Sabiq baş nazirin qohumu “Auto Azərbaycan”ın 810 minlik malına görə rüşvət alıb

15:54 16-09-2021 459

Rüşvət aldığına görə həbs olunan Bakı Baş Gömrük İdarəsinin böyük inspektoru Azər Baxşıyevin cinayət işi üzrə törətdiyi əməllərin detalları məlum olub.

Kriminalqafqaz”ın məlumatına görə, Naxçıvan MR-nın sabiq baş naziri Əlövsət Baxşıyevin qardaşı oğlu olan Azər Baxşıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif vaxtlarda rüşvət alıb.

Onun korrupsiya əməlləri “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC-nin adına Birləşmiş Ərəb Əmirliklərindən daxil olan malların gömrük prosedurları ilə bağlı olub.

A.Baxşıyev 2020-2021-ci illərdə “Auto Azərbaycan”a məxsus ümumi dəyəri 810 min manat olan malların gömrükdən keçidini sürətli təşkil etmək qarşılığında 350 manat rüşvət alıb. O, hər dəfəyə 50 manat olmaqla ümumlikdə 7 müxtəlif vaxtda tanışı Röyal Daşdəmirovun adına olan bank kartına rüşvət qismində pul göndərtdirib. Pulları onun kartına “Auto Azərbaycan”-ın gömrük koordinatoru Kamil İsmayılov göndərib.

Kamil İsmayılov ifadəsində Azərə şirkətin işini tezləşdirməkdən ötrü hər dəfə 50 manat verdiyini bildirib. İstintaq zamanı ifadələri arasında yaranmış ziddiyyətlə bağlı keçirilmiş üzləşdirmə zamanı Kamil İsmayılov ifadəsində dediyi faktları Azərin üzünə də bildirib.

Azər Baxşıyev isə ifadəsində xidməti vəzifələrinin icrası zamanı heç bir şəxsdən pul almadığını bildirib. Lakin istintaq orqanı şahid ifadələri, telefon danışıqları, kart hesablarından pulun məxaric olunmasına dair bankomat görüntüləri, mobil telefonlara baxış, dindirmə və üzləşdirmə protokolları onun ifadəsini təkzib edib.

Qeyd edək ki, A.Baxşıyev 2009-cu ildən gömrük orqanlarında çalışıb. O, 2018-ci ildə Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin іnspektoru vəzifəsinə təyin olunub. Dövlət Gömrük Komitəsi sədrinin 21 iyun 2021-ci il tarixli əmrinə əsasən işdən azad edilib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma maddələri ilə ittiham elan edilib. Hazırda onunla birlikdə ittiham olunan daha 7 nəfər gömrük əməkdaşının cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Xatırladaq ki, A.Baxşıyevin əmisi Əlövsət Baxşıyev 2000-2020-ci illərdə Naxçıvan MR-nın Baş naziri olub.

Mənbə Kriminalqafqaz