NİZAMİ GƏNCƏVİ: AĞLIN OLSA, HƏR ŞEYİN OLAR

18:35 03-03-2021 270

XERƏD ƏST AN KE ƏZ U RƏSƏD YARİ,

HƏME DARİ, ƏGƏR XERƏD DARİ.

(Ağıl elə bir (o) nemətdir ki, ondan dostluq (o, sənin

dostundur), yardım gələr, Ağlın olsa, hər şeyin olar)

 

ŞƏRHİ: Nizami deyir ki, ağıl ilahi nemətdir, elə bir nemətdir ki, o, insanı başqa varlıqlardan seçir, üstün qılır, məsuliyyət yükləyir. Beytdəki “ağlın olsa” ifadəsi ağılın var olmasını nəzərdə tutmur, şair “ağlın olsa” deyərkən ağıldan doğru istifadə etməyi, düşünməyi, araşdırmağı, sorğu-sual etməyi nəzərdə tutur. Birinə ağlın yoxdur, ağılsızsan deyərkən onun dəli olduğunu söyləmirik, ağlından doğru istifadə edə bilmədiyini demiş oluruq (ağlı olmayana dəli deyirlər). Ağıl insana o zaman dost olur, yardım edir ki, onun haqqını verirsən, şükrünü yerinə yetirirsən, doğru düşünməyin yollarını öyrənirsən, ağılı elmlə qidalandırırsan, səbəb-nəticə bağını qurursan. Ağılı öldürən zəhərin adı xürafə, dirildən nemətin adı elmdir. Uca Allah doğru istifadə olunmayan ağıla “ölü”, haqqı verilən ağıla “diri” deyir. İki yol var:

  1. a) Təlqin yolu – burada danışan aktiv, dinləyən passivdir, dinləyənin işi deyilənləri sorğu-sualsız qəbul etməkdir, bu metodda anlama deyil, şüursuz inanma əsasdır, seçim yoxdur, məcburiyyət var, düşünmək, tənqid, etiraz yasaqdır, deyilənə itaət şərtdir, ağıl və iradə önəmsizdir, bu metod ağıl və iradəyə düşməndir, ağa nə deyirsə, doğru deyir, onun sözlərində qüsur ola bilməz, hər dediyində bir hikmət var inancı hakimdir, aşkarlığı deyil, gizliliyi sevir, işığa deyil, qaranlığa bağlıdır, təkəbbürlüdür, fərqliliyə nifrət edir, məndən başqa kimsəni dinləmə, başqasının yazdıqlarını oxuma deyir, tabular, yasaqlar, bütlər var, fərqli düşünmək haramdır, xurafəni sevir, fanatik yetişdirmə üsuludur, insanı kölələşdirmək istəyənlərin tətbiq etdiyi metoddur. İnsanın ağıl və iradəsini öldürməsən, onu kölələşdirmək imkansızdır...
  2. b) İnandırma yolu – bu metodda danışan da, dinləyən də aktivdir, ağıl və iradə ən önəmli nemətdir, düşünmək, azad iradə ilə seçmək əsasdır, sorğu-suala dəyər verilir, şüurlu qəbul, ya da rədd var, tənqidə, etiraza, fərqli düşüncəyə açıqdır, deyir ki, sözü olan hər kəsi dinlə ki, sözlərin ən gözəlini seçə biləsən, israrla oxumağa, elmə təşviq edir, fərqliliyi sevir, fərqliliyin ilahi nemət olduğuna inanır, həqiqətin qaynağı mənəm demir, bu, mənim görüşümdür deyir, məcbur etmir, dəlillərlə inandırır, fərqli düşünəni döymür, ona iftira atmır, həbs etmir, öldürmür, vaxt ayırır, dinləyir, qarşı tərəfi topdan rəddə yönəlmir, onun dediklərini (yazdıqlarını) seçir, doğruları alır, yanlışları atır, həqiqət adlı dərdi var, mən hər şeyi bilirəm, doğru olan ancaq mən deyəndir anlayışından uzaqdır, məsləhətə açıqdır, təvazökardır, həqiqətin qaynağının insan deyil, uca Allah olduğuna inanır, Nizami kimi düşünür, ağlından doğru istifadə etsən, hər şeyin olar deyir, oyanarsan, ağlın oyansa, vicdan və iradən də oyanar, kəşfin, inkişafın, elmin önü açılar, cəmiyyət hüzura qovuşar.

Uca Allahın metodu təlqin deyil, inandırmadır, Qurani-Kərimdə Elçinin dilindən deyilən bu mübarək dua ağıla, elmə, iradəyə nə dərəcədə önəm verildiyini açıq biçimdə ortaya qoyur: “Rəbbim! Mənə doğru düşünmək bacarığı ver (Mənə doğru düşünməyi öyrət!)”.

Bu gün müsəlmanların cəhalət bataqlığına sürüklənməsinin, geri qalmasının, elmdən uzaqlaşmasının, əsir olmasının səbəbi ağıla önəm verilməməsidir. Çıxış yolu ağıla uca Allahın verdiyi dəyəri verməkdir.

 

ŞEYX NİZAMİ GƏNCƏVİ: “ALLAH İNSANA FİTRƏT VERMİŞDİR. NİZAMİNİN TORPAĞI (FİTRƏTİ, AĞLI, QƏLBİ, VİCDANI, ƏSƏRLƏRİ) UCA ALLAHIN TÖVHİD – LA İLAHƏ İLLALLAH (ALLAHDAN BAŞQA İLAH YOXDUR) TOXUMUNUN (İNAN-CININ) SƏPİLDİYİ ƏKİN YERİDİR. NİZAMİNİN TORPAĞI UCA ALLAHIN TƏKLİYİNİ TƏYİD EDİR”.

