"Amrah Bank"da 79 yaşlı qadının pullarını mənimsəyənlər cəzasız qalıb - Filial müdiri də azadlığa buraxılacaq?

13:33 03-03-2021 324

"2019 -cu ildə mediada başıma gələn hadisələr barədə geniş məqalə çap edildi və böyük oxucu auditoriyası korrupsiya hadisələri ilə yaxından tanış oldu. Mən, vətəndaşlardan, ziyalılardan, dövlət rəsmilərindən kömək istəsəm də, səsimə səs verən olmadı. 

Baş Prokurorluq 12 ildən sonra, nəhayət, "Amrah Bank" ASC-nin Nəsimi filialının əməkdaşlarının məni aldatması faktı üzrə Nəsimi Polis İdarəsində 2015-ci ildə açılan, sonradan bankın himayədarlarının göstərişi ilə dayandırılan cinayət işini yenidən təzələyərək baxılması üşün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərdi".

Bunları "AzPolitika.info"-ya göndərdiyi məktubda 79 yaşlı zərərçəkən Burlaçuk Qalina Aleksandrovna yazır.

Şikayətçi qeyd edir ki, 2019-cu ilin oktyabrından 2020-ci ilin yanvar ayına kimi davam edən istintaq zamanı "Amrah Bank"-ın Nəsimi filialının keçmiş direktoru Əli Məhərrəmovun və keçmiş xəzinədarı İkram Eyvazovun onun 2006-2008-ci illər ərzində banka depozit kimi yerləşdirdiyi külli miqdarda pul vəsaitlərini mənimsəmələri faktı təsdiqlənib. İttiham aktı baxılması üçün 2020-ci ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Q.Aleksandrovna bildirir ki, adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2, 308.2, və 313-cü maddələri ilə təqsirləndiriliblər: 

"Cinayət işinin məhkəmə istintaqı 2020-ci ilin mart ayında başlandı. Hər iki şəxsin törətdikləri cinayət əməllərindən 12 il keçməsinə artıq bir neçə ay qalmışdı. Hakim məhkəmə istintaqını 24 iclas keçirməklə yekunlaşdırdı. Proses pandemiya səbəbindən 2021-ci ilin 8 fevralında bitdi. Nəticədə, bankın xəzinədarı İkram Eyvazov iş üzrə təqsirli bilinsə də, CPM-nin 75-ci maddəsi tətbiq edilərək, ona məhkum olunmaq cəzası təyin edilmədi və azadlığa buraxıldı. 

Filialın direktoru Ə.Məhərrəmov isə 7 il 7ay 2 gün müddətində azadlıqdan məhrum edildi. Məhkəmə hökmünə əsasən, hər iki şəxsdən müştərək qaydada mənə dəyən maddi ziyanın bir qisminin tutulması barədə qərar qəbul edilsə də, mənim "Amrah Bank" ASC-yə qarşı mülki iddiam təmin edilmədi. Mənə dəyən maddi ziyanın qalan hissəsinin ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququmdan istifadə olunması tövsiyə olundu".

Şikayətçi bu qərardan narazıdır. Bildirir ki, Mülki Məcəllənin müvafiq maddələrinin bu işə tətbiq edilməməsi ədalətsizlikdir. 

Onun sözlərinə görə, hakim bununla 79 yaşlı kimsəsiz qadını yenidən 12 il məhkəmələrdə süründürməklə ömrünün axırına kimi əzablar içərisində yaşamağa məcbur edib: "Hadisələrin gedişi təsdiq etdi ki, "Amrah Bank" ASC-nin rəsmiləri bu olayda neytral mövqedə olmayıb. Sözsüz ki, onlar yüksək çinli himayədarları vasitəsi ilə işi öz xeyirlərinə yekunlaşdırmağa nail oldular.

Hazırda məsələ apellyasiya instansiyasında baxılmaq ərəfəsindədir. Güman ki, dələduzluqda təqsirkar bilinən Əli Məhərrəmovun cinayət əməlindən məhkəmə hökmü qanuni qüvvəyə minənə qədər 12 ildən artıq müddət keçdiyi üçün o, Apellyasiya Məhkəməsində azadlığa buraxılmalıdır. Ən başlıcası odur ki, "Amrah Bank" ASC-nin idarə heyətinin sədri Yusif İldırımzadə məcburən məhkəməyə gətirilib ifadəsi dinlənilmədi. Nəyə görə?!"

Q.Aleksandrovna Azərbaycan ictimaiyyətinə, dövlət rəsmilərinə bir daha müraciət edərək, hüquqlarının bərpa olunmasında yardımçı olmağa səsləyir.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Amrah Bank” ASC-nin lisenziyası ləğv edilib. İyulun 7-də isə bankın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib. O, bankın Direktorlar Şurasının üzvü və atası Y.İldırımzadənin müşaviri olub. İldırımzadə Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu il fevralın 15-də isə Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib. Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.

 

Mənbə AzPolitika.info