NAZİRLƏRİN STOKHOLM GÖRÜŞÜ GƏRGİN KEÇİB - Dialoqu qarşılıqlı ittihamlar əvəzləyib

14:17 03-12-2021 630

Dekabrın 2-də İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü qarşılıqlı ittihamlarla yekunlaşıb.

Proqnoz.com: Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşdən sonra bildirib ki, ATƏT münasqişədən sonrakı bərpa işlərinə töhfə verə bilər: “Biz ATƏT-ə əməkdaşlıq təklif etmişik və hələ də cavab gözləyirik. Eyni zamanda münaqişənin başa çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenlyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini tanımaları və hörmət etmələri üçün unikal imkan yaradıb”.

Nazirin sözlərinə görə, Bakının münaqişədən sonra bu istiqamətdə bir sıra praktik addımlar atmasına baxmayaraq, Ermənistan hələ də bu məsələyə münasibət bildirməyib.

Ceyhun Bayramov deyib ki, Ermənistan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə əməl etməli və özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır.

Regionda bütün kommunikasiyaların blokdan çıxarılması məsələsinə toxunan nazir deyib ki, bu, tərəflər arasında etimadın bərpasına kömək edərdi: “Zəngəzur dəhlizinin yubadılmadan realizə olunması təkcə Azərbaycan və Naxçıvan arasında adamların və nəqaliyyat vasitələrinin maneəsiz hərəkəti üçün yox, həm də Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqəsinin bərpası üçün zəruridir”.

Bayramov habelə bildirib ki, Ermənistan minalanmış ərazilərin dəqiq və tam xəritələrini hələ də verməyib və bu, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, məcburi köçkünlərin yurdlarına qayıtmasına maneə yaradır.

Ceyhun Bayramov bidlirib ki, Azərbaycan hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bəyan edib ki, Azərbaycanın "təcavüzündən" sonra Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır.

Mirzoyan həyasısızcasına Azərbaycanı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərini pozmaqda itiham edib.

Nazir bildirib ki, Azərbaycan nəinki onda olan “əsirləri” qaytarmır, üstəlik yeni “əsirlər” götürməyə çalışır.

Ararat Mirzoyan ümid etdiyini bildirib ki, ötən həftə Soçidə keçirilən üçtərəfli danışıqlarda əldə olunmuş razılaşmalar gərginliyin aradan qaldırılmasına imkan verəcək: “Sülh bütün tərəflərin razılığını tələb edir. Ermənistan Cənubi Qafqazda uzunmüddətli və stabil sülhə nail olmaq istəyir və danışıqlara hazırdır. Azərbaycan sülh prosesinin bərpasına nə qədər tez razılaşsa, bizim regionda hərtəfəli və uzunmüddətli tənzimləmənin əldə edilməsi üçün bir o qədər çox imkanlar olacaq”.

Erməni nazir yenə də Qarabağda qalan ermənilərin “statusundan” danışıb, köçkün düşən ermənilərin təhlükəsiz və ləyaqətli bir şəkildə əraziyə qaytarılmasının əsas məsələlərdən biri olduğunu iddia edib.

Ararat Mirzoyan deyib ki, Ermənistan Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində sülh prosesinə sadiq qalır.(azpolitika)