6 saylı notariat kontorunda qanunlar belə tanınır(?)-İDDİA

14:08 03-03-2021 252

Yenixeber.org: Hər kəsə bəllidir ki, Azərbaycanın dövlətçilik tarixində Ədliyyə Nazirliyinin özünəməxsus yeri var. Belə ki, XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra, Milli Hökumətin tərkibində Ədliyyə Nazirliyi də təşkil olunur və 22 noyabr 1918-ci il tarixdə onun Əsasnaməsi təsdiq edilir. Həmin vaxtlardan indiyə qədər Nazirlik böyük tarixi inkişaf yolu keçmiş və getdikcə də təkmilləşmişdir.

Başqa bir faktı da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” xüsusi Fərmanı imzalaması və Nazirliyin yeni strukturunun təsdiq edilməsi, məhz Azərbaycan ədliyyəsinin təkmilləşdirilməsi sahəsində yeni mərhələnin əsasını qoyur. Bu Fərmanın imzalanmasından sonra, Nazirliyin strukturunda ciddi dəyişikliklər edilir, bir sıra qurumların funksiyaları dəqiqləşdirilir, digərlərinin statusu genişləndirilir, həmçinin insan hüquqlarının təmin olunmasına, hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılmasına, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bir sözlə, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər həyata keçirilmiş, Nazirlik müstəqil Azərbaycan Respublikasının hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Hazırda bu sahədə çalışan bəzi şəxslərin üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirə bilmədiklərini, yaxud da hansısa qanunsuzluq əməllərinə qol qoymalarını gördükdə, o zaman hər kəsdə belə bir fikir formalaşır ki, deməli həmin şəxslər bugünkü hüquq siyasətinin əhəmiyyətinə heç də ciddi yanaşmırlar. Məsələn bir anlığa diqqət yetirək ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi-10, mən-9 ünvanında qeydiyyatda olan Arif Qabil oğlu Məmmədovun 2019-cu ildən üz-üzə qaldığı problem də, məhz hüquq siyasətimizə kölgə salınması yöndə atılan addımlardandır. Belə ki, adı çəkilən bu şəxs qeyd edir: “2019-cu ildə mənim Bağırov Samir Rafiqoviç adlı şəxsə 500 manat pul borcum var idi. Elə ki, o, həmin vaxtlarda verəcəyim pulunu məndən istədi, o halda ona bildirdim ki, hələ pulum yoxdur. Belə bir cavabımın qarşılığında Samir Bağırov şəxsi mülkiyyətimdə olan 99-NU-734 dövlət nömrə nişanlı avtomobilimi tələb etdi. Avtomobilimin bazar qiyməti təqribən 10 min manat məbləğində olardı. Müəyyən söz-söhbətdən sonra avtomobilimi Samir Bağırova verməyə razı oldum. Qeyd edim ki, həmin vaxtlarda şəxsiyyət vəsiqəm yox idi və biz sənədləşmə işlərini həyata keçirmək üçün ilk əvvəl “Asan Xidmət”ə getsək də, adı çəkilən qurumdan “şəxsiyyət vəsiqəsi olmadan sənədləşmə işlərini həyata keçirmək mümkün deyil” cavabını verdilər. Belə olduqda Samir Bağırov mənə “Bakı şəhəri, Xətai metrosunun yaxınlığındakı 6 saylı notariat kontorunun notariusu tanışımdır, mən onun köməkliyi ilə sənədləşmə işlərini həyata keçirəcəyəm” dedi. Elə ki, qeyd olunan notariat kontorunda olduq, o halda adı çəkilən qurumun əməkdaşları notariat kontorunun xüsusi notariusu Ərəstun İmanovun razılığı əsasında 4 yanvar 2020-ci il tarixdə şəxsiyyət vəsiqəm olmadan sürücülük vəsiqəmlə sənədləşmə işlərini həyata keçirdilər. Sənədləşmə işləri həyata keçirilərkən notariat kontorunun notariusuna sual verdim ki, şəxsiyyət vəsiqəsi olmadan belə bir sənədləşmə işini necə həyata keçirmək olar? Cavabında o, “Mən Fikrət Məmmədovun qohumuyam, get sən işinlə məşğul ol, sənin şikayətinə baxan olmayacaq, bu kontorda belə şeylər adi haldır” deyə cavab verdi. O halda sual oluna bilər ki, əgər sürücülük vəsiqəsi ilə sənədləşmə işlərini həyata keçirmək mümkündürsə, hansı səbəbdən “Asan Xidmət”də belə bir sənədləşmə işləri həyata keçirilmir?

