Virtual toy, yaxud sms-lə başsağlığı, yoxsa...

19:25 30-09-2020 70

Məlumdur ki, ölkəmizdə epidemioloji şəraitə uyğun olaraq yas və toy mərasimlərinə məhdudiyyətlər var. Toyların keçirilməsi ilə bağlı bəzi güzəştlərin olacağı bildirilsə də, yas mərasimlərinə hansı qaydada əməl olacağı ilə bağlı xəbərlər demək olar yoxdur. Pandemiya elan olunan gündən dövlətimiz bütün imkanlarını bu mübarizəyə səfərbər edib.

Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah ölkədə gündəlik COVİD-19-a yoluxma dinamikasını təhlilinə əsasən müəyyən qərarlar qəbul edir və ona uyğun şəkildə məhdudiyyətlər tətbiq edir. Dövlətin vaxtında qəbul etdiyi qərarlara vətəndaşların məsuliyyətlə yanaşması uğurlu nəticələrin əldə olunmasına imkan verdi. Hazırda müəyyən məhdudiyyətlər ləğv edilsə də, qüvvədə olan məhdudiyyətlərin yumşaldılması barədə danışıqlar davam edir. Son günlər mətbuatda ən çox müzakirələr toy və yas mərasimlərinə tətbiq olunmuş qadağaların yumşaldılması ilə bağlıdır.

Şəxsən bir vətəndaş kimi mən də pandemiyanın bu gün ölkədəki vəziyyətinə uyğun olaraq toyların təşkilində məhdud dairədə yumşalmalar olmasinın tərəfindəyəm, lakin yas mərasimlərinin keçirilməsini postpandemiya dövründə belə bir adət olaraq ləğv olunsa məqsədəuyğun olardı. Ona görə ki, yas mərasimlərinin dünyasın dəyişmiş insanlara heç bir xeyiri yoxdur. Biribirinin bəhsinə imkan oldu-olmadı günlərlə keçirilən bu mənasız davranışın mərasim zalı sahiblərinin ciblərini doldurmaqdan savayı bir xeyirə xidmət etmir. Bu adət birdəfəlik ləğv olunarsa, bəhsə girmək də yaddan çıxar və bu virus bəlasının bizə qazandırdığı ən müsbət təcrübə olar. Çünki nəsildən-nəsilə keçən adət-ənənələr zamana dövürə uyğun təkmilləşməlidir. Bəs görəsən postpandemiya dövründə yas və toy məclislərinin keçirilməsini hansı qaydalara uyğun təşkil edək ki, insanlar bundan zərər çəkməsinlər?

Tex. elmləri üzrə fəlsəfə doktoru Vaqif Cəliloğlu hər kəsi maraqlandıran bu sualı belə cavablandırdı:

