Populist siyasətçinin avantüralarının sonu...

13:36 29-09-2020 95

N.Paşinyan hakimiyyətə  Qərbin və erməni cəmiyyətinin diqqətini çəkən, ilk baxışdan demokratiya şüarları altında inqilab dalğasında gəldi. Lakin çox keçmədi ki, onun bəyan etdiklərinin saxta və populist söz yığınından ibarət olduğu ortaya çıxdı.

Əvvəlki hakimiyyətlərin korrupsioner mahiyyətindən cana doymuş erməni cəmiyyəti üçün Paşinyan obrazı cəlbedici görünsə də, əslində bu, hakimiyyətə gəlmək naminə bir populist siyasətçinin demokrat cildində oynadığı və ya oynadıldığı tamaşa idi...

Paşinyan erməni cəmiyyətini avantürasız öz təsiri altında uzun müddət saxlaya bilməzdi. Onun ilk belə addımı ondan ibarət oldu ki, Ermənistan vətəndaşı olan öz oğlunu hərbi qulluğa Qarabağa-Azərbaycan ərazisinə göndərdi, bu tamaşadan səhnələri manşetlərə çıxardı. Daha sonra siyasi ətrafı ilə bir yerdə, nümayişkəranə şəkildə Qarabağa müntəzəm səfərlərə başladı. Cəzasızlığına əmin olduqca, populist gedişlərinin öz cəmiyyətinə emosional təsirini hiss etdikcə, həmsədrlərin susqunluğundan istifadə edib növbəti səfərlərindən birində, Azərbaycan torpağında “Qarabağ Ermənistandır” kimi sərsəm bir bəyanat verdi, şüurlu şəkildə milli mənliyimizi aşağıladı. Çox keçmədi qədim Şuşamızda dırnaqarası “andiçmə mərasimini” keçirdi, Cıdır Düzündə kef məclisi qurdu, rəqs edib növbəti avantürist tamaşaya müəlliflik etdi.

Bütün bunlar təkcə bizim yox, həmsədrlərin, dünyanın gözü qarşısında baş verirdi. Lakin Ermənistanın siyasi hakimiyyətinə heç kim irad tutmurdu ki, onun etdikləri təhlükəli təxribat, danışıqları pozmaq deməkdir. Belə münasibət Paşinyan kimi populist birisini şirnikləndirməyə bilməzdi və o elə buna görə növbəti siyasi təxribata imza atdı. Elan etdi ki, Ermənistan münaqişədə ümumiyyətlə tərəf deyil, danışıqlar qondarma “Dağlıq Qarabağ Respublikası” ilə aparılmalıdır. Bu avantüranın məqsədi danışıqlar formatını dəyişdirmək, onu pozmaq, status-kvonu saxlamaq  idi.

Siyasi  təxribatlarını davam etdirən Paşinyan əndazəni bir az da aşdı və bildirdi ki, Ermənistanın nə az-nə çox yeddi şərti var. Dünya birliyi, o cümlədən həmsədrlikdə təmsil olunan güclər bu populist siyasətçini başa salmadılar ki, danışıqlar BMT-nin 27 il əvvəl qəbul etdiyi məlum dörd qətnaməsi əsasında aparıla bilər. Prezident İlham Əliyev Paşinyana təhlükəli və yanlış yolda olduğunu izah etdi, münaqişənin yeganə hüquqi həll variantını göstərdi: Ermənistan icrası məcburi olan  BMT qətnamələrinə əməl etməli, işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxmalıdır, azərbaycanlılar isə öz doğma torpaqlarına qayıtmalıdırlar...

Paşinyan hakimiyyətinin növbəti avantürası ondan ibarət oldu ki, Ermənistanın Müdafiə naziri  yeni ərazilər uğrunda yeni müharibə  çağırışını etdi. Lakin təxribatlar bununla da bitmədi.Yaxın Şərqdən etnik ermənilərin Qarabağa köçürülməsinə, qanunsuz məskunlaşdırma siyasətinin yeni mərhələsinə start verildi. Bu,1949 -cu il Cenevrə Konvensiyasının pozulması, növbəti hərbi cinayət, Qarabağda etnik dəyişim, işğal və ilhaq siyasətinin açıq-aşkar həyata keçirilməsi demək idi. Buna baxmayaraq, Ermənistan rəsmilərinə yenə də başa salan olmadı ki, onlar bununla danışıqlar prosesinə sarsıdıcı zərbə vururlar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının sammitində Paşinyanın üzünə qarşı açıq şəkildə bildirdi ki, Njdeni erməni millətinin qəhrəmanı elan edən Ermənistan siyasi hakimiyyəti faktiki nasizm ideologiyasının təbliği ilə məşğuldur. Bu ideologiyanın təməlində isə milli mənsubiyyətə görə etnik təmizləmə, irqçilik, dini və milli zəmində insanlığa nifrət dayanır. Dövlətimizin başçısı tarixi və hüquqi faktları saxtalaşdırmaq siyasəti yürüdən Paşinyanı Münhen Təhlükəsizlik Konfransında da ifşa etdi.