 

ŞƏRHİ: (klassik ədəbiyyat şərhsiz oxunmaz, arada uzun zaman, anlayış, dil, üslub, dünyagörüş fərqi var. Klassik ədəbiyyatla bizim aramızdakı məsafəni şərh körpüsü ilə aradan qaldırmaq olar): Fitrət insanı insan edən, onu seçən, üstün qılan nemətdir (yaradılan hər varlığın fitrəti var), ilahi proqramlaşdırmadır, ilahi yazılımdır. Fitrət vermək ancaq və ancaq uca Allaha aiddir, insan fitrət qoya bilməz, ancaq qoyulmuş fitrəti poza bilər. Günahlar fitrəti pozar, ona görə də yasaqlanmışdır. Bütün ibadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyar. İnsan fitri olaraq uca Allaha təslim olmaq ehtiyacı ilə yaradılmışdır, hər insanın inanma ehtiyacı var. Fitrətin inanma ehtiyacının təmini Tövhid inancı ilə mümkündür. Fitrətin sağlam qidası tövhiddir. Uca Allaha inanmayan bir insan mütləq başqa bir varlığa (şeyə) inanır, məsələn, ateist də uca Allahın yoxluğuna inanır, bu da bir inancdır (iman deyil, doğru inanc (tövhid) imandır). İnanmaq mütləqdir dedik, çünki fitridir, fitri olan qaçılmazdır, ehtiyacdır, su, hava, qida, yuxu kimidir, istəmirəm deyə bilməzsiniz. Bu halda, önəmli olan doğruya inanmaqdır. Doğru imanın ölçülərini də uca Allah müəyyən etmişdir. Doğru iman (tövhid) fitrəti qoruyur, yanlış inanc (şirk) fitrəti pozur, insanın ağıl, vicdan, qəlb, iradə enerjisini parçalayır. Tövhid azadlığa, şirk köləliyə yol açır. Fitrəti sağlam olanın əxlaqı da sağlam olur, o insan xeyrə, ədalətə yönəlir, iş burada da bitmir, o, başqalarını da xeyrə yönəldir, onu çoxaldır, sadəcə, özü gözəl olmur, həm də gözəlləşdirir. Fitrəti xəstə olanın əxlaqı da pozulur, o, pisliyə çevrilir, iş burada da bitmir, pisliyi, şəri, zülmü çoxaldır, başqalarını da pisliyə bulaşdırır. Fitrətin pozulması təsəvvürdən başlayır. İnsan uca Allahı doğru tanımayanda fitri olan inanmaq ehtiyacını başqa varlıqlar (şeylər) vasitəsi ilə təmin etməyə çalışır, anlayış dəyişəndə fitrət, fitrət dəyişəndə əxlaq, əxlaq dəyişəndə davranış dəyişir. Fitrəti bərpa etməyin, əslinə qovuşdurmağın yolu, sıralaması belədir: təsəvvürü düzəlt, bu, anlayışların mənasını doğru təsbit etməklə mümkündür, biz anlayışı doğru tanıyanda təsəvvür də doğru olur, doğru məna (həqiqət) təsəvvürü, təsəvvür ağılı, ağıl fitrəti, fitrət əxlaqı, əxlaq davranışı düzəldir. Anlayış dəyişməsə, davranış dəyişməz, anlayış xəstə olsa, davranış da xəstə olar. Sağlam fitrət insanın uca Allaha mənəvi yaxınlığını təmin edir, çürük fitrət insanı uca Allahdan uzaqlaşdırır. Sağlam olan sağaldır, çürük olan çürüdür. Xəstə maddi qidalar insanın fiziki sağlamlığını, xəstə mənəvi qidalar – xürafələr, yalanlar, iftiralar, uydurmalar da təsəvvürü, ağılı, qəlbi, vicdanı, fitrəti öldürür, yəni onların doğru çalışmaq imkanını sıradan çıxarır, ona görə də ağılın qidası olan elm halal, ağılı öldürən xürafə haramdır. Uca Allahın insanı qoruma qanunu belədir: ey insan, sənə Elçim vasitəsi ilə göndərdiyim sağlam mənəvi ruzilərlə - Qurani-Kərimlə, Tövhidlə, ədalətlə, barışla, mərhəmətlə fitrətini qidalandır ki, Mən də səni qoruyum. İlahi ruzilərdən imtina uca Allahın insanın üzərindəki qoruma sistemini qaldırar, Onun qorumadığını da heç kimsə qoruya bilməz. Fitrətini qoruyan, ona yaxın və sadiq olan uca Allaha yaxın və sadiq olar, Onun qorunmasını qazanar. Fitrətinin əslini (orijinalını) itirən (pozan) uca Allahdan uzaqlaşar, Onu itirər – Onun rəhmət və bərəkətindən uzaq olar, məhrum qalar, dəyərsizləşər...

Elə buna görə də Nizami Gəncəvi bütün əsərlərinin əvvəlində insana uca Allahı tanıtmışdır. O, buna inanmışdır ki, insanın Allah təsəvvürü doğru olsa, ağılı, vicdanı, qəlbi, iradəsi doğru çalışacaq, fitrəti qorunacaq, iki dünyanın xoşbəxti olacaq, insanın Allah təsəvvürü xəstə olsa, o, yer üzünü cəhənnəmə çevirəcək.

Bu yazım düşünən ağlınıza, iman dolu qəlbinizə, mərhəmətlə doymuş vicdanınıza bərəkət olsun!

 AĞLINDAN DOĞRU İSTİ-FADƏ EDƏNLƏRƏ, DÜŞÜ-NƏNLƏRƏ, ELMƏ YÖNƏ-LƏNLƏRƏ SALAM OLSUN!

(Davamı var)

Amin!

 Siracəddin Hacı