. Birliyimiz hədəfimizdir!

19:34 30-09-2020 80

Türkiyə - İslam dünyasının son xilafəti. Türk xalqlarının birləşməsi inteqrasiyası Türkiyənin dünya siyasətində sözünün kəsərliyindən asılıdır. Türkiyə Cümhuriyyətinin hazırkı iqtidarının türk ölkələrinə etdiyi açılımları saymaqla bitməz. Lakin biz sonsuzadək, daha böyük açılımlar gözləyirik. Bəli, bunu da unutmaq olmaz ki, türk ölkələrinin birliyi yalnız Türkiyədən asılı deyil, Türkiyə türk coğrafiyasının döyünən ürəyidirsə, Azərbaycan da düşünən beynidir.

Təhlükəsizliyimiz naminə ordu birliklərimiz qurularsa, bütün Türk ölkələri arasında vizasız gediş-gəliş olarsa, vahid türk valyutası olarsa nə xoş bizə ...

Baxın, bu əsaslarla türk birliyi qurmaq mümkündür...

Düzdür, bu deyildiyi qədər asan deyil. Bu ideyanın reallaşmasına Çin, Rusiya, ABŞ kimi nəhəng dövlətlər hər vəchlə əngəl törədəcək. Amma Türkiyənin böyüməsi, güclənməsi davam etsə, türk dünyası olaraq hər kəsin qarşısını almağa müvəffəq olacağıq. Əslində müsəlman birliyi də yoxdur. Hələ hansısa təşkilatın olması hədəflərə çatmaq mənasını vermir. Türkiyə güclənməyə davam etsə, bu qeyri-türk müsəlman ölkələrini də Türkiyənin ətrafında birləşdirəcək. Artıq bu proses başlayıb. Biz bunu Qətər, Sudan, Somali, Küveyt kimi ölkələrin qismində görürük. Türk dünyası arealı ətrafında türk birliyinin qurulması müsəlman dünyasının tamamən birləşməsi anlamına gəlir. Qeyd etdiyimiz kimi, bu birləşmə və yaxınlaşma prosesinin çətin olması təbiidir. Çünki nə az, nə çox, düz iki əsrdir türk dünyası əsas türk dövləti olan Türkiyədən qopardılıb. Onların bir qismi hələ də Rusiyanın tərkibindədir. Və beləliklə, bütün türk xalqlarının gerçəkləşmək ərəfəsində olan vahid Türk dövlətləri birliyinin, Türk Respublikaları İttifaqının yaradılmasının arzu deyil, reallığa keçməsinin astanasındayıq...

Türkoloq Faiq Qəzənfəroğlu: Türk dövlətlərinin birliyi ilə bağlı məsələ hələ 20-ci əsrin əvvəllərində gündəmə gəlmişdi. İki böyük türk dövlətinin, Osmanlı imperiyası ilə Qacarlar dövlətinin zəifləməsi dövründə. O dönəmdə bu iki dövlətin sonunun gələcəyini görən mütəfəkkirlərimiz "Yeni türk dövlətləri birliyi" ideyasını irəli sürmüşdü. Həmin dövrdə bu ideyaya alternativ olan digər bir ideya yarandı, bu müstəqil türk cümhuriyyətləri ittifaqının yaranması ideyası idi. Bu ideyanın tərəfdarlarından biri də Məhəmməd Əmin Rəsulzadə idi. Mən istər XX əsrin əvvəllərində olsun, istərsə də günümüzdə, müstəqil türk dövlətləri ideyasının tərəfindəyəm. Bu gün də görürük ki, vahid Türk dövlətindən daha gerçəkçi olan Türk dövlətlərinin bir ittifaq halında özünü ortaya qoymasıdır. Düzdür, o dönəmlərdə hadisələr bizim istədiyimiz kimi inkişaf etmədi. XX əsrin axırında müstəqil türk dövləti olaraq yalnız Türkiyə Cümhuriyyəti qalmışdı. Lakin 1991-ci ildə Türkiyə Cümhuriyyətindən başqa yeni müstəqil türk cümhuriyyətləri yarandı. Ancaq biz görürük ki, XX əsrin sonu XXI əsrin əvvəllərində həm Türkiyənin yaşadığı problemlərdən dolayı, həm də müstəqilliyini yenicə bərpa edən Azərbaycan və Orta Asiya, yaxud Türküstandakı türklərin bir çox problemləri olması ilə bağlı ilk dövrlərdə biz bu türk birliyi istiqamətində istənilən bir yol xəritəsini görə bilmədik. Bu gün Türkiyə-Azərbaycan nümunəsində Türk Respublikaları İttifaqının gerçəkləşməsi mümkündür. Burada Türkiyə-ABŞ və Türkiyə-Rusiya münasibətləri də rol oynayır. Rusiya müəyyən mənada Türkiyənin digər türk dövlətləri ilə əməkdaşlığına razılıq vermək məcburiyyətindədir. Türk Respublikaları İttifaqının yeni bir mərhələyə girməsi gerçəkləşə bilər.

Turanın elan olunması istər siyasi-ideolji, istərsə də hərbi güc anlamında Azərbaycanın xüsusi yeri olacaq. Burada təkcə Quzey Azərbaycan deyil, Güney Azərbaycanın da xüsusi rolu olacağına inanıram. Azərbaycan üçün ən əsas məsələ budur ki, Qarabağ probleminin həlli baş tutuacaq. Son baş verən hadisələr də göstərir ki, Rusiya Azərbaycana qarşı mövqeyində müəyyən qədər geri çəkilmək istəyir ki, bu Rusiya Federasiyasının özü üçün lazımdır. Rusiya Federasiyası indiki halda varlığını qorumaq istəyirsə və Qərbin təzyiqlərinə davam gətirmək istəyirsə, Qarabağ məsələsində geri addım atmağa məcburdur.

