Bakıda iki nəfər ödəmə terminalını oğurladı - ANBAAN VİDEO

14:46 03-03-2021 351

Bakının Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan, içərisində 3 953 manat pul vəsaiti olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıb.  

Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanını dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini törədiblər.

M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın ərazisində açaraq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.

Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.

Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. M.Kazımov və E.Həmzəyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.