin etmələri üçün dəstək veririk.

-Adətən xanımlarımıza öz bizneslərini yaratmaqda nə mane olur? Ölkəmizdə, xanımlarımız üçün kifayət qədər imkanlar yaradılıb?

- Ölkəmizdə qadın sahibkarlığın inkişafına yetərincə şərait yaradılıb. Lakin, ilk növbədə bu sualları vermək lazımdır: Xanımlarımız buna hazırdırmı və nə qədər hazırdır? Onların həyatlarını, fikirlərini dəyişəcək ictimai cəmiyyətlər nə edirlər? Bütün bu imkanlardan doğru istifadə etmək üçün metodologiya yoxdur. Digər tərəfdən, yetkinlik yaşlarına çatan qızlarımızın ailə tərəfindən yönəldilməsi, həmçinin, ailə həyatı qurduqdan sonra peşə sahələrini seçə bilməmələri və ya doğru seçim etməmələri, öz peşələrini kəşf edə bilməmələri kimi məsələlər var.

Biz müşahidə etmişik ki, həkim və ya müəllim kimi fəaliyyət göstərən xanımlar sonradan öz peşələrini tapırlar. Hətta onların arasında 55 yaşdan sonra özünü kəşf edənlər xanımlarımız da olub. Müəyyən qədər təşkilatlanmada problemlərimiz olduğu üçün və təbliğat mexanizmlərinin olmaması bu kimi məsələlərin çatdırılmasında çətinlik yaradır.

- Daha çox təbliğat mexanizmləri, qadınların bir cəmiyyətdə birləşməsi önəmlidir. Nəzərə alsaq ki, gələcəkdə bəzi peşə sahələri olmayacaq, biz hansı peşələri seçməliyik?

Yeni və əlverişli peşə sahələrinin təbliği aparılmaldır. Qadınlarımıza bu yolda təmkinli olmağı və öz ideyalarını dəqiqləşdirməyi məsləhət görərdik. Çünki, bu yolda bəzi uğursuzluqlar ola bilər. Ən böyük problem isə burada başlayır. Problemlə qarşılaşan zaman onun üzrərində işləyib problemi dəf etmək lazımdır. Bəzən bunu ya çox böyük problemə çevirirlər, ya da qəbul etmək istəmirlər. Belə olduğu halda isə valideynlər və ya cəmiyyət günahkar elan edilir.

- Bu gün Azərbaycanda nə qədər qadın sahibkar fəaliyyət göstərir və xanımlarımız hansı biznes sahələri üzrə seçim edirlər?

 - Bu gün Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 220 min qadın sahibkar var. Son 4 ildə isə qadınlarımızın ümumi sahibkarlıq subyektlərin sayında payı 13 faizdən 32 faizə qədər artıb. Qadın sahibkarların seçdikləri sahələr əsasən təlim-tədris birliklərinin, estetik klinikaların yaradılmasına yönəlib. Eləcə də, xidmət sahələrində qadınların rolunun artdığını görürük. Yeni sahələrə meyillilikdən danışsaq görərik ki, İKT, menecment, media sahəsində qadınların aktivliyi artıb. Bu gün yaradılan bir çox saytların sahibləri qadınlardır. Bunların hamısı ölkəmizə yeni modellərin gəlişindən xəbər verir.

- Sizcə, xanımlar üçün xüsusi biznes sahələri varmı ki, onlar həmin sektorda daha uğurlu olurlar?

Təhsil və elm sahəsində xanımlarımızın çox böyük uğurları olub. Lakin, bunlar biznes sahələrinə çevrilməsədə zamanla bu gözlənilir. Onu da deyim ki, ölkəmizdə genetika ilə məşğul olan qadınlarımız çoxdur. Lakin, bu sahə hələ də tam inkişaf etməyib. İstərdik ki, ilk genetika mərkəzlərinin yaradılmasında qadın sahibkarların rolu olsun.

