"Pikap" problemi

18:55 30-09-2020 75

Fövqaladə "səfərbərliyə" ehtiyac varmı?

 Ötən həftə Azərbaycan cəmiyyəti çox maraqlı, həm də acınacaqlı təəssurat yaradan hadisələrin şahidi oldu. Ümumilikdə götürdükdə orta statistik azərbaycanlı bu gün müharibə yolu ilə işğal altındakı torpaqların azad edilməsini ürəkdən arzulayır. Hətta, bəziləri bunu vacib sayır, başqa yolumuzun olmadığını bilir. Cəmiyyətdə belə bir əhval-ruhiyyə olduğu halda, hökumətin həyata keçirdiyi tədbirlər qeyri-adekvatdır.

 Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) tərəfindən sentyabr ayının 20-si, bazar günü, günün ikinci yarısında, bəzi çağırışçılara isə gecə saatlarında ərazi icra nümayəndələri tərəfindən çağrış vərəqəsi verilib. Bütün ölkə ərazisində çağırış təqdim edilən gənclərə bildirilib ki, səhər saat 9.00-da "vayenkomatda" olun, bəzi sənədlərə qol çəkib, sonra evə qayıdacaqsınız. Lakin çağırışçılar SHXÇDX-nın həyətinə daxil olan kimi onlara deyiblər ki, sizi təlimə göndərmək üçün çağırmışıq, ona görə də sənədlərə imza atın və hərbi hissəyə yollanacaqsınız. Xidmətin rəsmi internet səhfəsində yalnız 21 sentiyabr 2020-ci il, saat 9.53-də aşağıdakı məlumat yerləşdirilib: "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir". Əvvəla, belə çıxır ki, indi təlimə cəlb edilən bütün çağrışçıları aldadıb aparıblar, çünki evdən çıxanda heç kimin xəbəri olmayıb ki, o, bir neçə günlük və ya bir aylıq hərbi təlimə gedir. Bu, birincisi utanc gətirən bir haldır, guya gənclərimiz hərbi təlimdən, erməni dığaları ilə vuruşmaqdan yayınır, SHXÇDX isə onları zorla döyüşə aparır.

Həmin gün mənim telefonum susmadı, hamının da bir sualı var idi: "Uşaqları müharibəyə aparırlar?". Bazar günü axşamdan başlayan zənglərə səhər saat 10.00-a qədər dəqiq cavab verə bilmədim. Çünki bu barədə heç bir xəbər və ya dövlət resurslarında məlumat yox idi. Hər zəng edənə yalnız öz məntiqimlə anlatmağa çalışırdım ki, birincisi hələ müharibə başlamayıb ki, əlavə canlı qüvvəyə ehtiyac yaransın. İkincisi,  heç kimi evindən çağırıb, təlimsiz-filansız müharibəyə aparmaq olmaz. Üçüncüsü, Azərbaycan Ordusunun ehtiyat qüvvələrdən istifadə etmədən azı bir il davamlı müharibə aparmaq qüdrəti var və s. Sonradan SHXÇDX-ın rəhbəri çıxıb inflomasiya kanallarında cəmiyyətə dərs keçir ki, bu filan qanunun filan maddəsinə əsasən adi prosedurdur. Bu xəbər xidmətin internet resurslarında da yerləşdirildi, həmin xəbəri yuxarıda diqqətinizə çatdırdıq.

Düzdür, qanuna əsasən ehtiyatda olan hərbi vəzifəlilər mütəmadi olaraq hərbi təlim-məşq toplantılarına cəlb edilməli, hərbi vərdişləri yenilənməlidir. Lakin 2016-cı ildən bəri bir nəfər də ehtiyatda olan hərbi vəzifəli təlim-məşq toplantılarına cəlb edilməyib. Ortaya sual çıxır, biz müharibəyə belə hazırlaşırıq - cəbhədə atəş səsləri intensivləşəndə cəmiyyəti silkələmək üçün 5-10 ehtiyatda olan hərbiçini təlim-məşq toplantılarına çağırırıq? Normal hərbi müdafiə sistemi qurmaq, hər an əlimizin altında hərbi bacarığa malik ehtiyat qüvvə saxlamaq istəyiriksə, bu cür təlimlər mütəmadi keçrilməlidir. Bununla yanaşı, həmin tədbirlərə cəlb edilən gənclər elə stimullaşdırılmalıdır ki, onlar bu təlim-məşq toplantılarına həvəslə getsinlər.

