Yeni müharibə və yeni sülh şərtləri-ANALİZ

20:57 29-09-2020 75

Azərbaycan heç bir şərtlə Rusiyanın nüfuz dairəsinə qayıtmamalı, onun “sülhməramlı”larını qəbul etməməlidir

 

Yenixeber.org: Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu davam edir və cəbhədən gələn xəbərlərə görə, ordumuz bir sıra yaşayış məntəqələrini, strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edib.

Ölkənin bütün resursları müharibəyə istiqamətləndirilir. Parlament hərbi vəziyyət elan edib, prezident qismən səfərbərlik haqqında sərəncam verib. Dünyanın diqqəti də Azərbaycanın Dağlıq Qarabağ ətrafında həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyata yönəlib. Dünya mediası bu haqda xəbər və şərhlər yayır, beynəlxalq təşkilatlar, böyük dövlətlər döyüşlərin dayandırılması ilə bağlı münaqişə tərəflərinə müraciət edir. BMT Təhlükəsizlik Şurası bu gün Almaniyanın tələbi ilə vəziyyəti müzakirəyə çıxaracaq.

Hadisələrin gedişi göstərir ki, həm hərbi, həm siyasi-diplomatik sahədə situasiya Azərbaycanın maraqlarına tam cavab verir. Əvvəla, ordunun keçirdiyi əməliyyat kifayət qədər uğurlu alınıb, ortada ciddi nəticələr var və Ermənistan rəhbərliyinin etirafları, tez-tez beynəlxalq ictimaiyyətə müraciət etməsi də bunu təsdiqləyir.

İkincisi, üç onillik tarixi olan Qarabağ münaqişəsi nəhayət, dünyanın diqqət mərkəzinə gəlib, BMT, NATO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası vəziyyətdən narahatlıq ifadə edərək təcili tədbirlər haqqında müzakirələrə başlayıb, münaqişə tərəflərinə atəşkəs çağırışları edilir. Bu, Azərbaycanın xeyrinədir, çünki ölkənin təxminən beşdə biri – BMT tərəfindən tanınmış əraziləri işğal olunub, Ermənistan bütün diplomatik, siyasi cəhdlərə, beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, indiyədək işğaldan əl çəkməyib. Hərbi əməliyyatlar beynəlxalq ictimaiyyətin Azərbaycan torpağı kimi qəbul etdiyi ərazilərdə gedir və buna Azərbaycanın tam haqqı çatır. Keçirilən hərbi əməliyyat BMT Nizamnaməsinə uyğundur. Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə şübhəsiz ki, bu reallıq qiymətləndiriləcək.

Qarabağ probleminin beynəlxalq diqqətə gəlməsi onun sülh yolu ilə həlli ilə bağlı real təşəbbüsləri meydana çıxara bilər. Nəzərə almaq lazımdır ki, həm beynəlxalq münasibətlər sistemi, həm Cənubi Qafqaz regionu, həm buradakı maraqlı güclər, həm də münaqişə tərəfləri 90-cı illərdəki vəziyyətdə deyil. Xüsusən, Azərbaycan hərbi, siyasi, iqtisadi baxımdan müqayisəyəgəlməz dərəcədə güclənib, beynəlxalq birlikdə özünəməxus yer tutub. Enerji, nəqliyyat sektoruna Qərbin irimiqyaslı sərmayələrini cəlb edib, beyləlxalq layihələr icra edərək Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayır. Bu illər ərzində Avropa strukturlarına inteqrasiya prosesi zəif getsə də, mühüm ölkələrlə ikitərəfli iqtisadi, siyasi əlaqələr qurulub.

Bundan başqa, Azərbaycan hərbi cəhətdən xeyli güclənərək Ermənistandan üstün mövqe əldə edib. Hərbi araşdırmalar üzrə ixtisaslaşan təşkilatların hesabatlarına görə, hərbi-texniki üstünlük birmənalı olaraq Azərbaycanın tərəfindədir.

Daha bir üstünlük bölgədə mövqelərini xeyli möhkəmləndirə bilmiş Türkiyə ilə hərbi-siyasi ittifaqın dərinləşdirilməsidir. Məlumdur ki, münaqişənin tarixi boyu bu sahədə Rusiyanın dəstəyi ilə Ermənistan ciddi imkanlar qazanıb. Azərbaycan bu ölkə ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirsə də, Moskvanın siyasi dəstəyini əldə edə bilməyib. İndi Türkiyə ilə müttəfiqlik münasibətlərinə yüksələn əməkdaşlıqla Bakı balansı bərpa edə bilib. Türkiyə ilə keçirilən birgə hərbi təlimlər, hərbi bazaların qurulması ilə bağlı aparılan məsləhətləşmələr, bu ölkənin hərbi-sənaye kompleksi ilə bağlanan müqavilələr Azərbaycana yeni imkanlar açır.

Şübhəsiz ki, beynəlxalq ictimaiyyətin mövqeyi münaqişənin həllində ciddi əhəmiyyətə malikdir. BMT Təhlükəsizlik Şurasının hansı qərar verəcəyi bu baxımdan çox önəmlidir. Ehtimal etmək olar ki, beynəlxalq vasitəçilik missiyasi bu dəfə fərqli şəkildə gündəmə gələ bilər. Regionun əsas oyunçuları Rusiya və Türkiyənin Suriyada, Liviyada əməkdaşlıq təcrübəsinin hansısa formada Qarabağda tətbiqinin nəzərdən keçirilməsi mümkündür.

Bu zaman Azərbaycan Türkiyənin dəstəyi ilə əldə etdiyi üstünlükdən heç bir şəkildə sıfır nöqtəsinə geri çəkilməməlidir. Hərbi əməliyyatların mümkün qədər daha uzun müddətdə davam etdirilməsi, işğalçı ordunun sıxışdırılıb çıxarılması Qarabağın statusu ilə bağlı gələcək danışıqlarda mühüm əhəmiyyətə malikdir. Bu zaman Bakının danışıqlarda qaldırdığı işğalda olan 7 rayonun boşaldılması, Azərbaycanın suverenliyi çərçivəsində erməni icmasına muxtariyyət verilməsi mövqeyi keçərli ola bilər.

Hazırda ictimaiyyəti narahat edən məsələlərdən biri müharibənin aprel (2016) və iyul (2020) döyüşlərində olduğu kimi dayandırılması, Rusiyanın təzyiqi ilə sülhməramlı missiyası adı altında rus qoşunlarının Azərbaycan hüdudlarına daxil olması ilə bağlıdır. Bakı heç bir halda, hətta Rusiyanın Türkiyə ordusu ilə paralel, sülhməramlı missiya həyata keçirməsinə razılaşmamalıdır. Çünki bu, Azərbaycanın yenidən Kremlin boyunduruğuna qayıtması, Qarabağın əbədi itirilməsi demək olar.(pressklub)

Turqut