Sağalmayan xəstələr

18:15 24-01-2022 999
Həkim məsuliyyətsizliyi, yoxsa dərman mafiyasının pul hərisliyi
Azərbaycan səhiyyəsinin mövcud vəziyyəti hamıya bəllidir. Mən də bu yazımda sizə son zamanlar gördüyüm, müşahidə etdiyim bəzi məqamlar barədə düşüncələrimi bölüşmək istəyirəm. Nə üçün Azərbaycanda insanlar adi xəstəliklərdən belə, uzun müddət müalicə olunsalar da, həmin xəstəlikdən qurtula bilmirlər? Baxmayaraq ki, ölkəmiz xəstəxana, klinika və apteklərin sayına görə, dünyanın inkişaf etmiş ölkələrini belə, çox-çox geridə buraxır . Paytaxt Bakıda elə bir küçə tapmaq çətindir ki, orada bir müalicə müəssisəsi, yaxud bir neçə aptek olmasın. Məsələn, şəhər əhlinin «İnqlab» kimi tanıdığı H.Əliyev küçəsində 10-dan artıq müalicə müəssisəsi və 20-25 aptek fəaliyyət göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycan əhalisi, əczaçılıq məhsullarına və tibbi ləvazimatlara ərzaq və qeyri-ərzaq məhsullarından daha artıq pul xərcləyir. Bunun səbəbləri barədə mətbuata açıqlama verən Azərbaycan Həkimlər birliyinin üzvü Ədalət Rüstəm qeyd edib ki, hazırda əsas səbəb koronavirus pandemiyasıdır. «Apteklərin sayının günü-gündən artması da, əhalinin bu məhsullara tələbatının artmasından xəbər verir. Təkcə Bakı Tibb Universitetinin ətrafında onlarla aptek fəaliyyət göstərir». 
Bu da onu deməyə əsas verir ki, Azərbaycanda dərman mafiyasının fəaliyyətinə elə geniş imkanlar yaradılıb ki, artıq bu tendensiyanın qarşısını almaq müşkülə çevrilib. Çünki bir çox digər sahələrdə fəaliyyət göstərən sahibkarlar da, artıq bu sahəyə transfer olunublar. Hətta bir çox çörək istehsalı sahələri, ərzaq maqazaları bağlanıb, yerində apteklər açılıb. Dərman ticarəti elə gəlirli sahəyə çevrilib ki, həftənin 7 günü, sütkada 24 saat fəaliyyət göstərir və bunu xalqa xidmət kimi qələmə verməyə çalışırlar.
Xəstəxana, həkim, dərman mafiyasının vəhdəti, heç də insanların hansısa xəstəliklərdən xilas olması, normal həyata qayıtmaları üçün deyil, öz ciblərini doldurmaq üçün yaradılıb. Bəziləri isə bu birliyin yaranmasına əsas səbəb kimi, həkimlərin çox az maaş almalarını göstərirlər. Amma artıq etiraf etmək lazımdır ki, Azərbaycan həkimləri ciblərini soyduqları sadə vətəndaşlardan qat-qat artıq gəlirə sahibdirlər. Məsələn, Azərbaycanda bir fəhlə tikinti sektorunda 10 saat və daha artıq işləyib 30 manat qazanırsa, istənilən bir xəstəxanada, klinikada, yaxud poliklinikada adi bir həkim həmin fəhlədən 10-15 dəqiqəlik bir qəbul üçün ən azı 30 manat alır, üstəlik həkimin yanında olan tibb bacısına da 20 manat verməli olursan. Beləliklə, 8 saatlıq iş günündə həkim hər saatda bir xəstə qəbul etsə, ayda ən azından 1600 manat gəlir əldə etmiş olur. Mənim şahidi olduğum halda isə həkim bir iş günündə 20-25 xəstə qəbul edir. Məlumdur ki, ölkəmizdə minimum əmək haqqı cəmi 250 manatdır.
