Atəşkəsə çağıranlar...

19:31 30-09-2020 70

Fil qulağında yatıblar, yoxsa özlərini karlığa vururlar?

 Artıq bir neçə gündür Azərbaycan Ordusunun çoxdan gözlənilən zəfər sədaları cəmiyyət tərəfindən alqışlanır. Hazırda vətəndaşlarımız hər cür məhrumiyyətlərə hazırdı - ac da, susuz da qala bilərik, təki 30 ildir işğalda qalan, erməni taptağı altında murdarlanan torpaqlarımız azad edilsin, düşmənin çirkli ləpirlərindən təmizlənsin. Bu Azərbaycan xalqının igid şəhidlərinin ruhu qarşsındakı borcudu. Üstündə igidlərimizin qanı axıdılan müqəddəs Vətən torpaqları işğaldan mütləq azad edilməlidir və artıq Uca Tanrının köməyi ilə Azərbaycan əsgəri bu missiya ilə Qarabağdadır. Dünənə qadar sosial şəbəkələrdə özünü "qalib əsgər" kimi qələmə verən erməni dığaları indi Azərbaycan əsgəri qarşısında tazı kimi İrəvana doğru qaçmaqdadır. Allah Azərbaycan əsgərini qorusun! Allah Azərbaycan əsgərinə torpaqlarını azad etmək üçün güc versin!

Bu məsələnin bir tərəfi, Azərbaycan Ordusu öz torpaqlarının azadlığı uğrunda vuruşduğu bir zamanda bütün dünya bir-birinə dəyib. Amerika Birləşmiş Ştatlarından tutmuş Avropa ölkələrinə, Rusiyaya qədər bütün dövlət başçıları, deputatlar və nazirlər xorla banlayır ki, hərbi əməliyyatları dayandırıb, danışıqlar masasına oturulmalıdır. Biz də başa düşürük ki, müharibə qan, itki, dağıntı deməkdir, amma bu o anlama gəlməməlidir ki, Azərbaycan torpaqları erməni işğalı altında qalmalıdır. İndi dünyanın xorla çağırdığı danışıqlar prosesi 30 ilə yaxındır ki, davam edir, bu illər ərzində heç bir nəticə əldə edilməyib. Bütün dünya danışıqların davam etdiyi dövr ərzində Ermənistana "Qoçu Əsgərin keçisi" kimi münasibət bəsləyib, hamı onu ərköyün uşaq kimi bəsləyib. Hətta, ərazisinin 20 faizi işğal altında olan Azərbaycana güzəştə getməyi, kompramisə razılaşmağı təklif edirlər. Yəni, sülh danışıqları aparan tərəflər Azərbaycana rüsvayçı sülh təklif edirdilər. Özü də yalnız təklif etmirdilər, həm israr edir, həm də bu istiqamətdə ölkəmizə təzyiq göstərirdilər. Başqa sözlə desək, MQ-ya (yeri gəlmişkən, bütün ölkə KİV-lərinə "Minsk Qrupu"nun adını bundan sonra MQ kimi yazmağı təklif edirəm, bunlar elə MQ-dı) həmsədrlik edən üç xristian ölkəsi - ABŞ, Fransa və Rusiyanın bütün fəaliyyəti onu deməyə əsas verir ki, onlar bütün bu illər ərzində Azərbaycan xalqına işğal faktını unutdurmaq və sonda Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq hədəfini vurmağa çalışıblar. Bunun üçün Rusiya Ermənistana öz quberniyası kimi bütün mümkün dəstəyi verib. Digər iki dövlət isə "sülh danışıqları" prosesində rəsmi İrəvanı himayə edib. Ter-Petrosyandan tutmuş Nikol Paşinyana qədər, bütün prezidentlər bu üç ölkə ilə yanaşı, onların müttəfiqlərinin də maddi və mənəvi dəstəyini alıblar.  Yadınızdadırsa, Fransada MQ həmsədrilərinin iştirakı ilə keçirilən danışıqlarda Serj Sarkisyan Azərbaycan diplomatiyası qarşısında çıxılmaz vəziyyətə düşdükdə, tualetə getmək adı ilə "taym-aut" götürdü və bir daha danışıqlar masasına qayıtmadı. Onun bu əməli beynəlxalq diplomatiyanı - o cümlədən də orada iştirak edən ölkələrin diplomatik nümayəndələrinə qarşı sayğısızlıq, onları ələ salmaq, saymamaq kimi qiymətləndirilməli idi. Diplomatiyadan az-çox başı çıxanlar bilir ki, bu tərəflərə qarşı biabırçı bir addımdır. Bununla belə ABŞ, Fransa və Rusiya bu addımı uddu, Ermənistan prezidentinin bu tərbiyəsizliyinə heç bir reaksiya vermədi. Bəlkə də bu yolu Sarkisyana elə MQ həmsədriləri özü göstərmişdi. Buna yaxın hərəkəti Azərbaycan tərəfi etsəydi, deyərdilər ki, "kor qızın namusuna toxunmusunuz, bədəlini verməlisiniz».

