DSX-nin yarıtmaz informasiya siyasəti -Helikopter qəzasının gün üzünə çıxardığı həqiqət

21:50 02-12-2021 828

Noyabrın 30-da saat 12 radələrində bütün Azərbaycanı sarsıdan xəbər yayıldı: “Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var”.

 Belə bir həssas məqamda hər kəsin gözü rəsmi qurumların məlumatlarına dikilmişdi. Dəqiqələrin bir qərinəyə bərabər olduğu vəziyyətdə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun yuxarıda qeyd olunan birgə məlumatının üstündən saatlar keçsə də, heç bir əlavə məlumat açıqlanmırdı. Artıq sosial şəbəkələrdə həlak olan yüksəkrütbəli hərbçilərlə bağlı məlumat dolaşmağa başladı, çoxsaylı mülahizələr yarandı. Bu da başa düşüləndir - Qarabağı azadlığa qovuşdurduğumuz Vətən müharibəsindən sonra Azərbaycan ictimaiyyəti məğlub ermənilərin müxtəlif təxribatlarının şahidi olub. Çoxları 30 il əvvəl Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri olan "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasını xatırladı...

Dəqiqələri saatlar əvəzlədi. Artıq Türkiyənin Müdafiə Nazirliyi də, Xarici İşlər Nazirliyi də, parlamentin sədri də başsağlığı ünvanladılar. Azərbaycanın dövlət qurumlarında isə vahiməli susqunluq hökm sürürdü. Nəhayət qəzadan 5 saat yarım keçəndən sonra ictimaiyyətə həlak olan və yaralanan hərbçilərimizin adları açılandı, helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açıldığı bildirildi. Hadisənin ilkin səbəbi isə ondan da 2 saat sonra açıqlandı.

Təbii ki, belə ciddi hadisədən sonra ictimaiyyət rəsmi şəxslərin jurnalistlərə açıqlamalarını gözləyir. Bu məsələ də bərbad şəkildə təşkil olundu. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin brifinqinə mətbuat cəmi bir neçə dəqiqə qalmış çağırıldı, bu səbəbdən də mətbuatın kiçik bir qismi qatılmağa çatdı. Burada Vətən müharibəsi günlərində Müdafiə Nazirliyi mətbuat xidmətinin qurduğu işi xatırlamaq yerinə düşür – cəbhədə baş verən hadisələrin intensivliyindən asılı olmayaraq bütün brifinqlər dəqiq şəkildə təşkil olunur, bütün media nümayəndələrinin iştirakı təmin olunur və sorğular cavablandırılırdı. Sual olunur, dinc şəraitdə DSX tərəfindən bunun normal təşkil olunması belə çətindirmi?

Məsələ bununla da bitmiş olmadı. Səhəri, yəni dekabrın 1-də bütün diqqətlər hospitala yerləşdirilimiş hərbçilərə yönəlmişdi. Lakin burada da mətbuata qarşı ayrı-seçkilik nümayiş olundu. Vida mərasimi keçirilən “Sərhədçi” İdman Kompleksinin ətrafında isə ümumiyyətlə mətbuat nümayəndələrinə qarşı peşəkarlıqdan uzaq davranışların şahidi olduq.

Görünən odur ki, böhran şəraitində kommunikasiyanın qurulması sahəsində DSX-nin özündə böyük böhran yaşanır. Qarabağ azad olunandan sonra Ermənistanla suveren sərhədlərimizin qorunması baxımından müstəsna vəzifələri olan sərhədçilərimizin fəaliyyəti ilə bağlı operativ və ətraflı məlumat verməli olan qurumda ictimaiyyətlə əlaqələr baxımından belə bir böhranın olması isə olduqca arzuolunmaz haldır...

Yenixeber.org