Əlilliyi olan şəxs problemlə üzləşib

19:37 30-09-2020 60

2-ci qrup əlil üç aydır pensiyasını ala bilmir

 Əlilliyi olan şəxslərin müxtəlif problemlərlə üzləşməsi onlar üçün əlavə çətinlik yaradır. Bu mənada, redaksiyamıza İmişli rayonundan müraciət edən Paşayev Əbülfət Aslan oğlunun yaxınları onun pensiyasını almaqda problem yarandığını söyləyiblər. Qeyd edilib ki, sözügedən şəxsin 2-ci qrup ömürlük əlillik dərəcəsi var. Lakin hazırda onun vəziyyəti tam şəkildə 1-ci qrupa uyğundur. Bu barədə məlumat verən ailə üzvləri bildiriblər ki, Ə.Paşayevin əlillik dərəcəsini 2017-ci ildə 1-ci qrupa dəyişmək istəsələr də, alınmayıb. Çətinlik də ondadır ki, sözügedən şəxs artıq üç aydır ki, əlillik pensiyasını ala bilmir. Ailə üzvləri qeyd edib ki, cəmisi 130 manat pensiya alan Ə.Paşayevin neçə aydır dərmanlarını almaq və digər xərclərini önləmək çətinlik yaradıb. Onu da qeyd edək ki, Ə.Paşayevin azyaşlı övladı da var. Bu mənada, üç aydır pensiya almayan şəxsin hazırda hansı durumda olmasını təsəvvür etmək elə də çətin deyil.

Şikayətdə bildirilib ki, 02 fevral 2009-cu ildə ömürlük əlillik dərəcəsi alan Ə.Paşayev 2017-ci ildə beş ay psixiatriya xəstəxanasında yatıb. Maştağada qalan Ə.Paşayevin diaqnozu fasiləsiz gedişli dərin paraneks qüsurlu şizofreniya xəstəliyi olub. Yaxınlarının verdiyi məlumata görə, onun kənar şəxsin xüsusi qulluğuna ehtiyacı var. Verilən məlumatların hamısı da rəsmi, yəni xəstənin həkimi Gülməmməd Mikayılovun qeydinə əsaslanır.

Müraciətdə həmçinin qeyd edilib ki, həmin şəxsə son illər aparılan müalicə yetərli deyil. Eyni zamanda, 2-ci qrup əliilik dərəcəsi olan bu şəxsin əqli geriliyi də var. Yəni həmin şəxs birbaşa 1-ci qrup əlilliyə uyğundur. Hazırda üç aydır pensiya almamasının səbəbini ailə üzvləri sözügedən şəxsin əlillik dərəcəsinin 1-ci qrupa dəyişdirilmək cəhdi olduğunu deyir. Ə.Paşayevin ailə üzvləri bu problemin, həmçinin, sözügedən şəxsin ala bilmədiyi pensiya məsələsinin araşdırılmasını xahiş ediblər.

P.S. Yazıda qeyd edilən məsələylə bağlı əlaqədar qurumların da mövqeyini dərc edə bilərik.

Nigar