"Motal" əl çəkdi, Operativ Qərərgah əl çəkmir

18:40 03-03-2021 387

Tətbiq olunan qadağalar virusün ömrünü uzadır

 Koronavirus bəlasının ölkəmizə ayaq açdığı gündən bir il ötdü. Amma, bu bir ildə sadə insanların nələr yaşadığını onların özlərindən başqa heç kim bilmədi. Korona isə bu gün də öz bəd əməlini gerçəkləşdirməkdə israrlı görünür. Xalqımızın gözəl bir sözü var: "Qorxan gözə çöp düşər". Görünür bizdə koronavirusa qarşı mübarizə üçün yaradılan qurumlar da (Nazirlər Kabineti yanında Operativ Qərərgah və TƏBİB ) öz qorxaqlıqları üzündən bu virusun girovuna çevriliblər və necə deyərlər-"Motal" əl çəkir, Operativ Qərərgah əl çəkmir. Yəni, virus ölkədən getmək istəsə belə, onu buraxmayacaqlar. Bunun da əsas səbəbi bu qurumların səriştəsiz fəaliyyətidir desək, yanılmarıq. Əslində, bu qurumların yaradılmasının özü belə, heç bir məntiqə sığmır. Əgər ölkədə Səhiyyə Nazirliyi və onun çoxsaylı alt qurumları fəaliyyət göstərirsə, koronavirusa qarşı mübarizə üçün xüsusi qurumların yaradılmasına nə ehtiyac var? Keçən bu müddət ərzində görünəni də odur ki, bu qurumların fəaliyyətinin nə dövlətə, nə də insanları heç bir xeyri yoxdur. Çünki qurumun qəbul etdiyi qərarlar həm dövlətə, həm də insanlara ziyan vurur.  

Əksər istehsalat sahələri, ticarət və iaşə obyekləri fəaliyyətsiz qalıb. İnsanlar işsizlik üzündən evlərinə çörəkpulu apara bilmir. Bu qurumlar isə sanki bütün bunları görmürlər. İşsizlikdən və fəaliyyətsizləkdən bezən insanlar stress və depressiya vəziyyətinə düşüblər.

Bütün fəaliyyət sferaları, əsasən də təhsil sistemi iflic vəziyyətinə salınıb.

 İctimai nəqliyyatda tətbiq olunan qadağaların və məhdudiyyətlərin də, heç bir əsası yoxdur. Bu qadağalar və məhdudiyyətlər insanların əsəb sistemini demək olar ki, tam sıraldan çıxırıb.

Bu qurumlarda çalışanlar isə iddia edirlər ki, onlar əhalinin sağlamlığı üçün çalışırlar. İnsanı doğal hüquqlarından məhrum edib, qapalı şəkildə saxlamaq, cəmiyyətdən təcrid etmək nə vaxtdan sağlamlığa müsbət təsir edən hal olub? Bunu heç o qurumların təmsilçiləri də bilmirlər. Sadəcə olaraq özlərinin fəaliyyətini reklam etmək xatirinə insanları daha da çətin duruma salırlar.

Artıq bir ildir ki metro işləmir. Şəhər nəqliyyatının da şənbə-bazar günləri fəaliyyətinə qadağa qoyulub. Bu qurumun təmsilçiləri bir şeyi anlamaq istəmirlər ki, ölkəmizin paytaxtında on minlərlə insan şənbə-bazar günləri işə gedir -gəlir. Onlar nə üçün qazandıqlarının böyük hissəsini yol puluna-taksilərə verməlidirlər? Ona görə ki, Operativ Qərərgah və TƏBİB belə istəyir?

Bu gün elə həmin qurumların statistikasına təhlil etsəniz özünüz də şahidi olacaqsınız ki, bu qadağaların heç bir ciddi səmərəsi yoxdur. Bu qadağalardan qazanan taksi mafiyası, itirən isə sadə vətəndaşlardır. Bunun əyani sübutu üçün elə Operativ Qərərgahın və TƏBİB-in fevral ayının son iki həftəsi üçün təqdim etdiyi statistikanı diqqətinizə çatdırıram:

