Sülhəddin Əkbər: “Bu həssas məqamı Kreml nəzərə alır”

19:04 30-09-2020 65

Artıq dörd gündür Dağlıq Qarabağda baş verən əməliyyatlarla bağlı Rusiyanın siyasi dairələrində ziddiyyətlər müşahidə olunmaqdadır. Təhlükəsizlik şurası və hökumət üzvləri müəyyən mövqelər sərgiləməkdədirlər. Qarabağdakı hazırkı durum Rusiya siyasi elitası arasında fikir haçalanmasına səbəb olur.

Burada ermənipərəst  siyasilər Rusiyanın Azərbaycana və Türkiyəyə sərt mövqe göstərməsi üçün bütün mümkün vasitələrdən istifadə edirlər.

Lakin ənənəvi rus dövlətçi ictimai-siyasi nümayəndələri Qarabağdakı hazırkı hərbi əməliyyatda Azərbaycanın haqlı mövqedə olduğunu, Rusiyanın bu işdə Azərbaycanın daxili işinə qarışmamasını, hələlik müşahidəçi mövqedə olmağını tövsiyə edir. Müşahidələr onu deməyə əsas verir ki, bu iki qrup arasındakı gedən fikir dartışması Rusiyanın Azərbaycanı və Ermənistanı itirmək yaxud itirməməklə bağlı deyil, bütövlükdə bu fikir Cənubi Qafqazın üzərindədir. Bunu dəyişən geosiyasi, geoiqtisadi reallığı nəzərə alıb demək olar.

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər hazırkı vəziyyətlə bağlı fikirlərini Paralel. qəzeti ilə bölüşdü.

- Rusiya Azərbaycanı itirərsə, bu bütövlükdə Cənubi Qafqazı itirmək anlamına gəlir?

- Bu iddialı fikirdir. Rusiyanın Azərbaycanı itirməsi bütövlükdə Cənubi Qafqazı itirmək anlamına gəlmir. Amma təbii ki, Azərbaycanın itirilməsi Cənubi Qafqazın itirilməsi baxımından son addım ola bilər, sonun başlanğıcı ola bilər Rusiya üçün. Yəni Gürcüstan Rusiya münasibətlərini, elə Ermənistanın özünün hazırkı siyasi rejiminin Kremilə olan münasibətini nəzərə alsaq, o zaman Azərbaycanın itirilməsi Rusiya üçün Cənubi Qafqazın itirilməsi baxımından sonun başlanğıcı ola bilər. Bu həssas məqamı məncə Kreml nəzərə alır. Onu da nəzərə almaq lazımdır ki, xarici siyasətdə, o cümlədən, hərbi siyasətdə söz sahibi dövlət başçısıdır, Ali Baş Komandan funksiyasını yerinə yetirən prezidentdir. Bu da hökumətin hansı mövqedə olmasından asılı olmayaraq, bu məsələdə hansısa əhəmiyyətli rol oynayacağını düşünmürəm. Hətta bu məsələdə xarici işlər nazirinin rolu, təsiri daha çox ola bilər, nəinki baş nazirin. Bilirəm ki, Mişustini nəzərdə tutursuz. Xarici İşlər nazirinin təsiri hətta baş nazirin təsirindən çox ola bilər bu işdə. Baş Nazirin burada hansısa əhəmiyyətli rol oynayacağını düşünmürəm.

 Şahnaz Salehqızı