Bu yerdə qeyd edək ki, sonuncu dəfə ötən il Gürcüstanda analoji təlim-məşq toplantıları keçirilib. Həmin tədbirlərə qatılmalı olan hərbi mükəlləfiyyətlilər bir ay əvvəl çağırış vərəqəsi alıblar. Həmin çağırış vərəqəsində göstərilirdi ki, rəsmi iş yeri varsa, həmin iş yerində əmək haqqı 100 faiz saxlanılacaq. Bundan əlavə həmin şəxslər həm də  kompensasiya alacaqlar. Kompensasiya işləyib minimum əmək haqqı alanlar üçün 600 manat, yüksək əmək haqqı alanlar üçün 400 manat, işləməyənlər üçün isə 800 manat müəyyən edilib. Bizdə isə hərbi vəzifəlilər təlim-məşq toplantılarında iştirak etdikləri müddətdə, yalnız iş yerləri üzrə əmək haqları tam həcimdə saxlanılması nəzərdə tutulur. Son olaylar göstərdi ki, ölkənin əmək qabiliyyətli əhalisinin tən yarısı rəsmən işsizdir, amma onlar acından ölmür, gedib hardasa qeyri-rəsmi olaraq işləyib ailəsin saxlayır. Biz qeyri-rəsmi olaraq işləyib ailəsini saxlayan gənci təlim-məşq toplantısına aparırıq və ona əmək haqqı da vermiriksə, onun ailəsi necə dolanmalıdır?

Digər tərəfdən, hərənin öz iş prinsipi var, hərə həyat və dolanışığını bir formada qurur, heç kim əlini gözünün üstünə qoyub gözləmir ki, görək məni haçan hərbi təlim-məşq toplantısına çağıracaqlar. İşini planlaşdırmaq məqsədi ilə təlim-məşq toplantısına cəlb ediləcək hərbi vəzifəli azı bir ay əvvəl onun bu tədbirə çağılacağı tarixi bilməlidir. O ki qaldı, belə təlimlərdən yayınmanın aradan qaldırılmasına, fövqaladə çağrış çıxış yolu deyil. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, çağrışslar stimullaşdırılmalıdır, bu, Gürcüstandakından daha yüksək səviyyədə olmalıdır. Ona görə ki, birincisi, onlardan fərqli olaraq biz daha imkanlıyıq, ikincisi isə biz müharibəyə hazır olmalıyıq, qonşuluqda rusun zəncir gəmirən köpəyi hər gün bizə sarı hürür. Bu tədbirlərdən sonra da hərbi təlimlərə qatılmaq istəməyən gənclərimizin heç bu təlimlərdə iştirakı məsləhət deyil, kifayət qədər döyüşmək istəyən vətəndaşlarımız olduğu halda, onlara heç bir ehtiyac yoxdur: "Kəmsiklə gedən köpəyin sürüyə xeyiri yoxdur". Ən yaxşı halda bu tədbirlərə qatılmaq istəməyən hərbi vəzifəlilərdən pul kompensasiyası tələb etmək olar. Bunun üçün isə qanunveiciliyə dəyişiklik etmək gərəkir.

Cəmiyyətdə narahatlıq yaradan digər məsələ isə yük yeri geniş olan, "pikap" adlandırılan maşınların yığılması oldu. Əvvəl şaiyə yayıldı ki, bütün bu qəbildən olan maşınlar dövlət tərəfindən müsadirə edilir. Sonradan isə Dövlət Yol Polisi açıqlama yaydı ki, müharibə şəraitində dövlətin belə maşınlardan istifadə etmək hüququ var və bu qanunda da öz əksini tapıb, çox gözəl. Lakin bu maşınlar gələcəkdə müharibə olarsa, istifadə ediləcəyi ehtimalı oluğu üçün yığılıb texniki baxışdan keçirilir, sonra isə sahibinə qaytarılır. Bu iş də DYP tərəfindən anormal formada həyata keçirildi. Əgər belə bir təşəbbüs varsa, əvvəlcədən bu markalı maşını olan vətəndaşa çağırış edilməlidir ki, nəqliyyat vasitələrinizi filan tarixədək texniki baxışdan keçirin, cağırışa əməl etməyənləri hərəkət zamanı saxlamaq olar.

Bu, məsələnin bir tərəfi, digər tərəfdən, ölkə üzrə hər il bütün nəqliyyat vasitələri DYP-da texniki baxışdan keçir. Müdafiə Nazirliyi DYP internet resurslarına müraciət etməklə bu tip bütün maşınların texniki vəziyyəti ilə tanış ola bilərdi. Bu təqdirdə heç "pikap" sahibi bilməzdi ki, onun maşını barədə hansısa dövlət orqanı maraqlanıb. Lakin məsələyə bir qədər fərqli prizmadan yanaşdıqda çox maraqlı mənzərəyə şahid oluruq. Hər il dövlət büdcəsinin 15 faizə qədəri və yaxud da 3-4 milyard manatı müdafiə və təhlükəsizlik məsələlərinə xərclənirsə, dövlət nə üçün gözünü vətəndaşın şəxsi və xüsusi mülkiyyətinə dikməlidir? Bir günün içində 200 "London taksi", 500 "BakuBus" avtobus sifariş verə, 2 milyard xərcləyib, Avropa olimpiyadası, hər il bir milyard xərcləyib «Formula 1» keçirə bilirik, amma cəbhə üçün min ədəd "pikap" ala bilmirik?

 Akif Nəsirli