Yevlaxda saxta COVİD-19 pasportu satılırFOTOFAKT

11:47 22-09-2021 972

Son zamanlar müxtəlif sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb.

Bir müddət bundan öncə bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumat yaymışdı.

Qeyd edilmişdir ki, yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilir. Əfsuslar olsun ki, həmin açıqlamadan heç bir nəticə çıxarmayan “həkimlər” saxta COVİD-19 pasportunu satmaqda davam edirlər.

Yevlax rayonunda yerləşən Ailə Sağlamlıq Mərkəzində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri barədə redaksiyamıza şikayət daxil olub.

Redaksiyamıza müraciət edən rayon sakini (adının çəkilməsini istəməyən) iddia edir ki, COVİD-19 pasportunu rahatlıqla əldə etmək mümkündür. Sadəcə olaraq bunun üçün 100 azn vəsait (hər doza üçün 50 azn) lazımdır.

Maraqlısı isə odur ki, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı AnarTağıyev saxta pasportların satılmasının qarşısını almaq məqsədi ilə icra hakimiyyətinin əməkdaşlarını Ailə Sağlamlıq Mərkəzinə nəzarət etmək üçün göndərib. Lakin bütün bunlara baxmayaraq “həkimlər” yenədə öz işlərini davam etdirirlər.

Qeyd edək ki, ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edilməsi hallarına qarşı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada sərt mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 Mənbə: Kanals.az