- Faiq müəllim deyirsiz bu ideyanın gerçəkləşməsi Güney Azərbaycan üçün böyük avantajdır. Bu Tehranda hakimiyyətin dəyişməsinə səbəb ola bilər, yaxud, Güney Azərbaycan türkləri Təbriz başda olmaqla öz ərazilərində müstəqilliklərini elan edə biləcəklər. Fars bununla razılaşar?

- Razılaşa bilər. Bu aparılan mübarizədən asılıdır. Orda irançı düşüncəlilərlə bərabər Azərbaycanlı Türklər də var. Ora yalnız irançı düşüncəlilərdən ibarət deyil. Əgər mənfi düşüncədə olanlar da görsələr ki, burada güclü birlik var, o zaman istəməyərəkdən də olsa geri addım atacaqlar, buna məcburdurlar. Təbrizdə mərkəzli bir dövlət quracayıq. Bu ideyanı gerçəkləşdirmək fikirindəyik. Bu qaçılmazdır. Son olaylar da göstərir ki, artıq ayrı çıxış yolu yoxdur. Gördüyünüz kimi onlar başqa vasitələrlə Azərbaycana mane olmaq istəyirlər, yəni Ermənistanla müharibədə, hər zaman da mane olublar. Ən gerçəyi budur ki, biz əvvəlcə Azərbaycan Türk mərkəzli yeni bir dövlət qurmalıyıq.

Təbriz mərkəzli yeni dövlət qurub sonra onu genişləndirə bilərik ki, ən realı budur.

- Rusiya üçün Azərbaycanı itirmək Cənubi Qafqazı itirmək anlamına gəlir?

-İstər Ermənistan olsun, istərsə qondarma Dağlıq Qarabağ, bunlar Rusiyanın məhsuludur. Rusiya Federasiyasını idarə edənlər son zamanlar anlayırlar ki, Ermənistan məsələsində Qərbin öz maraqları var- ABŞ, Almaniya problemlər yaradır. Bu anlamda türk məsələsində olar ki, problemdir, necə ki, Güney Azərbaycan məsələsinə görə Rusiya Ermənistanı tamamilə əldən vermək istəmir. Rus hökuməti artıq başa düşür son hərbi əməliyyatlar da göstərir ki, Rusiya müəyyən mənada tamamilə gözardı etməsə də, amma müəyyən mənada barmaq silkələyir və Azərbaycanın xeyir qazanmasına da göz yumur ki, burada Qərbin də xüsusi rolu var. Rusiya ciddi iqtisadi və siyasi anlamda dalana dirənibdir. Bu anlamda Azərbaycanla da yumşaq danışmağa rəsmi Moskva məcburdur. Bu o anlama gəlmir ki, Qarabağı tamamilə bizim nəzarətimizə verəcək-xeyli dərəcədə bu məsələdə geri çəkilməyə məcburdur. Türkiyənin Azərbaycanda hərbi təlim keçməsi, bu təlimdən sonra hazırda müharibənin başlaması Rusiya da bilir ki burada Qərb dövlətlərinin rolu nədir. Hər şey zahirdə başqa cür görsənsə də, əslində müəyyən detallar ortaya çıxır. Bu plan ondan xəbər verir ki, vəziyyət 2016 cı ildəki kimi deyil, bir az daha sərt şəkildə öz yerini göstərir. Ermənistanı isə tamamilə gözardı etmir.

-Rusiya Ermənistana silah göndərməkdə davam edir...

Sözün açığı Rusiya Azərbaycanla Ermənistanın qarşı-qarşıya gəlməsinin və hər ikisinin zəifləməsində maraqlıdır- daha çox Ermənistanın. Eyni zamanda Rusiya istəyir ki, hər iki tərəf bu müharibədən az itkiylə çıxsın. Aydın məsələdir ki, müharibədə itkilər qaçılmazdır. Rusiya həm erməni xalqına, həm diasporasına müəyyən təzyiqlər edir ki, onlar Qərbə çox meyillənməsinlər. Burada Türkiyənin də məsələsi var, Rusiyanın da öz daxili problemləri var. Bu anlamda Rusiya bu məsələlərdə mümkün olduğu qədər özü də qazanclı çıxmaq niyyətindədir. Dediyimiz kimi, burada Qərb məsələsi var - Ermənistanın Qərblə, Türkiyənin Rusiya ilə münasibəti var- bu anlamda Rusiya Ermənistanı nəzarətdən kənarda qoymaq istəmir. Bütün hallarda Azərbaycan üstünlüyünü əldən verməməlidir. Əgər Azərbaycan bu proseslərdə uğursuz olsa, bu, bizim üçün bütün anlamlarda yaxşı nəsə vəd etmir. Ümid edirik ki, üstünlüyümüzü qoruyub saxlaya biləcəyik, bu tamamilə olmasa da... Yuxarı Qarabağı əldə etmək çətindir, amma heç olmasa torpaqlarımızın çox qismini geri almaq ümidindəyik. Şəhidlərimiz, qazilərimiz var, mülki əhalidən zərər çəkənlərimiz var-bunları sığortalamağın ən yaxşı yolu nə olur - olsun Azərbaycanın qazandığı mövqeləri qoruyub saxlamaqdır. Rusiya bu məsələlərdə hansısa razılığı istiyərəkdən verməsə də, bu məsələdə, bizim üçün bir addım irəli gedişimiz növbəti mərhələnin uğuruna tərəf getməyimizə işarədir.

 AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent,
fəlsəfə üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli
(Qəzənfəroğlu)

 Şahnaz Salehqızı