Dünya dövlətlərinin Azərbaycana hərbi yardımı beynəlxalq hüquqa uyğundurmu?

19:35 30-09-2020 80

Elxan Şahinoğlu: "Hətta, Azərbaycan "Türk legionu" da yarada bilər ki, orada
istənilən xalqlar yer ala, Azərbaycan torpaqları uğrunda savaşmaq imkanı əldə edə bilər"

 Zərdüşt Əlizadə: "Azərbaycan müstəqil dövlətdir və istənilən dövlətdən kömək
qəbul və ya köməkdən imtina edə bilər, burada qanunazidd heç nə yoxdur"

 Artıq 5 gündür ki, qarşısına düşmən tərəfin təxribatlarına sonlandırmaq məqsədini qoyan Azərbaycan Ordusu apardığı əməliyyatlar erməniləri vahiməyə salıb. Azərbaycan əsgərinin zəfər dolu döyüşləri davam edir. Bu arada dünyanın bir neçə dövləti və ayrıca xalqlar, silahlı birləşmələr Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə birbaşa hərbi texnika və canlı qüvvə ilə kömək etməyə hazır olduqlarını bəyan ediblər. Sözsüz ki, dövlət başçısının da dediyi kimi, bizim heç kimin hərbi sursat və canlı qüvvə ilə köməyinə ehtiyacımız yoxdur. Amma cəmiyyət üçün də maraqlı nüans ondan ibarətdir ki, hər hansı bir dövlətin və ya xalqın Azərbaycan ordusuna dəstək verməsi beynəlxalq hüquq normalarına uyğundurmu, bu iş baş verərsə, hansısa beynəlxalq konvensiya və ya onun maddələri ilə ziddiyət təşkil edir, yoxsa yox?

Bu sualla ilk olaraq "Atlas" Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət etdik. Politoloq sözünə onunla başladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanın heç bir kənar qüvvələrin köməyinə ehtiyacı yoxdur: "Amma Azərbaycana simpatiyası olan dövlətlər və xalqlar var, onlar Azərbaycanın haqq işi uğrunda savaşmağa hazırdır. Bu məsələ beynəlxalq hüquqa tam şəkildə uyğundur. Bu yerdə qeyd edim ki, söhbət terrorçu qruplaşmalardan getmir, rəsmən tanınmış dövlətlərdən və ya onun bir xalqından gedir. Hətta, Azərbaycan "Türk legionu" da yarada bilər ki, orada istənilən xalqlar yer ala, Azərbaycan torpaqları uğrunda savaşmaq imkanı əldə edə bilər. Belə nümunələr Qərb dövlətlərində də var. Məsələn, Fransanın legionu var, həmin legionda Fransa vətəndaşları olmayan şəxslər də iştirak edə, ölkənin təhlükəsizlik məsələləri ilə məşğul ola bilərlər. Yəni burada qeyri-qanuni, beynəlxalq hüquqa zidd heç nə yoxdur. Suriya türkmanları, Pakistan dövləti, mərkəzi Asiya dövlətləri, İrandakı soydaşlarımız və s. arzu edənlər bu savaşda xalqımıza dəstək verib, Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşə bilər, bu tam qanunidir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, buna Azərbaycanın ehtiyacı yoxdur - həm kifayət qədər döyüşə hazır canlı qüvvəmiz, həm də müasir döyüş texnikamız var. Azərbaycan ordusu qarşısına qoyduğu hədəfə qısa müddət ərzində çatacaq".

Politoloq Zərduş Əlizadə isə bu məsələ barədə bizimlə söhbətində vurğuladı ki, Azərbaycan kifayət qədər zəngin dövlətdir, əhalimiz Ermənistan əhalisindən beş dəfə çoxdur, ərazimiz onların ərazisindən daha böyük, ordumuz həm say etibari ilə, həm də döyüş hazırlığı baxımından daha hazırlıqlı və sərişdəlidir: "Bu gün Azərbaycana kömək təklif edən dövlətlər ölkəmizin qüdrətinin fərqindədir və bundan dolayı, daha çox Azərbaycanın rəğbətini qazanmaq üçün belə bəyanatlar verir. Qaldı ki, beynəlxalq hüqüla uzlaşmaya, Azərbaycan müstəqil dövlətdir və istənilən dövlətdən kömək qəbul edə və ya köməkdən imtina edə bilər. Burada qanunazidd heç nə yoxdur".

 Akif Nəsirli