Rəsmi İrəvanın siyasi maskası

19:29 30-09-2020 85

Ermənistan Qarabağdakı seperatçı rejimi dövlət kimi tanıya bilərmi?

 Qabil Hüseynli: "İndiyə qədər Ermənistan öz qəyyumlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etdiyini ört-bastır edə bilirdisə, bu qərardan sonra onu gizlədə bilməyəcək"

 Azərbaycan və Ermənistan qoşunları arasında intensiv döyüşlərin getdiyi bir vaxtda paytaxt İrəvanda çox maraqlı müzakirələr açılmaqdadır. Belə ki, dünən Ermənistan parlamentinin bir sıra fraksiya rəhbərləri və müstəqil deputatlar Ermənistanın təcili olaraq Qarabağdakı seperatçı rejimi dövlət kimi tanımağını təklif ediblər. Təklif təsdiq üçün parlamentin müzakirəsinə çıxarılmasa da, bu məsələ üzərində uzun-uzadı müzakirələr aparılıb. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da öz Facebook səhfəsində yazıb: "Qələbə bizimlədir. Təcili olaraq Ermənistan "Dağlıq Qarabağ Respublikası"nı tanıma prosedurlarına başlamalıdır".

Ermənistan cəmiyyəti də həm hökumətin, həm də vətəndaş cəmiyyətinin zərərli təbliğat atəşi altında olduğundan bu yöndə manupulyasiya edərək ictimai rəy formalaşdırmaqdadır.

Düşünürük ki, Azərbaycan cəmiyyəti üçün bu məsələ onda maraq kəsb edə bilər ki, əgər bu proses o qədər vacib məsələdirsə, Ermənistan indiyə qədər Qarabağdakı seperatçı rejimi niyə tanımayıb və bundan sonra tanısa, rəsmi İrəvana nələrin bahasına başa gələ bilər?

Bu sualla ilk olaraq politoloq Qabil Hüseyinliyə müraciət etdik. Siyasi ekspert bildirdi ki, indiyə qədər Ermənistan "DQR"-ı dövlət kimi tanıya bilməzdi, çünki rəsmi İrəvan həmişə yaxasın kənara çəkir ki, Qarabağda yaşayan ermənilər öz müqəddaratını təyin etmək məqsədi ilə ayağa qalxıblar, bu neçə illər ərzində aparılan mübarizəni də onlar özləri sürdürüblər, Ermənistanın bu işlərə qəti dəxli yoxdur:

"Halbuki bu işdə təkcə Ermənistanın deyil, üçüncü dövlətin (Rusiya) də dəstəyi olduğu hamıya gün kimi aydındır. İndi isə Ermənistanın bu addımı atması onun bütün bu illər boyu geydiyi siyasi maskanın cırılmasına səbəb olacaq. İndiyə qədər Ermənistan öz qəyyumlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etdiyini ört-bastır edə bilirdisə, bu qərardan sonra onu gizlədə bilməyəcək. Əgər bu baş verəcəksə, buna ciddi şübhəm var, həmin ərazidəki seperatçı-qiyamçı

hərəkətlərin hamısı Ermənistanın ayağına yazılacaq. İndi davam edən müharibə və

Əli Orucov:

"... Qarabağda törədilən beynəlxalq hüquqa zidd hərəkətlərin bu illər ərzində, məhz Ermənistan tərəfindən həyata keçrildiyi rəsmən təsdiqlənəcək ki, bu da beynəlxalq aləmin dəstəyinin tam itirilməsi anlamına gəlir"

 

indiyə qədərki itkilər, dağıntılar və s. asanlıqla Ermənistanın ayağına yazıla bilər. Bundan sonra isə Azərbaycanın Ermənistanın işğalçı dövlət kimi tanınmasını BMT-dən tələb etmək hüququ yaranır".

Daha sonra politoloq bildirdi ki, Azərbaycan tərəfi Livandan Qarabağa ermənilərin  köçürülməsi, işğal altında olan ərazilərin məskunlaşdırılması və həmin ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olduğunu təsdiqləyən sənədlərin toplanılması ilə məşğuldur, yəqin, bundan sonra törətdiyi beynəlxalq qayda pozuntularına görə Ermənistan beynəlxalq tribunala veriləcək.

Politoloq Əli Orucov məsələ barədə bizimlə söhbətində  bildirdi ki, ordumuzun düşmən təxribatını dəf etmək üçün həyata keçirdiyi əks-hücum və qazandığı qələbələr Ermənistan cəmmyyətini silkələyib, ona görə də hər vəchlə hərbi əməliyyatları dayandırmağa çalışır:

"Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə bununla bağlı müraciət edib, Azərbaycan ordusunun dayandırılmasına yardımçı olmağı xahiş edib. Hesab edirəm ki, Azərbaycan ordusu öz ərazilərində anti-terror əməliyyatlarını davam etdirməlidir, çünki bunun alternativi yoxdur. Otuz ildir davam etdirilən danışıqların mənasızlığı da ortadadır.

Ermənistanın Qarabağdakı seperatçı rejimi tanıması, dünya birliyinə və Azərbaycana təzyiq vastəsi kimi qiymətləndirir - onları şantaj etməyə çalışır. Ermənistan bu addımı atsa belə, heç nə qazana bilməyəcək, çünki beynəlxalq aləm bu seperatçı rejimi hüquqi subyekt kimi tanımır. Bununla yanaşı, inanmıram Ermənistan bu addımı atsın, atsa daha çox zərər çəkəcək. Bu danışıqlar prosesinə olan zəif ümidləri alt-üst edəcək, Qarabağda törədilən beynəlxalq hüquqa zidd hərəkətlərin bu illər ərzində məhz Ermənistan tərəfindən həyata keçrildiyi rəsmən təsdiqlənəcək ki, bu da beynəlxalq aləmin dəstəyinin tam itrilməsi anlamına gəlir".

Söhbətləşdiyimiz digər siyasi şərhçilər də iddia edir ki, Ermənistanın Dağlıq Qarabağdakı seperatçı rejimi bir dövlət kimi tanıması, onun beynəlxalq arenada ifşa olunması deməkdir və bu Azərbaycanın xeyrinədir. Deməli, bu otuz il ərzində ermənilərin bu addımının qarşısını alan məsələ, məhz rəsmi İrəvanın siyasi maskasının cırılmaq təhlükəsi olub.

 A.Nəsirli