-“Əvvəlcə mövcud şəraitdə, pandemiya dövründə yas və toyların keçrilməsinə qısaca nəzər salaq. Xeyir və şər qardaşdırlar. Xeyirdən başlayaq. Toy mərasimləri iki gəncin ülvi bağlarla bağlanmasının təzahürüdür. Toy mərasimi ailənin gələcəyini təyin edən xüsusi bir mərasimdir. Bu mərasim hər bir xalqın kəmiyyət və keyfiyyətcə artımına xidmət edir. Bu baxımdan, pandemiya dövrü uzanarsa, artıq burada gözləməyə ehtiyac yoxdur, toylar davam etməlidir, istər pandemiya dövründə, istərsə də, postpandemiya dövründə. Söhbət ifrat toy məclislərinin keçirilməsindən getmir. Pandemiya və ya postpandemiya dövründən asılı olmayaraq, şəxsən mən bir vətəndaş kimi, ifrat toy məclislərinin keçirilməsinin tərəfdarı deyiləm. Çünki burada sonsuz sayda xoşagəlməz hadisələr baş verir - israfçılıq, harınlılıq, özünü unutma cəhdtləri və sair. Pandemiya dövründə toy məclisləri yaxın qohumların iştirakı ilə, pandemiya şərtinə uyğun məsafə gözlənilməklə keçrilməlidir. Onun müddəti adi toy məclislərindən, yəni gördüyümüz toy məclislərindən 2-3 dəfə az olmalıdır. Gəlin gəldi, vağzalı çalındı, xeyir-dua verildi, 5-6 rəqs oynanıldı və bununla da gəlin öz yeni evinə qədəm qoydu. Toy məsələsi hər iki gəncin həyatında xüsusi bir məsələdir, xüsusi bir mövzudur və toy keçrilməlidir. Yas məclisləri də həmçinin. Bir var yas məclislərində başsağlığı sms-lə verilə, bir də var, pandemiya şərtini gözləməklə, bir neçə dəqiqə ərzində məclisdə əyləşib, təkrar edirəm pandemiya şərtlərini gözləməklə hüzn sahibinə başsağlığı verib, bir stəkan mümkünsə çay içmək və məclisi tərk etmək məsləhətdir. İstər toy, istərsə də yas məclisi, xeyir və şər dediyimiz kimi qardaş olduğu üçün hamının yadında qalmalıdır. Toy məclisində əgər toya dəvət olunanlar toy sahibinin, bəyin və gəlinin, ataların və anaların sevincinin daha da artmasına səbəb olursa, yas məclisi onların kədərinin xalq tərəfindən, cəmiyyət tərəfindən bölüşdürülməsinə gətirib çıxardır. Yəni yas məclislərindən qiyabi yox, əyani surətdə başsağlığı verənlər, yas sahibinin dərdinin yüngülləşməsinə bir növ kömək edirlər. Qeyd etdiyimiz kimi, toy məclisində isə, onun sevincinə şərik olurlar, sevincin üstünə sevinc gətirirlər. Beləliklə, dediklərimizi ümumiləşdirib bəyan edə bilərik ki, istər pandemiya, istərsə də postpandemiya dövründə ifrat yas və toy məclislərindən imtina etmək, əndazəni aşmamaq şərtilə, əgər pandemiya davam edirsə, pandemiya dövrünün tələblərinə uyğun olaraq həmin məclisləri virtual şəkildə yox, əyani şəkildə keçirmək lazımdır. Burada vaxt amili xüsusi rol oynayır. Vaxt yarım saatdan artıq olmamalıdır yas məclisində. Hər gələn 5-6 dəqiqə oturub, getməlidir. Məclisi idarə edən molla pandemiya şərtlərinə əməl edərək, Allah- təalanın nazil etdiyi ayələrdən, Qurani- Kərimdən müvafiq surələr oxumalıdır. Əgər biz Quran ayələrinin həm ölüyə, həm diriyə xeyrli olduğunu nəzərə alsaq, belə halda, camaat içərisində pandemiya şərtinə əməl edərək, Quran ayələrinin oxunmasını dəsdəkləməliyik. Quran oxunarkən məclisdə olan insanlar Amin diləyir, hər ağızda bir Amin var və hər Amində də qəbul olunmaq ehtimalı var. Bunun həm dünyasını dəyişənə, həm də dünyasını dəyişmiş şəxsin varislərinə, yaxınlarına bir təsəllisi, xeyri var. Toy da bunun kimi. Hesab edirəm ki, əndazəni aşmadan toy və yas məclislərini keçirmək lazımdır. Bəlkə də biz toy və yas məclislərini ifrata vararaq keçirdiyimizə görə Allah təbarəkə təala bu pandemiya bəlasını göndərib ki, biz həddimizi bilək, həddimizi aşmayaq. Hər şeydə bir hədd var, israf edilməməlidir. Suyun özünün içilməsində də hədd olmalıdır. Madam suyun özünün içilməsində bir hədd var, toy və yas məclislərinin keçirilməsində də bir əndazə, ölçü olmalıdır. Allah -təbarəkə - təalanın bizlərə yaslarımızda səbr əta etsin, toylarımızda şükranlığımızı dilimizdən əksiltməsin. Tahiyətən ləkum Əssalamu aleykum və rahmətullahi və bərəkətuh.”

 Şahnaz Salehqızı