ELM VƏ DİNİN HARMONİYASI: QARŞIDIRMA VƏ VƏHDƏT PARADİQMASINDA

19:00 03-03-2021 252

(Əvvəli ötən sayımızda)

 Bəhai dini təliminə görə, din və elm bir birinə zidd ola bilməz: ziddiyyət eyni mövzu ətrafında iki əks fikrin ifadə edildiyi yerdə yaranır. Bunu başa düşmək üçün həyatdan bir nümunə gətirək.

Deyək ki, qatarda gedirsiz və vaqondakı qonşunuza bu cür müraciət edirsiniz: «zəhmət olmasa, bir yerdə oturun, hərəkət etməyin». Qonşu sizə etiraz edir: "Mən öz yerimdə sakit oturmuşam". Sizin cavabınız: "vaqon getdiyi halda necə hərəkətsiz ola bilərsiniz?". Kim haqlıdır? Qonşunuz hərəkətsizdir, yoxsa hərəkət edir? Hər ikisi haqlıdır: qonşu vaqona münasibətdə hərəkətsizdir, ancaq vaqondan kənar olanlara münasibətdə hərəkət edir.

Bu nümunə elm və din arasındakı əlaqəni başa düşməkdən ötrü faydalıdır. Vaqonla bağlı bənzətmə əsasında aşağıdakıları iddia edə bilərik: Elm materiyanı İlkin Səbəbə, Allaha toxunmadan öyrənir. Din isə materiya və insanın Allahla əlaqəsini göstərir. Bu da elmin görmə qabiliyyətindən kənarda qalır. Belə çıxır ki, Din materiya və onun ayrı-ayrı hissələrini öyrənən fundamental elmlərdən fərqli olaraq daha böyük çevrəyə malikdir, çünki onu həm “vaqon” (meteriya), həm “vaqondan kənarda olanlar” (Allah və ruhani dünyalar), həm də “vaqonla” (materiya) “kənarda olanlar” (Allah və ruhani dünyalar) arasındakı münasibətlər maraqlandırır. Hər iki bilik bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayır və hər ikisinə eyni dərəcədə ehtiyac var. Bir şərtlə ki, biz doğrudan da “vaqon”dan kənarda “nəyinsə”, yəni Allahın və ruhi dünyaların olmasını qəbul edirik.

Elmi terminologiyadan istifadə etsək, dinin “tədqiqat predmeti” materiyanın özü deyil, onun bütövlükdə Allahla münasibəti və ən əsası da Allahın insan cəmiyyəti ilə qarşılıqlı əlaqəsidir. Bu da elmin maraq dairəsindən tamamilə kənardadır.

Hər hansı bir dinin elmi tərəfinin qiymətləndirilməsinə ehtiyatla yanaşmaq lazımdır. Bir çox Müqəddəs Yazılar (o cümlədən Tövrət və Qurani-Kərimdə dünyanın xəlq edilməsi alliqoriyası) simvolik dildə yazılıb. Bu cür metaforlara Bəhai Yazılarında da rast gəlmək mümkündür. Bu yazılarda maddi dünya ilə bağlı hansısa elmi həqiqətləri axtarmaq əsassızdır. Lakin bu yazılarda Dinin gerçəkliyə münasibətini görmək mümkündür. Din materiyanın mövcudluğunu inkar etməsə də, Əbdül-Bəha fiziki gerçəkliyin ruhi dünya ilə əlaqəsini belə izah edir:

... Xarici (yəni Allahın ruhani dünyaları) daxili olanın (materiyanın) ifadəsidir; yer İlahi Səltənətin güzgüsüdür ...Nə açıq-aşkar olan (materiya) gizli olanı (ruhani aləm), nə də gizli olan açıq-aşkarı ləğv etmir

Bu münasibətlər sistemini Həzrət Bəhaullah kiçik bir sitatından yaxşı görmək mümkündür:

Xilqət (materiya) haqqında sualın barədə. Bil ki, xilqət əzəldən olub və həmişə də olacaq. Onun əvvəlinin başlanğıcı və axırının sonu yoxdur. Maddi aləmin sonu barəsində sualına gəldikdə isə bu məsələnin anlaşılması müşahidəçilərin baxışından asılıdır. Bir mənada o, sonludur, başqa bir mənada isə bundan üstündür. Allah əzəldən olub və həmişə də olacaq, xilqət (materiya) də həmçinin...

Sitatlardan göründüyü kimi Din “materiyanın daxili həqiqətlərini” kənara qoyaraq onun Allahla, ruhi dünyalarla münasibətini izah etməyə çalışır.

Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, elm, ona məxsus metodlarla (o cümlədən müasir cihazlar vasitəsilə) ruhani sferanı öyrənməyə, ya da Din öz yanaşması ilə materiyada mövcud cism və hadisələri izah etməyə çalışır: “astronomik cihazlarla Allahı kosmosda axtarmaq və ya şəklini çəkmək”, “bədəni tərk edən anda ruhun çəkisini ölçmək”, “insanların və heyvanların dərisi üzərində ayələrin yazılması”, “kosmosda azan səsinin gəlməsi” və s. elmi və dini xurafatlardan başqa bir şey deyildir.

İndi də insanın mənşəyi haqqında dini və elmi təlimləri müqayisə edək. Onları eyni suala iki fərqli cavab kimi başa düşsək, əlbəttə aralarında barışmaz ziddiyyət var. Ancaq əslində bu belə deyil: hər iki təlim eyni deyil, fərqli şeylərdən bəhs edir: elm - insanın nisbi "mənşəyi", yəni aşağı orqanizmlərdən (tək hüceyrəlilərdən primatlara kimi) təkamül yolu, bioloji varisliyi haqqındadır. Din materiyada təkamül prosesini inkar etmir, elmdən fərqli olaraq onu İlkin Səbəblə əlaqələndirir. Əvvəlki yazıda qeyd edildiyi kimi, Təkamül nəzəriyyəsinin banisi Ç.Darvin bu prosesin Allaha bağlılığını inkar etmirdi.

Din, insanın bütün heyvanlar aləmindən fərqli olaraq daha yüksək, xüsusi bir varlıq, xüsusi bir növ olduğunu, Allah tərəfindən "Allahın surəti və bənzəri" olaraq yaradıldığını iddia edir. Bununla da dinin bizə elmin tədqiq etdiyi üzvi təkamüldən fərqli, daha erkən bir insan varlığı dövrünü açdığını söyləyə bilərik. Dini doktrina insanın həyatın başlanğıcında Allahın “Baş Planı”ndakı yerini təsvir edir. Buradan belə bir nəticə çıxır ki, din əslində həyatın təkamül nəticəsində əmələ gəlməsinin əleyhinə deyil, sadəcə insanın xüsusi məqamını vurğulamaqla onu təbiətüstü zirvəyə qaldırır. Əbdül-Bəha bu haqda yazır:

Insan öz mənşəyinin başlanğıcında Yer bətnində, ana bətnindəki embrion kimi yavaş-yavaş böyümüş və inkişaf etmiş, bir formadan başqa formaya keçərək, indiki gözəlliyinə və kamilliyinə, indiki quruluşuna və qüdrətinə gəlib çatmışdır. İnsanın Yer üzündə mövcud olduğu ən ilkin vaxtlardan onun müasir vəziyyətinə, quruluşuna və formasına çatana qədər, şübhəsiz ki, uzun müddət lazım olmuşdur. Lakin öz mənşəyinin lap başlanğıcında da insan xüsusi növ olmuşdur. Əgər yox olmuş orqanların izlərinin, həqiqətən, insan bədənində hələ də mövcud olduğunu hətta etiraf etsək belə, bu heç də insan növünün dəyişkənliyini və bənzərsiz olmamasını sübut etmir, əksinə, yalnız insan orqanlarının, onun forma və xarici görünüşünün dəyişkənliyini və kamilləşməsini bildirir, o özü isə həmişə xüsusi növ, yəni heyvan deyil, insan olmuşdur.

Rasional düşüncəli oxucuda belə bir sual yarana bilər ki, “Adəm və Həvva” hekayəsi elmi həqiqətlərə nə qədər uyğundur? Əbdül-Bəha bununla bağlı aşağıdakı açıqlamanı vermişdir:

Əgər biz bu hekayəni insanları anladığı hərfi mənada qəbul etsək, onda bu son dərəcə qeyri-adi hekayədir. Ağıl onu nə anlaya, nə təsdiq edə, nə də təsəvvür edə bilər. Çünki məsələnin belə qoyuluşu, bu cür təfərrüat, belə davranış və məzəmmət düşüncəli adama, xüsusilə də, bu sonsuz Kainatı belə mükəmməl formada, ucsuz-bucaqsız dünyanı belə, mütləq qanunauyğunluqda nizamla və mükəmməlliklə yaradan Allah xas deyildir. Buna görə də qadağan olmuş ağacın meyvəsini yeyib Cənnətdən qovulan Adəm və Həvva haqqında hekayəni rəmzi mənada qəbul etmək lazımdır. İlahi sirləri özündə saxlayan bu hekayənin böyük mənası var və o, heyrətamiz şərhlərə malik ola bilər.

(ardı var)

Azər Cəfərov

Bakı Dövlət Universitetinin dosenti Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin

Koordinatoru