Xanımlarımızın estetik sahəyə də marağı çoxdur. Psixoloji mərkəzlərin yaradılmasında da qadınlarımız çox uğurludur. Həmçinin, kənd təsərrüfatı və bu sahədə ixtisaslaşmada qadınlarımızın rolu təqdirəlayiqdir.

Lakin, qeyd edim ki, biznes sahələri rinqində qadın və kişilər arasında ayrı-seçkilik yaratmaq düzgün olmaz. Çünki, biz bununla dünya dövlətləri qarşısında gücsüz qadınlar olduğumuzu bəyan etmiş olarıq.

- Azərbaycanda qadın sahibkarlar üçün xüsusi güzəşt və ya dəstək proqramları varmı? Bu haqda məlumat verə bilərsinızmi?

- Azərbaycanda qadınlar üçün xüsusi proqramlar mövcuddur. Lakin, bunlar xüsusi sərancamlarla həyata keçirilmir. Bu müəyyən mənadə diskriminasiya yarada bilər. Çünki, biz gender bərabərliyindən söhbət edirik və kişilərlə bərabər hüquqlar tələb edirik.

Qadınlarımız müəyyən dövrdə ana olurlar. Bununla bağlı dövlət tərəfindən müxtəlif maddi və mənəvi proqramlar həyata keçirilir. Bu cür dörd layihə layihə həyata keçirilir. Bu layihələrdən biri Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə birgə keçirilir. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə üç tip layihə reallaşdırılır.

O cümlədən, ABŞ-ın Azərbaycandakı USAID təşkilatı vasitəsilə həyata keçirdiyimiz layihə ilə qadınlara iki hissədən ibarət dəstək proqramı təklif edilir. Onlardan biri də məhz qadın sahibkarlığının inkişaf etdirilməsinə yönəlib.

 - “Bu xanım işi deyil” və ya “qadın biznes sahibi ola bilməz” kimi ifadələr haqqında nə düşünürsünüz?

- Belə bir ifadəyə elmi tətbiqdə və ya təcrübədə rast gəlməmişik. Həm dünya ölkələrində, həm də bizim doğma Azərbaycanda yetərincə savadlı, özünə və işinə kifayət qədər sahib olan qadınlar var. Bu o zaman qadın işi olmur ki, sadəcə qadın özünü təsdiqləyə bilmir. Onlara kömək lazımdır. Lakin, bizdə hələ bu ənənələr yoxdur. Əgər, nəsə alınmırsa deməli xanım özü bu istiqamətdə inkişaf etdirməyib. İqtisadiyyat dedikdə ağıla ilk növbədə “pulu necə qazanım” sualı gəlməməlidir. İqtisadiyyat özü siyasi məqamlarla da uzlaşır. Bu istiqamətdə qadınların daha çox maariflənməsi üçün onlara mentor lazım ola bilər. Xarici dövlətlərdə müxtəlif elmi institutlarda fəaliyyət göstərən hər hansı bir mentorun fikirlərini öyrənirlər. Necə ki, indi uşaqlarla dərsdən sonra repititorlar məşğul olur, belə bir metodu qadınlarımız da öz iş həyatında mütləq sınamalıdırlar. Hər bir sahədə çox uğurlu qadınlarımız var. Düşünürəm ki, əgər, kişi qadını öz oyuncağına çevirmək istəyirsə, o zaman “bu xanım işi deyil” və ya “bir qadından biznes sahibi olmaz” kimi ifadələr işlədirlər. Bunları məntiqi cəhətdən ağıllı fikirlər hesab etmirəm. Sadəcə olaraq, birinin xətrinə dəymək üçün səslənən fikirlər kimi dəyərləndirirəm. Qadınlar bu fikirlərə qarşı daha prinsipial olmalıdırlar. Xanım sübut etməlidir ki, o istənilən işi bacara bilər. Bunun başqa yolu yoxdur.