QURAN NECƏ ÖYRƏDİR: TƏŞBİH VƏ TƏMSİLLƏR

 

19:21 30-09-2020 95

Allahın boyası, rəngi

 (III yazı)

 1) "Ey möminlər, deyin: Biz Allahın boyasını (rəngini qəbul etdik). Allahın boyasından daha gözəl olan kimdir? Biz ancaq Ona ibadət edənlərik"(Bəqara 138). Ayə möminin durumunu rəng vasitəsilə təsvir edən gözəl bir təşbihdir. Məlumdur ki, xristianlar yeni doğulan uşaqları sarımtıl bir suya saldıqdan sonra onların mənən təmiz olduğunu iddia edirlər. Və kim uşağını belə vəftiz etsə deyərlər ki, o uşaq həqiqtən indi xristian oldu. İslam müfəssirləri ayəni təfsir edərkən belə deyiblər: "Biz Allahın boyası olan fitri iman ilə etiqad etdik. Sudan imana, süni boyaya tənəzzül (əyilmək) etmərik. Allah boyasına, Allah boyasına..." (Həmdi Yazir). Həqiqətən də insanları rəng qatılmış suya salıb çıxarmaqdan ibarət olan din və imanın nə qiyməti olar? Allah boyası su yox, İslam dini, təvhid imanıdır.

"Allahın boyası, rəngi" ifadəsi orijinaldakı "Sibğutulləh" sözünün qarşılığıdır. Razi bu ifadənin məalını belə verib: "Ayədəki boya insanın mahiyyətində, mayasında Allahın yaratdığı fitratdır. Bu fitrat ilə o, acizdir; zəif olduğu üçün insan yaradılandır. İnsanın yaradılan olması (zəifliyi, acizliyi) həmin şəxsin boyasıdır, onu xarakterizə edən əlamətdir, rəngdir. İsfəhani isə "sibğutulləh" sözünü ağıl kimi qəbul edib və deyib ki, insan məhz ağlı ilə heyvandan fərqlənir. Fəqət, əksər təfsirçilər orijinaldakı bu sözü "iman boyası, İslam dini" kimi qəbul edib.

 Kafirlərin durumu

 2) “(Kafirlərin əməlləri) dərin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) - zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz" (Nur 40). Ayə kafirin durumunu - şaşqınlığını əyani bir misalla təsvir edir. Kafirin dünyası zülmət, möminin dünyası isə nurla ifadə olunub. Daha dəqiq desək, kafirin o qaranlıq dünyası gecənin qaranlığında dənizin dalğaları altında qalan kimsənin halına bənzədilib. Burada Ay və ulduzların işığından istifadə etmək də qeyri-mümkündür. Digər tərəfdən kafir qorxu, dəhşət, yalqızlıq, çarəsizlik kimi mənəvi zülmətlərlə də əhatə olunub. Kurtubi hesab edib ki, ayədəki dəniz kafirin qəlbi, ard-arda gələn dalğalar həmin qəlbi bürüyən cəhalət, qaranlıq bulud isə qəlbin möhürlənməsidir. Həsən Bəsri isə ayəni belə dəyərləndirib: "Ayədə üç qaranlıq zikr edilib. Dəniz, dalğalar və buludun qaranlıqları Kafirin də üç qaranlığı var: inanc, söz və əməl qaranlığı". Razi isə yazıb: "Kafirin sözü qaranlıq, əməli qaranlıq, girdiyi və çıxdığı yer qaranlıq və aqibəti qaranlıqdır".

Hüccətül-İslam adlandırılan imam Qəzzalı isə ayəni belə təsir edib: "Ayədəki dərin dəniz həlakedici təhlükələrilə, alçaldıcı məşğuliyyətləri, bəsirəti kor edən tərəflərilə bu dünyadır. Birinci dalğa heyvani sifətlərə, hissi ləzzətlərə sövq edən şəhvət dalğasıdır. Bu dalğaya düçar olanlar heyvani xasiyyətlərə malikdir. İkinci dalğa qəzəb, düşmənçilik, kin, həsəd, öyünmək, çoxluq sevdasına sövq edən heyvani sifətlər dalğasıdır. Bulud isə kafirin imana gəlməsinə, haqqı bilməsinə, ağıl günəşinin nurundan istifadəsinə mane olan çirkin etiqadla, yalançı zənlər və əxlaqsız xəyallardır. Bütün nurların mənbəyi ilk nur olan Allahu-Təalənin nurudur və bəndənin də vəzifəsi həmin nura etiqad etməkdir. Allah kimə nur verməyibsə, artıq onun üçün heç bir nur yoxdur".

