Qorxu sindromu

18:53 30-09-2020 65

“Vətənpərvər”  milli quldurlar

 Hə millət, gəlin açıq etiraf edək ki, bu gün ən çox tənqid olunan sahələrdən biri, milli mətbuatımızdır. Səbəbinə bir qədər dərindən diqqət etdikdə, insanda belə bir fikir yaranır ki, ölkədə milli mətbuatı qaralamaq üçün xüsusi bir şəbəkə fəaliyyət göstərir. Məqsədi də mətbu sözü kəsərdən salmaqdır. Mən iddia etmirəm ki, bizim mediamızın heç bir nöqsanı yoxdur. Əksinə, yetərincə nöqsanlarımız var, lakin cəmiyyətimizin digər sahələrindən azdır ki, çox deyil. Əsas hədəf isə "müstəqil" mediadır. Müstəqil sözünü ona görə dırnaqda yazdım ki, canım məmləkətdə nəinki müstəqil media, (bəzi istisnaları çıxmaqla) müstəqil insan belə tapmaq mümkün deyil. Bilirsiniz niyə? Sosial qorxu bütün cəmiyyəti bürüyüb, o cümlədən medianı. Jurnalistlərin daxilinə elə bir senzura xofu (maddiyatdan məhrumiyyət) salınıb ki, hər kəs reallıqdan çıxış etmək imkanından məhrum edilib, yəni "dinərsən, çörəyini kəsərik".  Sonra da iddia edirlər ki, ölkədə peşəkar jurnalist yoxdur, jurnalistlər araşdırma yazıları hazırlaya bilmir və s. Amma bunun səbəbini heç kim dilə gətirmir. Jurnalistikanın ən maraqlı sahəsi olar ardırmaya nə üçün maraq azalıb? Çünki Azərbaycanda aradırma aparmaq müşkül məsələyə çevrilib. Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, bu gün ölkəmizdə yetərincə araşdırma aparmaq gücündə olan jurnalistlər var. Lakin onlara bu imkanı nə cəmiyyət, nə dövlət, nə də çalışdıqları media orqanları yaradır. Təxmini hesablamalara görə, bir araşdırma yazısının hazırlanması üçün ən azından 10-15 gün vaxt və 100-500 manat civarında pul vəsaiti lazımdır. Bunun müqabilində juranlistin aldığı isə ən yaxşı halda, 20-30 manat qonarar olacaq.

Onu da etiraf edək ki, bu gün Azərbaycan cəmiyyətinin özü də reallıqdan qacır, sanki.  Məmurları, sahibkarları, icra strukturlarının rəhbərlərini, hətta deputatları belə, başa düşdük. Onların fəaliyyətlərində o qədər qaranlıq məqamlar var ki, onlar, ümumiyyətlə "ipə-sapa yatmayan" jurnalistlərə düşmən kimi baxır və onlarla əməkdaşlıqdan qaçırlar.

Çünki danışdıqları halda fəaliyyətlərindən məhrum olacaqlarında qorxurlar. Məmur vəzifəsini, sahibkar işini itirəcəyindən qorxur. Bu qorxu hissi onlara imkan vermir ki, jurnalistlərin araşdırdığı məsələyə doğru-dürüst yanaşsınlar, və reallıqdan çıxış etsinlər.

Məhz buna görə də, bugün ölkəmizdə keçirilən manitorinqlər, sosial sorğular da heç bir reallığı əks etdirmir.

Bununla belə, diqqət edin, hansısa məmura, yaxud dövlət adamına, deputata, sahibkara mövcud nöqsanlar barədə sual verdikdə, yaxud irad tutduqda, "juranlist deyilsən, get, yaz",-deyərək, həmin nöqsanlara görə jurnalisti ittiham etməyə cəhd edirlər. Həmin məmurun, deputatın, yaxud sahibkarın fəaliyyəti barədə məlumatı ictimailəşdirdikdə isə tez məhkəməyə üz tuturlar ki, "bizim işgüzar fəaliyyətimizə, nüfuzumuza zərər vurublar". Quldura-quldur, talançıya-talançı, inhisarçıya- inhisarçı, korrupsionerə-korrupsioner demək, nə vaxtdan cinayət olub? Bax, bunu bilmirəm. Bildiyim odur ki, bu milli quldurlar həmin yolla  jurnalistləri susdurmağa çalışırlar və məhkəmələr də, bir qayda olaraq onların mövqeyini müdafiə edir. Məhz buna görə də, ölkədə mövcud olan sosial gərginlik gizli qalar. İnsanlar öz narazılıqların heç kimə çatdıra bilmir. Bu sükuta nail olan məmurlar çetesi hesab edir ki, əgər insanlar susursa, deməli haqsızdırlar. Bu da sonradan daha böyük faciələrə səbəb ola biləcək sosial partlayışa zəmin yaradır.  

Bütün qeyd etdiklərimi diqqətə çatdırmağa məni vadar edən, bugünlərin ən aktual mövzularından bir olan "rusdilli təhsil" problemini araşdırılması üçün apardığım çabalar oldu.