Bütün bu ifşalara baxmayaraq, iyulun 12-də Ermənistan siyasi təxribatlardan hərbi təxribata keçid aldı, dövlət sərhədinin Tovuz rayonu istiqamətində mülki məntəqələrimizi ağır artilleriya və minomyotlardan atəşə tutdu. Məqsədlərdən biri həmin ərazidən keçən strateji əhəmiyyətli enerji və nəqliyyat infrastrukturumuza zərər vurmaq, üçüncü tərəfləri münaqişəyə cəlb etmək idi. Ordumuzun qətiyyəti sayəsində bu təxribatın qarşısı alındı...

Ötən həftə BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, BMT Baş Assambleyasının 75-ci sessiyasında Prezident İlham Əliyev dünya ictimaiyyətinə Ermənistanın bu təxribatları barədə ətraflı məlumat verdi, ciddi bəyanatlarla çıxış etdi. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrini saya salmayan Ermənistan yeni təxribata, yeni müharibəyə hazırlaşır.

Prezidentimiz dünya dövlətlərini bu növbəti təcavüzün qarşısını almağa çağırdı. Cənab Prezident sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz  üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etdi və Avropa Komissiyasına Ermənistanla bağlı açıq ismarıcını  göndərdi:

Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”...

Təəssüf ki, bu bəyanat və məlumatlandırmalar Ermənistanın hərbi avantürasını durdura bilmədi. Sentyabrın 27-də ağır artilleriya və iriçaplı silahlardan hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz intensiv atəşə tutuldu. Təkcə Naftalan rayonunun Qaşaltı kəndində  Elbrus Qurbanov və ailəsinin dörd üzvü faciəvi şəkildə həlak oldular, hərbi qulluqçularımız arasında  şəhid olan və yaralılar var. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.

Ordumuz düşmənin hücumunu dəf edib, əks-hücum əməliyyatına başlayıb. İlk uğurlarımız var, düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Ermənistandan fərqli olaraq Ordumuzun hədəfində mülki əhali yox, düşmənin silahlı birləşmələridir.

Ermənistan parlamenti sentyabrın 27-də hərbi vəziyyət elan edib. Dünənə qədər münaqişədə tərəf olmadığını deyən Paşinyan parlamentdə deputatlara belə bir müraciət edib:

“Əgər siz Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtariyyat, hətta ən yüksək səviyyədə muxtariyyat statusu ilə qalmasına razısınızsa, biz indidən geri çəkilək”.

Deputatlar yox cavabı veriblər. Təkcə bu faktın özü o deməkdir ki, Ermənistan təcavüzkar və işğalçı siyasətindən əl çəkmək, beynəlxalq hüquqa əməl etmək fikrində olmayıb və indi də deyil. Bu dövlət münaqişədə iştirak edən işğalçı tərəfdir, çoxsaylı hərbi cinayətlərin müəllifidir. Cinayətkar isə mütləq cəzalandırılmalıdır. Danışıqlar masasında beynəlxalq hüquqa tabe olmayan və hərbi-siyasi təxribatlarını davam etdirən işğalçı Ermənistan Azərbaycana əks-hücumdan başqa yol saxlamadı.

TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!

Biz həqiqətən də Vətən müharibəsinə başlamışıq: ölmək üçün yox, Qarabağımızı işğaldan azad etmək, milli qürurumuzu və heysiyyətimizi qorumaq, şəhidlərimizin ruhunu rahat etmək naminə. Haqq və ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Xalqımız hər an Ali Baş Komandanın əmrinə hazırdır, bir nəfər kimi Ordumuzun arxasındadır. Cənab İlham Əliyev Azərbaycanın haqq və ədalət, ərazi bütövlüyü və müstəqilliyi uğrunda mücadilə verdiyini dünya birliyinə bir daha bəyan etdi:

Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Milli Məclisin deputatı

Ülvi Quliyev