Azərbaycanın ƏN YAŞIL ŞƏHƏRİnin QARA GÜNLƏRİ - Mingəçevirin kim altını-üstünə çevirir...

10:25 14-05-2022 414

Kür çayının iki hissəyə ayırdığı Mingəçevir yaşıllıqları ilə də fərqlənir. Burada Azərbaycanın digər şəhər və rayonları ilə müqayisədə park və xiyabanların sayı çoxdur. Yayı isti keçən şəhərin insanları daha çox sərinləmək üçün Sahil parkına üz tuturlar. Burada şam ağacları üstünlük təşkil edir. Amma son günlər Kür çayının sahilində salınan parkda yaranan mənzərə ürək parçalayır.

 


Belə ki, Sahil parkında 100-ə yaxın Eldar şamı quruyub. Yerli sakinlər ağaclarda qurd xəstəliyi olduğundan belə mənzərə yarandığını bildiriblər. Şəhər sakini Famil Əmrahovun sözlərinə görə, parkın bir hissəsində şam ağacları yaşıl qaliblar, digər tərəfində isə quruyub məhv olublar:

"Parkın ərazisində əkilən şam ağacları bura xüsusi gözəllik verirdi. Hər tərəf yaşıllıq, kölgəlik olurdu. Yay aylarında axşam saatlarında şəhər bura axışırdı. Amma son dövrlər ağaclar kütləvi qurumağa başlayıb. Eşitdiyimə görə bu şamlara qurd xəstəliyi düşüb. Qabığı da elə soyula-soyula gedir. Nə qədər su verilsə də, heç bir xeyri olmadı, ağaclar qurudu. Onlar artıq parkda gəzən insanlar üçün də təhlükə mənbəyidir. Bir az külək olan kimi aşa bilərlər. Hündürlükdə olan quru budaqlar, qozalar kimin başına düşsə, ağır xəsarət yetirəcək. Təklif edərik ki, bu ağacları yeniləri ilə əvəzləsinlər. Ekologiyadan da gəlmişdilər, dedilər qurd düşüb ağaclara. Elə ona görə də quruyub məhv olub."

Sahil parkında 10-dan çox ağacın qabığı da soyulub. Şəhər sakini Namiq Verdiyev bunun uşaqlar tərəfindən edilə biləcəyini deyir: "Bu ağacların qurumasına susuz qalması da səbəb olub. Ötən illərə qədər ağacların suvarılması vaxtlı-vaxtında aparılmırdı. İndi də günbəgün quruyub məhv olurlar. Qabığı bəzən parkda gəzən uşaqlar da soyur. Ağac quruduğundan, qabığı da bir az qurdalayan kimi qopub düşür. Bu ağacların yerinə yenisi əkilməlidir. Burada yaşıllığın olması mütləqdir."

Ağacların kütləvi quruyaraq məhv olması şəhərin Heydər Əliyev prospekti, Füzuli parkı, eləcə də Fidail Abdullayev küçəsində də müşahidə edilir. Ümumilikdə şəhərdə 301 ağac xəstəliyə yoluxaraq, məhv olub. Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən də digər bölgələrdə olduğu kimi Mingəçevirdə də şam ağaclarının naməlum xəstəlik səbəbindən kütləvi şəkildə quruduğunu təsdiqlədilər. İdarənin rəis müavini Tahir Abdullayev qurumuş ağacların ekologiya idarəsinin mütəxəssislərinin rəyindən sonra ərazidən götürüləcəyini bildirib:

"Bir sıra rayonlarda olduğu kimi Mingəçevir şəhərində də Eldar şamlarının xəstəlik səbəbindən kütləvi quruması baş verib. Həmin ağacların aqibətinə gəldikdə onu deyə bilərəm ki, yerli ekologiya idarəsinin əməkdaşlarının ekspert rəyindən sonra onların götürülməsi və ya çıxarılması təyin olunacaqdır."

Yaşıllıqları ilə digər bölgələrdən fərqlənən Mingəçevirdə şam ağaclarının kütləvi şəkildə quruması bu şəhərin "ağ ciyər"lərinə ləkə salıb. 300-dən çox şam ağacının yenidən yetişdirilməsi isə o qədər də asan başa gəlməyəcək. //sputnik.az//



 

XalqXeber.Az