Bununla yanaşı, erməni blolgerlər Azərbaycan vətəndaşlarını aşağılayan video-çarxlar hazırdayıb sosial şəbəkələrdə yayır, xalqımızı alçaltmağa çalışırdılar. Belə video-çarxlardan birində erməni bloger işğal altında olan Azərbaycan kəndinin qəbristanlığını göstərir və sual edir, nə üçün gəlib mərhumlarınızı ziyarət etmirsiniz? Sonra isə erməni dığası yol kənarında Azərbaycanın digər rayonlarını göstərən tablonu görüntüləndirərək deyir ki, bunu biz məqsədyönlü şəkildə saxlamışıq - o əraziləri türklərdən azad edəndə bizə lazım olacaq... Bu cür Azərbaycan xalqının heysiyyatına toxunan, onu alçaldan video-çarxlar kifayət qədərdir. Bu gün Azərbaycan ordusu həmin o video-çarxlarda danışan erməni dığalarının cavabını sözlə deyil, əməllə verir.

Son vaxtlar Ermənistan və Dağlıq Qarabağdakı heç kimin qəbul etmədiyi seperatçı rejimin rəhbərləri yeni ərazilərin işğal edilməsindən dəm vurarkən, beynəlxalq ictimaiyyət, ölkə prezidentləri, MQ və s. harda yatmışdı, fil qulağındamı? Biri də beş cümlədən ibarət bəyanat vermədi ki, 21-ci əsirdə bir dövlətin başqa bir dövləti işğalla hədələməsi nə deməkdir? Bu o deməkdir ki, Ermənistan siyasi rəhbərliyi beynəlxalq konvensiyaları, BMT-ni və digər beynəlxalq təşkilatları tanımır. Belə bir avantüris bəyanata heç kim reaksiya vermədiyi kimi, bu gün Azərbaycanın haqq işini də, hamı adi hal kimi qarşılamalıdır. Çünki biz Ermənistandan fərqli olaraq Birləşmiş Millətlər Təşkilatını dünyanın ən mötəbər beynəlxalq təşkilatı sayırıq və onun bu münaqişə barədə qəbul etdiyi 4 qətnamənin tələblərini həyata keçiririk. Bu səbəbdən də BMT Azərbaycan Ordusuna həyata keçirdiyit anti-terror əməliyyatına görə təşəkkür etməlidi. Azərbaycan xalqı ümid edir ki, BMT Təşlükəsizlik Şurası bir daha bu məsələyə həsr olunmuş iclas keçirsə, bundan əvvəl münaqişənin həlli istiqamətində qəbul edilmiş dörd məşhur qətnamənin prinsipləri və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsini əsas götürərək qərar qəbul edəcək. Əgər bu prinsiplər əsasında qərar qəbul edilməsə belə, Azərbaycan Ordusu ərazi bütöv-lüyünü bərpa etməyənə qədər dayanmayacaq. Buna tam əmin ola bilərsinz, cənablar!

 Akif Nəsirli