 3) Göydən düşən adam

 "... Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər" (Həcc 31). Ayə bədbəxt müşriklərin (Allaha şərik qoşanların) acınacaqlı halını təmsil vasitəsilə təsvir edir. Göydən düşürlər, yer üzündə qalmağa belə macal tapa bilmirlər. Quşlar onu elə göydəcə tutub parça-parça edirlər. Və yaxud külək onu saman çöpü kimi uzaq və kimsəsiz bir yerə tullayır. Məsəl vasitəsilə edilən bu təsvir iman səmasından küfr çuxuruna düşmək kimi də yozulub. Həmdi Yazirin dediyi kimi "şirk böyük bəladır, insanın qəlbini zəhərlə deşər, onu uçurumlara salar" təsvir edilən mənzərənin imandan dönən mürtəd haqqında eyhamı, işarəsi də göz qabağındadır. İmanı olmayıb doğrudan da şirk içində yaşayanlar üçün isə ayəni fitrat müstəvisində açmaq mümkündür. Yəni müşrik təbiəti etibarilə iman daşıyıcısıdır, fitratən müsəlmandır. Lakin öz iradəsini inkar etmiş və ya şirk yoluna sərf edərək həqiqi yaradılış təbiətinin səmasından inkar və şirk dərələrinə yuvarlanmışdır. İman səma kimidir. İmanı buraxıb şirkə düşən səmadan qaranlıq dərəyə düşən kəsə bənzər.

 4) Boyunlarına dəmir həlqələr

keçirilənlər

 "And olsun ki, onların əksəriyyəti barəsində o söz gerçək olmuşdur... Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirmişik. (O həlqələr) Onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.(Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar). Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də görmürlər..." (Yəsin 7-9). Bəzi müfəssirlər ayədəki durumu kafirlərin axirətdəki cəzası kimi dəyərləndirib. Bu ayələr kafirlərin küfrdə israrı, haqqa meyl etməmələri və tabe olmamalarını təmsil vasitəsilə təqdim edib. Burada iki təmsildən istifadə olunub.

1) Əlləri boyunlarına zəncirlə bağlananlar. Bununla da onların küfrdə inadları, haqqa yönəlməmələri, boyunlarını başqa tərəfə çevirməmələri göstərilib;

2) Önlərinə və arxalarına sədd çəkilənlərdir ki, bununla da onlar nə önlərini, nə də arxalarını görə bilirlər. Bu təmsil ilə Rəbbimiz bizi başa salır ki, onlar ağıl və bəsirətləri olmadığı üçün Allahın kəlamlarına tabe olmaqdan məhrumdurlar (Zəməxşəri). Yəni bu bədbəxtlər özlərini bəyənən, peyğəmbərlərə tabe olmayan kimsələrdir. Peyğəmbərlərin gətirdiklərinə boyun əymək əvəzinə, dikbaşlıq - nankorluq edənlərdir. Həmin səbəbdən onlar üçün təfəkkür qapılarına sədd çəkilib. Bundan başqa onlar baxa bilmirlər ki, görsünlər; düşünə bilmirlər ki, anlasınlar.

Alusi "önlərindəki və arxalarındakı sədləri" belə təfsir edib: Önlərindəki sədd gələcək aqibətlərini düşünməməli, arxalarındakı sədd isə qabaqdakı ümmətlərin halından ibrət götürməmələrini ifadə edir. Təbir caizsə, kafir keçmiş və gələcəkdəki bağlarını kəsib atandır. Keçmiş onun nəzərində bir yoxluq, gələcək isə bir məzardır. O hazırkı zamanın tələbi ilə yaşayan qarınquludur.

Həmdi Yazir "biz onların boyunlarına dəmir həlqələr keçirmişik" ifadəsini belə təfsir edib: "Onların boyunlarına vurulan dəmir halqalar, qandallar cəza alətidir. Lakin belə cəza cəbri olan fitratı deyil, fərdin sonradan qazandığı işlərə görədir. Zəncir və qandallar fərdin fitri qabiliyyətini yaxşılığa, imana yox, pisliyə, küfrə yönəltməsinin nəticəsidir".