Ölkəmizdə hələ də həllini tapmayan əsas məsələlərdən biri də odur ki, həkim xəstənin müalicəsində heç bir məsuliyyət daşımır. Artıq 15 ildən çox zaman keçsə də ölkəmizdə «Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında» Qanun qəbul olunmur. Onu da «Gəlir bəyannaməsi haqqında» Qanunla 7 qıfıl arxasında gizli saxlayırlar. Buna da əsas səbəb dərman və müalicə sahələrinin böyük bir qisminin məmurların və deputatların himayəsi altında olmasıdır. Buna görə də, bu sahəyə kənardan heç kim müdaxilə edə bilmir. Xəstələr isə adi bir xəstəlikdən illərlə canlarını qurtara bilmirlər. Çünki həkim onlara müalicəsi üçün lazım olan dərman perparatları əvəzinə dərman adı ilə qida əlavələrini baha qiymətə sırıyır və bunun müqabilində dərman mafiyasından yaxşı pul alır. 
Bir neçə ay əvvəl Zaqataladan bir tanışım müalicə üçün Bakıya gəlmişdi. Həkim ona nə az, nə çox düz 467 manatlıq dərman resepti yazmışdı. Biz da bir tanış əczaçıdan öyrəndik ki, onların heç biri dərman perparatı deyil, sadəcə heç bir müalicə əhəmiyyəin olmayan qida əlavələridir. Yəni bu qida əlavələri insanı öldürmür, amma heç müalicə də etmir zatən.
Məhz bu səbəbdən də, hazırda bütün müalicə müəssisələrində böyük növbələr var , insanlar inanmasalar belə, son ümid yeri olaraq, son qəpiklərini də, bu ağ xalatlı ……….(kim nə ad istəyir düşünsün, mən düşündüyümü yaza bilmədim) verirlər.
Həkimlər isə öz vicdanlarını nəfsə qurban edərək, insanları soymaqdan vaz keçmir, bu zavallıları sözün bütün mənalarında gedər-gəlməzə yollayırlar. Xəstə yenidən həkimə müraciət edib, müalicənin heç bir müsbət nəticəsinin olmadığını dedikdə isə bütün günahı dərman mafiyasının üstünə atır ki, ölkəmizə gətirilən dərmanların hamısı saxtadır, bu mafiyanın isə Azərbaycanda heç bir ünvanı yoxdur.  
Yadımdadır, eks-səhiyyə naziri Oqtay Şirəliyev də zamanında bəyan etmişdi ki, Azərbaycanda satışa çıxarılan dərman perparatlarınin 80 faizi saxtadır. Belə olduğu təqdirdə ortaya maraqlı sual çıxır, saxta dərmanları ölkəmizə kim gətirir və gömrük nəzarətindən necə keçirir? Belə çıxır ki, ölkəmizdə fəaliyyət göstərən dərman mafiyası o qədər güclüdür ki, onun qarşısını heç kim ala bilmir. Əslində isə bu mütəşəkkil qruplaşmanın qarşısını almaq heç də çətin bir iş deyil.
Əgər «Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında» eyni zamanda, «Həkim məsuliyyəti haqqında» Qanun qəbul olunarsa, həkim xəstənin sağlamlığı üçün qanun qarşısında məsuliyyət daşıdığını hiss edərsə, dərman mafiyası bu dərəcədə geniş miqyasda əl-ayaq aça bilməz.
Əslində, hər bir vicdanlı həkim müalicə üçün ona müraciət edən xəstəyə görə məsuliyyət daşımalıdır. Xəstəyə, sadəcə gəlir mənbəyi kumi baxmamalı, dərman mafiyası ilə iş birliyinə girməməlidir. Bütün bu hallar aradan qaldırılmazsa, ölkəmizdə insanların şəfa tapması müşkül məsələ olaraq qalacaq. Həkimlər və dərman mafiozları isə bizdən taladıqlarl pullar hesabına gedib əcnəbi ölkələrdə müdlicə olunacaqlar.
Bu gün isə Azərbaycan vətəndaşları ərzaqdan çox pulu  həkim və dərmanlara xərcləyir. Aidiyyəti qurumlar isə bunu görməzdən gəlirlər.
Necə deyərlər, «Yiyəsiz dəyirmanda xoruz banlayar»
Yusif Seyid.