Yeganə amal Və bəlli bir ünvan...

19:22 30-09-2020 65

Çoxlarından eşitmişəm ki, Azərbaycandan kənarda olanda vətənin nə qədər doğma olduğu daha çox hiss edilir. Bu, əlbəttə, o demək deyil ki, vətəndə vətənsiz qalırsan, yalnız kənara çıxan kimi onun qədrini, qiymətini bilirsən...

Əksəriyyət təsdiq edər, bəli, o təkrarsız hisslər bizimlə birgə doğulur, hər an bizimlə birgə böyüyür, yaşa dolur. Yaşa dolduqca daha da müdrikləşir, vətənin nə demək olduğunu qədərincə başa düşməyənlərə onu anladır...

Bu hissin pafos dolu, təmtəraqlı cümlələrdən deyil, sadə bir sözdən, öz yurduna aid hansısa, sıradan bir məqamdan da belə yarandığını söyləyir. Azmı belə hallar olub? İstər müvəqqəti, az vaxtda, istərsə də uzun müddətə tərk etdiyimiz yurdumuzun, kəndimizin, rayonumuzun, az qala məhləmizin, küçəmizin məşhur bir ismini, onunla bağlı əhvalatını, daha keçmişə dönəndə isə nəsildən-nəslə ötürülən rəvayətini eşitcək, az qala quş qanadında həmin yerlərə dönmək, oralardan bircə dəfə olsa da, keçib-getmək hissi azmı olub?

Bəli, vətən hissi, doğma yurd-yuva həsrəti bizdən asılı olmadan və heç kimin də diqtəsi olmadan bizimlə birgə doğulur. Lakin ölmür. Onun ölməsinə zənnimcə, kimsə imkan və icazə verməz. Yurd bağlılığı olmadan yaşamağın mümkünlüyü qədər sadəlövh düşüncəni, sanıram, kimsə özünə rəva görə bilməz...

Maraqlıdır, müxtəlif, bir-birinə bənzəməyən, heç nəyi ilə digərini təkrar etməyən ölkələr olsa da, yurd-yuvası qədər özünə doğma olan bir başqasını misal gətirə bilməz insan övladı. O insan övladına vətən övladı demək daha düzgün olar. O övlad ki, vətəni qorumaq zamanı gələndə öncə özündən başlar, daha sonrasa irəli, yalnız irəli baxar. Çünki ardınca gələnlərin istənilən sayda olacağına qeyd-şərtsiz inanar, bu sayın, sıranın sonsuzluğundan vəcdə gələr. Geri yandan arxayıncasına irəliləmək, səni arxadan vuranın deyil, qoruyanın olduğunu düşünərək çıxdığın yola davam etmək kimi qiymətli bir hiss yaşayar ürəyində...

Bu gün o gündür. 30 ildir virtual olaraq, gah xəyallarda, xatirələrdə, rəvayətlərdə, söhbətlərdə, bütün bunlar tükənəndə isə yuxularda görünənlərin yavaş-yavaş həqiqətə çevrildiyi günlərdir...

Ötüb-keçən onilliklər bizə səbr etməyi öyrətdisə, bu zaman kəsiyində olub-keçənlər düşdüyümüz vəziyyətdən hansı çıxış yolunu tapmaq yönündə bizə yolgöstərən oldu. Bəli, zamanında səbr etmək vəziyyətin çıxılmazlığından dolayı, boşuna axıb-gedən vaxt itkisi deyil, arzuolunmazlıqdan necə, hansı yollarla qurtulmaq barədə düşünmək fürsəti idi. Ki, onu da kifayət qədər yaşadıq...

Yaşadıq, amma ölmədik. Çünki, söylədiyim kimi, yurd,vətən hissiylə dünyaya gələnləri, yaşayanları “öldürmək” heç də asan deyil...

Biz də yaşadıq. Çoxumuz məcburi köçkün, qaçqın adıyla barışsaq da, onu alın yazımız hesab etmədik. Belə taledaşlarımızla sözümüz-söhbətimiz həmişə alındı, arzularımız hər zaman əkiz oldu, bir-birimizi anladıq, başa düşdük.

Vətən daşını birgə qaldırdıq, onunla vətənin başqa bir guşəsində yenidən yuva qurduq. Tərk etməyə məcbur qaldığımız torpaqlarımızı, orda yetim qalan yurd-yuvamızı işğal edənlərin oranı nə vaxt tərk edəcəyini gözləmək qədər böyüklüyümüzü də saxladıq. Səbr kasamızın aqressiya ilə deyil, zamanla dolmasını seyr edənlərin acığına, bütöv bir xalq olmağı da bacardıq.

...Bəllidir, ötüb keçən zaman kəsiyində yüzlərlə, minlərlə insan övladı dünyaya gəlib. Onların hansı hal-xasiyyətdə olmasını saf-çürük etmək kimsənin qüvvəsi daxilində deyil. Lakin onların yeganə, bəlkə də bir barmaq sayı qədər olan vahid bir hissə - vətən hissinə malik olmasını qeyd-şərtsiz deyə bilərik.

Ötüb keçən illərin adlı-adsız savaşlarında, adı çoxdan xüsusiləşmiş Aprel, İyul döyüşlərində iştirak edənlərin, şəhid olanların, yaralananların, sağ qalanların hamısını birləşdirən hissin adı onu daşıyanların hamısında eynidir. Bu eyni hissdən çıxış edərək qarı düşmənə, işğalçıya qarşı birgə yürüşün yetərli bir nəticə verəcəyinə olan inam da qələbəni tezləşdirər...

Doğrudur, ortada qalan zaman onilliklərlə ölçüldü, bu uzun dönəmdə itkilərimiz də az olmadı. Torpaq, insan itkisiylə daha da dərinləşən hisslər fəqət, dərdə, ələmə, qüssəyə çevrilmədi. Deyin, “ellə gələn dərd”in “toy-bayramdır” kimi təqdimat böyüklüyünü başqa hansı xalq bacarar?!

...Bu gün o gün, elə həmin gündür. Müvəqqəti tərk edilən yurd-yuvaya, viranəyə dönmüş evlərə, kəndlərə, qəsəbələrə, rayonlara, əkin-biçini bərəkətsiz qalmış torpaqlara yenidən qayıdış günüdür...

Ona sarı addım atılıb, dayanacaq yeri də son dəfə on illər öncə gördüyümüz ünvandır. Həminki ünvanı görmədən dünyaya gələn, lakin onu tanıyan, qanında daşıyan vətən övladlarının, ümumilikdə dar zamanda eyniləşən xalqın da birliyi, vahid adı, elə bircə də amalı var bu gün.

 Nigar Orucova