"(O peyğəmbər) Onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar..."(Əraf 157). Ayədə yer alan "ağır yüklər", "buxovlar" ifadələrində də istiarə var. Möminlər Peyğəmbərə tabe olmaqla mənəvi ağır yükdən, onları pisliyə sövq edən mənəvi buxovlardan xilas olurlar. Çünki əsir olmaq təkcə fiziki zəncir və buxovlarla deyil, həm də mənəvi zəncir və buxovlarla mümkündür. Fiziki alətlərlə buxovlananları azad etmək, mənəvi zəncirlərlə buxovlanan insanları azad etməkdən asandır.

 5) Çobanın qoyunları

 "Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər" (Bəqara 171). Kafirlər də möminlər kimi adamdırlar; eşidirlər, danışırlar, görürlər. İmanları inkar üzərində olduğu üçün onlar mənən kar, lal və kordurlar. Heyvan çağrıldıqda səsi duyar, amma söylənəni anlamadığı kimi, kafirlər də sözü-səsi duyar, lakin imana gəlməzlər. "Kafirlərin halı o heyvanların halına bənzər ki, çığırtı və bağırtıdan başqa heç bir şey anlamazlar. Duyub dinlədiyi quru səs, bağırtısı da quru səsdir. Mənadan xəbəri yoxdur" (Həmdi Yazir).

Ayə həz.Peyğəmbər və müşkirlər şəklində də təfsir edilib. Yəni həz.Peyğəmbər çoban, müşriklər isə bir sürüdür (Həmdi Yazir). Yazirə görə, bunlara söz söyləyəcək, haqq yola dəvət edəcək şəxslərin halı da çobanın halına bənzər. Çoban onlara "insan olun, iman gətirin" desə də, bunları qəbul etməzlər, anlamazlar. Beydavi isə ayəni kafirlərin həqiqəti bilmədən atalarının yolu ilə getmələrilə əlaqələndirib. O bu fikrini: "Onlara: "Allahın göndərdiyinə (Qurana) tabe olun!" deyildiyi zaman onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?" (Bəqara 170) ayəsinə istinadən əsaslandırıb. Mövzu Beydavi baxışından şərh edilərsə, aydın olar ki, kafirlər inanc məsələlərində kor-koranə olub, atalarını təqlid ediblər.

Ümumiyyətlə, kafirlərin mənən kar, kor, lal olmaları barədə kifayət qədər təmsilli ayələr var. Məs., "Onların içərisində (Quran oxuyarkən) səni dinləyənlər (lakin onu qəbul etməyənlər) də var. (Onu) Ağlıkəsməz, anlamaz karlara sənmi eşitdirə biləcəksən?! Onların içərisində sənə baxanlar da (peyğəmbərliyini təsdiq edənlər, möcüzələri görənlər də) var. Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!" (Yunus 42-43). 

 6) Heyvandan da aşağı

 "Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə ondan daha çox zəlalət yolundadırlar" (Furqan 44). Bu kəlamı "təftiş" edən qərəzli kəslərə görə, Quranın bu ayəsi ateist insanlarla heyvan arasında heç bir fərq qoymadığı üçün yumşaq desək, çox sərtdir. Halbuki, Quran bu ayəsi ilə təşbih və təmsildən istifadə edərək "onlar heyvandırlar" yox, "heyvan kimidirlər" ifadəsini işlədib. Elə isə bədii fikirdə təmsil janrına da müraciət edən və bu janrın inkişafına əvəzsiz töhfə verən Qurana irad tutmaq nə dərəcədə ədalətlidir? Məgər Rəbb kəlamlarındakı təmsillərdən dünya korifeyləri-satirikləri bəhrələnməyiblər?! M.Ə.Sabir, S.Ə.Şirvani, Krılov və başqaları bu metoddan istifadə etməyiblərmi?

Ayədə kafirlər heyvana bənzədilmiş, sonra isə heyvandan da çox zələlətləri ifadə olunub. Çünki heyvan çobana itaət edir, yaxşılıq edəni pislik edəndən ayırır. Fayda verəcək yerə can atır, zərərli yerdən qaçır. Bunlar isə onları Yaradana itaət etmir, onun yaxşılığını Şeytanın pisliyindən ayırmırlar. Digər tərəfdən, heyvanın cəhaləti heç kimə zərər vermirsə, kafirlərin cəhaləti insanlara zərər verir. Kafirlərin durumu heyvani həyat tərzidir. Heyvanlar yeyib-içmələrinin fərdinə varmadığı kimi, kafirlər də dünya malına aludə olub yeyib-içmələrinin ölçülərinə baxmazlar. Rəbbimiz buyurub: "Allah dərgahında (yer üzündə) gəzən canlıların ən pisi haqqı dərk etməyən karlar və lallardır".

  Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru