Prezident İlham Əliyev: “Azad edilmiş ərazilərdə görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir”

21:33 22-07-2021 657

Biz müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən işlərlə bağlı məlumatlandırırıq. Görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. Əlbəttə, o bölgələrdən olan insanlar - keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı “İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır. Bu istiqamətdə hansı yeniliklər barədə danışmaq olar?” sualını cavablandırarkən bildirib.

“Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.

Mina xəritələrinin Azərbaycana verilməməsinin və bunun hansısa şərtlərlə verilməsinin Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, bu, normal insani davranışa zidd olan yanaşmadır. “Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışıb, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir? Bu, bir daha onların xislətini göstərir.

Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir. Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün - beşulduzlu “Çinar”, “Qarabağ” və “Qaşaltı” mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır - beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turistin gəldiyini deyən dövlətimizin başçısı qeyd edib ki, təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir.

“İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlərə gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu”.

Azərbaycan Prezidenti qeyd edib ki, hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik: “Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.

Dövlətimizin başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib: “Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. “Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib.

Bundan sonra nə üçün Dağlıq Qarabağ sözündən istifadə olunduğunu izah edən Prezident İlham Əliyev deyib: “Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.

Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik.

Bu məsələnin Şarl Mişelin Azərbaycana səfəri zamanı müzakirə olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib”.

Azərbaycan Prezidenti deyib ki, ermənilər 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular. Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. “Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar. Bu, heç kimə sirr deyil. Əlbəttə, mən başa düşürəm ki, bunu dərk etmək, bu reallıqla yaşamaq, buna öyrəşmək asan məsələ deyil. Ona görə biz bu psixoloji durumu nəzərə almalıyıq. Ancaq bununla bərabər deməliyəm ki, Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“Xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollardır, ancaq 6 ayda. Əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir. Ona görə bu valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər.

İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək. Çünki göstəriş vermişəm ki, ildən-ilə borcumuzu azaltmalıyıq. Mən indi, əlbəttə, Ermənistanla Azərbaycanı müqayisə etmək istəmirəm. Burada, tamamilə yerlə göy qədər fərq var. Amma Ermənistan indi xarici borc içində boğulur və onların xarici borcu ümumi daxili məhsulun təqribən 70 faizinə qalxıbdır. Onların xarici borcu təqribən bizim borcumuz səviyyəsindədir, təqribən 8-9 milyard dollar. Amma əgər bizim 52 milyard dollar valyuta ehtiyatımız varsa, Ermənistanın valyuta ehtiyatları 1 milyarddır. O da, Mərkəzi Bankın vəsaitidir. Onlar ondan istifadə edə bilməzlər. O, müəyyən dərəcədə daxili məzənnənin sabitləşdirilməsi üçün nəzərdə tutulub. Yəni, sərbəst vəsait yoxdur. Fərq bundadır”, - dövlət başçısı əlavə edib.

Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Ancaq bizdə bu, tamamilə fərqlidir. Bu nəyi göstərir? Onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Bu onu göstərir ki, biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq.

“Bir rəqəmi də səsləndirmək istərdim. Bu da ixracla bağlıdır. İxrac 15 faiz artıb”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu da çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bax bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir.

Altı ayda xarici ticarətimizin müsbət saldosunun 3,4 milyard dollar olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. “Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bu, valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək.

Ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Ancaq bizdə bu, tamamilə fərqlidir. Bu nəyi göstərir? Onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Bu onu göstərir ki, biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq.

“Bir rəqəmi də səsləndirmək istərdim. Bu da ixracla bağlıdır. İxrac 15 faiz artıb”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu da çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bax bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir.

Altı ayda xarici ticarətimizin müsbət saldosunun 3,4 milyard dollar olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. “Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir”- deyən dövlətimizin başçısı vurğulayıb ki, bu, valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək.

İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi.

Dövlətimizin başçısı qeyd edib: “Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik”.

Azərbaycan Prezidenti deyib ki, lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək. Bunu hər kəs bilir. Ona görə valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik.

Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr - Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı ilə təmaslarımız müsbət məcrada inkişaf edir. Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək.

Dövlətimizin başçısı deyib: “Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.

Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub.

“Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq”, - deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycan Prezident vurğulayıb ki, postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb.

Hər bir addımın düşünülmüş proqram üzərində olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik”.