Qeyd edim ki, bu cür qanunsuzluq əməli ilə bağlı Ədliyyə Nazirliyinə ünvanladığım müraciətimə 16 yanvar 2021-ci il tarixdə Nazirliyin Sərdar Səlimov adlı əməkdaşı mənə zəng etdi və o, problemin mahiyyəti haqda bir neçə suallar verib cavab əldə etsə də, sonda həmin şəxs şəxsiyyət vəsiyyəti olmadan baş etibarnamənin verilməsinin qeyri-mümkün olduğunu bildirdi. Belə bir olayla üz-üzə qaldıqdan sonra bir neçə dəfə Ədliyyə Nazirliyinə, 19 fevral 2021-ci il tarixdə isə, məcbur olub problemin həlli məqsədilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya rəsmi qaydada müraciətlərimi ünvanlasam da, təəssüflər olsun ki, bu günə qədər qol qoyulan qanunsuzluq əməli ilə bağlı lazımi araşdırma işləri aparılmayıb. Sonuncu məktubuma 22 fevral 2021-ci il tarixdə Ədliyyə Nazirliyi, Notariat idarəsinin rəisi Mehman Soltanovun imzası ilə təsdiq olunmuş 05/14-08/7-13 saylı məktubla cavab verilib. Verilmiş cavab məktubunda qanunvericiliyin tələbləri pozulduğuna görə, 6 saylı notariat kontorunun xüsusi notariusu Ərəstun İmanova yalnız xəbərdarlıq olunduğu qeyd olunub. Mehman Soltanov tərəfindən belə bir cavabın verilməsi onu sübut edir ki, adı çəkilən bu şəxs qol qoyulmuş qanunsuzluq əməlini ört-basdır etməkdə maraqlı görünür. Bu da ondan irəli gəlir ki, Ədliyyə Nazirliyinin Notariat idarəsinə rəhbərlik edən bu şəxs uzun illərdir ki, bugünkü vəzifəsində çalışır və ona məxsus kreslo artıq “çürümək üzrədir”. Keçmiş tarixə ekskurs edib bir xatırlatmanı yada salaq ki, vaxtilə Mehman Soltanov Xızı rayonunun həbs olunan notariat kontoru notariusunun da qanunsuzluq əməllərini ört-basdır etməyə çalışırdı. Son anda əsl həqiqətlər hər kəsə bəlli oldu. Qeyd edim ki, 4 yanvar 2020-ci il tarixdə 6 saylı notariat kontorunda həm kobud qanun pozuntusuna yol verilib, həm də mənə külli miqdarda maddi və mənəvi ziyan vurulub”.

Bütün bunlar onu söyləməyə əsas verir ki, bu gün də Ədliyyə Nazirliyinin sturukturlarında ölkə qanunvericiliyinin tələblərinə məhəl qoymayan, hansısa maraqlar çərçivəsində addımlarını atan bir çox vəzifə sahibləri var ki, həmin şəxslərə qarşı lazımi mübarizə tədbirlərini görməyin zamanı çoxdan çatıb. Düşünürük ki, Arif Məmmədovun üz-üzə qaldığı belə bir problemin ictimailəşdirilməsindən sonra, cənab Fikrət Məmmədov problemin mahiyyətinə xüsusi diqqət yetirəcək və 6 saylı notariat kontorunun xüsusi notariusu Ərəstun İmanovun məsuliyyətinin müəyyən olunub qanunvericiliyin tələblərinə uyğun cəzalandırılması üçün, aidiyyatı üzrə lazımi tapşırığını da verəcək.
Mövzunu diqqətdə saxlayacağıq.