Müraciət etdiyim dövlət məmurları, ümumiyyətlə bu mövzuda danışmaq istəmirlər. Məktəb direktorları, müəllimlər isə bu problemin müzakirəsi ilə razılaşmasalar da, bunu açıq söyləməkdən çəknir, adlarının mətbuatda hallanmasından qorxurlar. Ən maraqlısı odur ki, istər rusdilinin tədrisinə tərəfdar olan, istərsə də bunun əlehdarları belə, adlarının mətbuatda çəkilməsini istəmir.

Qorxu hər bir insana xas xüsusiyyətdir. Heç kim deyə bilməz ki, mən heç nədən qorxmuram. Amma hər şeyin həddi olduğu kimi, qorxunun da həddi olmalıdır.

Yenə də təkrar edirəm, məmuru, sahibkarı, hətta deputatı başa düşdük. Onların kiməsə xoş gəlməyən bir fikr söyləyəcəyi halda itirəcək çox şeyləri var. Bəs, adi vətəndaş nədən qorxur? Bunu başa düşə bilmirəm.

Buna görə də hesab edirəm ki, hər yeni təhsi ili ərəfəsində müzakirəyə çıxarılan rusdilli təhsi problemi də, məhz bu qorxudan meydana gəlir. Bəziləri rus dilinə yox, ölkəmizə qarşı yüz illərdir davam edən rus imperialist siyasətinə etiraz edir və bu nifrəti rus dilinə yönəldir. Həmin vətənpərvərlər hesab edir ki, biz rus dilində təhsil almaqdan imtina etsək, rus imperializminə böyük zərbə vurmuş olaraq. Amma heç kim anlamaq istəmir ki, burada itirən yenə də biz olacağıq. Bunun üçün də rus dilində təhsildən imtina etmək yox, rusdilli azarbaycanlıların milli ruhda tərbiyə olunmasına diqqət ayırmaq lazımdır. Bu gün rus dilində təhsil alanların, yaxud da uşaqlarının rus dilində təhsi almasın istəyənlərin əsas arqumentləri odur ki, bu dildə təhsil alanların intellektual səviyyəsi yüksək olur, onlar istənilən bir cəmiyyətə daha tez inteqrasiya və adaptasiya olunurlar və s. İndi təsəvvür edin ki, biz rusdilli məktəbləri bağlamaqla nəyə nail oluruq? Yüksək savad almış insanlardan. Buna görə də rusdilli məktəbləri bağlamaq çıxış yolu deyil. Əksinə, azarbaycan dilli məktəblərdə təhsilin səviyyəsini elə bir həddə qaldırmalıyıq ki, rusdilli məktəblər onun kölgəsində qalsın. İnsanları zor gücünə yox, təkamül yolu ilə öz ana dilində oxumağa cəlb etməliyik. Elə bir mühit yaratmalıyıq ki, ölkəmizdə yaşayan əcnəbilər belə, azarbacandilli məktəbərdə oxumağa maraq göstəsinlər. Yoxsa ki, rusdilli məktəblərin qapılarına qıfıl vurmaqla nəyə nail olacaqsınız? Bir bunu düşünün barı...

Əgər biz demokratik bir cəmiyyətdə yaşayırıqsa, qlobalaşan dünyamıza inteqrasiya etmək istəyirksə, kimin hansı dildə təhsil alması, onun şəxsi işidir. Zor gücünə vətənpərvərlik olmur. Vətənpərvərlik, vətənsevərlik insanın qanında, ruhunda olmalıdır. Onun hansı dildə təhsil alması burada heç bir rol oynamır. Bu gün vətənimizdən uzaqlarda doğulub-böyüyən, alman, ingilis, türk, rus və s. dillərdə təhsil alan minlərlə, yüzminlərlə soydaşlarımız var ki, qəlblərində Azərbaycan sevgisi, Vətən həsrəti yaşadırlar. Onlar, azərbaycan dilində danışa bilmirlər, buranı heç görməyibər də, amma ürəkləri Azərbacan sevdası ilə döyünür.

Eyni zamanda, bu gün Azərbaycanda minlərlə insan var ki, burada doğulub, böyüyüb, doğma dilində təhsil alıb. Amma hazırda işi-gücü xalqı, dövləti talamaqla topladığı sərvəti müxtəlif yollarla xaricə daşımaqla məşğuldur. Belə milli quldurların artıq ailələri, övladları çoxdan vətənini tək edib, xaricdə məskunlaşıblar. Onlar üçün vətən ancaq pul, var-dövlət, sərvət toplamaq üçün vasitədir.  

Əgər rusdillilər, "İtə ataram, yada satmaram",-deyirlərsə. Həmin milli quldurlar, "Millət necə tarac olur-olsun", prinsip və fəlsəfəsilə yaşayırlar. Bax, əsas məsələ də elə budur. Bu fəlsəfəni dəyişmək üçün cəmiyyətdə dilimizə münasibəti dəyişmək lazımdır.

Bir küçələrə çıxın, ətrafı seyr edin. Əlində xalqdan taladığı beş on manatı olan biri otel, restoran, kafe açır, ona elə bir ad qoyur ki, mənasını heç özü də bilmir. Bu, günümüzün bəlası deyil. Tarix boyu belə olub, belə də olacaq. Çünki bizim yüzlərlə, minlərlə alimimiz olsa da, heç kim Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində dəyərli bir konsepsiya ortaya qoymayıb.

Məsələn, nə üçün biz ərəb-fars, latın, yaxud kiril əlifbası ilə təhsil almalıyıq? Bu gün müxtəlif səviyyələrdə rus dilinin qadağan olunmasını tələb edən alimlərimiz, ziyalılarımız  

bu millət, bu xalq üçün bir əlifba hazırlaya bilmirsə, tələb etdikləri nədir? Bilmirəm.

Rus, ingilis dilində təhsil alanları düşmən elan etmək asandır. Yaxşı, onların ərəb-fars, latın, kiril əlifbası ilə oxuyanlardan fəriq nədir? Keçən əsrin əvvəlində babam Məhəmməd kişi ərəb əlifbası ilə təhsil alıb, ondan sonra atam latın əlifbası ilə, mən kirillə, övladlarım latın qrafikalı Azərbaycan dilində. İndi kim bu xalqa təminat verə bilər ki, bir müddət 10-20-50 il sonra hakimiyyətə İslam təmayüllü birisi gələrsə, o elan etməyəcək ki, "Dinimiz İslam, ulu babalarımız ərəb dilində təhsil alıb və biz də ərəb dilinə qayıtmalıyıq". Deməli, nəvə-nəticəmizi də, yenidən ərəb dilində oxumağa məcbur edəcəklər. Onda da elan olunacaq ki, latın qrafikası ilə oxuyanlar, bu millətdən deyillər.

Necə olur ki, yeri-yurdu, məkanı məlum olmayan ermənilərin öz əlifbası olur, bizim yox. Necə olur ki, sayları bizdən 3-5 dəfə az olan gürcülərin, latışların, estonların öz əlifbaları olur, bizim yox? "Rus dilində oxuyanlar bizdən deyil",-deyənlər, heç bu barədə düşündülərmi, görəsən?   

Bugün Azərbaycanda fəaliyyət göstərən firma və şikətlərin iş prinsipinə diqqət edin, rus və ingilis dilini bilməyənlər həmin yerlərə işə qəbul olunmurlar. Hətta elə peşələr var ki, orada hansı dildə danışmağın heç bir fərqi yoxdur. Bununla belə, rus və ingilis dilini bilənlərə üstünlük verilir. Bu, Azərbaycanda azarbaycanlıların diskriminasiyası deyil, bəs nədir? Bunu görən və buna dözməli olan valideyin uşağını hansı məktəbə qoysun? Belə olduğu təqdirdə hansı əsasla rusdilli olmağı qəbahət hesab edirsiniz, cənablar?

Mən savadsız bir adamam, alimliyə də iddiam yoxdur. Buna görə də sual edirəm: necə oldu ki, sovet dönəmində ermənilərin, gürcülərin, latışların, estonların əlifbası dəyişmədi, Azərbaycanda 3 dəfə dəyişdirildi? Bunun açıqlamasın bilən varmı?

Mən rus dilində təhsilə etiraz edənləri də normal qarşılayıram. Bəli, biz özümüz-özümüzə qiymət verməsək, bizi heç kim qiymətləndirməyəcək. Buna görə də, yuxarıda qeyd etdiyim kimi, rusdilli məktəbləri bağlamaq yox, Azərbaycandilli məktəblərdə təhsilin səviyyəsini elə həddə çatdırmaq lazımdır ki, ruslar da həmin məktəblərdə təhsil almaqda maraqı olsunlar. 

Necə olur ki, rusdilli məktəblərdə təhsi daha yüksək səviyyədə olur? Bunun səbəbini tapmaq, bu müsbət təcrübədən yararlanmaq lazımdır. Yoxsa ki, rusdilli məktəblər bağlansın, rus dilində təhsil pullu olsun, kimi şüarlar kimə və nəyə lazımdır, yaxud kimə və nəyə xidmət edir?

P.S. Azərbaycandilli məktəblərdə təhsilin səviyyəsini qaldımaq üçün, təhsili biznesdən ayırmaq lazımdır. Bu gün Azərbaycandilli məktəblər direktorun və müəllimlərin biznes şəbəkəsidir. Bu şəbəkə dağılmadıqca, təhsilin səviyyəsi də qalxmayacaq. Buna əmin olun. Bu aksiomu Azərbaycanda hər kəs bilir. Bilməzdən gəlməyə cəhd etməyin. Reallıq nə qədər acı olsa da, onu həzm etmək lazımdır. Mətbuatı bütün bunlara münasibət bildirməməkdə ittiham etməklə, reallıqdan qaçmaq mümkün deyil. Reallığın gözünə dik bax ki, o səndən çəkinsin, əks təqdirdə uduzacaqsan, udulacaqsan

P.P.S. Diqqətinizə çatdırım ki, bu yazı şanlı ordumuzun Qarabağ mücadiləsinə başlamasından bir həftə əvvəl yazılıb. Yerinə düşməyən yazı kimi qəbul etməyin. 

 Yusif Seyid