Baz. ert.-15 fevral: yoluxma-74, sağalma-106 

-16 fevral: yoluxma-140, sağalma-191 

-17 fevral: yoluxma-154, sağalma-165

-18 fevral: yoluxma-145, sağalma-155 

-19 fevral: yoluxma-193, sağalma-201 

Şənbə-20 fevral: yoluxma-144, sağalma-147

Bazar-21 fevral: yoluxma-156, sağalma-142 

***

Baz. ert.-22 fevral: yoluxma-72, sağalma-75 

-23 fevral: yoluxma-223, sağalma-176

-24 fevral: yoluxma-220, sağalma-145 

-25 fevral: yoluxma-126, sağalma-142 

-26 fevral: yoluxma-219, sağalma-180

Şənbə-27 fevral: yoluxma-278, sağalma-172 

Bazar-28 fevral: yoluxma-270, sağalma-117

Bütün bu rəqəmlər onu deməyə əsas verir ki, iş günləri ilə şənbə-bazar günləri arasında elə də ciddi fərq yoxdur. Buna görə metronu bağlı saxlamağın, şəhər nəqliyyatının bazar və şənbə günləri fəaliyyətinə qadağa qoymağın heç bir əhəmiyyəti yoxdur. Nəqliyyatda təhlükə məhz ona görə yaranır ki, insanlar "pik" saatlarında biri-birinin "qucağında" mənzil başına işə getmək məcburiyyətində qalır. Siz nə vaxtsa metroda belə bir vəziyyəti müşahidə etmisinizmi? Nəqliyyatın fəaliyyətini qadağan etmək yox, xətlərə daha çox nəqliyyat vasitəsi buraxmaq lazımdır ki, insanlar biri-birinin "ağzına" girməsinlər.

Operativ Qərərgahın və TƏBİB-in qəbul etdiyi qərarlar hansı maraqlara xidmət edir, özləri bilər, amma insanların sağlamlığına xidmət etmədiyi də göz qabağındadır və bu qərarların heç bir əsası yoxdur. Keçən ilin martında koronavirus pandemiyasının başlanğıc dönəmində, bu virusun yaradıcısı kimi təqdim olunan Bill Qeyts bu gün də gündəmdədir və mediaya açıqlamasında qeyd edib ki, pandemiya ən yaxşı halda 2022-ci ildə sona çatacaq. Ona qədər isə bu virusa qarşı mübarizə aparmaq və vaksinasiyanı davam etdirmək lazımdır. Bunu da başa düşdük.  Deməli, biz daha iki il bu virusun qulu kimi yaşamaqda davam etməliyik.

Başqa bir qrup alimlər isə qeyd edirlər ki, bütün növ vaksinasiyalar heç də o demək deyil ki, insan bu bəladan qurtulub. Çünki gec-tez bütün insanlar bu virusa yoluxacaqlar.

Belə olduğu təqdirdə, bu ajiotaj nəyə lazımdır?  Adi həyat ritminə qayıtmaq, qadağaları və məhdudiyyətləri ləğv etmək daha düzgün yol deyilmi? Artıq insanlar da anlayıblar ki, bu virusdan ancaq qorunmaq yolu ilə xilas olmaq mümkündür. Bunun üçün də maska, məsafə və şəxsi gigyena qaydalarına əməl etmək əsas şərtdir. Buna görə də artıq bir çox dövlətlər bütün qadağaları və məhdudiyyətləri aradan qaldırıblar və insanlar normal həyata qayıdıblar.  

Onu da qeyd etmək lazımdır ki,  pandemiyanın ilk günündən ölkəmizdə görülən ciddi tədbirlər sayəsində bizdə vəziyyət kritik həddə çatmadı və öz ritmi ilə davam etdi.

Yuxarıda qeyd etdiyim rəqəmlər də onu deməyə əsas verir ki, Azərbaycan da normal həyat ritminə qayıda bilər və bu, heç də yeni fəsadlara səbəb olmayacaq.

İlk növbədə toylara icazə verlməli, məscidlər, məktəblər açılmalı, ictimai nəqliyyatın fəaliyyəti tam bərpa edilməli, metronun fəaliyyətinə qadağa aradan qaldırılmalıdır.

Əgər TƏBİB və Operativ Qərargah fəaliyyətini olduğu kimi davam etdirəcəksə, onların özlərini ümumiyyətlə ləğv etmək lazımdır. Çünki bu bir ildə onların fəaliyyətinin heç bir səmərəsini görmədik.

 P.S. Bizə belə gəlir ki, keçən ayın sonu, bu ayın əvvəli üçün təqdim olunan statistika, sadəcə olaraq bu qurumların mövcudluqlarını qorumaq cəhdlərindən başqa bir şey deyil. Onlar yəqin ehtiyat edirlər ki, pandemiya sona çatsa, indi də onlar işsiz, çörəksiz qalacaqlar.

 Röyal