“Cənab Makron, bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz?” -Çavuşoğludan sərt cavab

20:48 30-09-2020 70

Fransa prezidenti Emmanuel Makron sentyabrın 30-da deyib ki, Türkiyənin müharibə ritorikası Azərbaycanı Dağlıq Qarabağı almağa həvəsləndirir və bu qəbuledilməzdir. 

Yenixeber.org: Makron hazırda əlində Türkiyənin münaqişədə birbaşa iştirakını sübut edən dəlil olmadığını da əlavə edib.

"Türkiyənin Azərbaycanın xeyrinə siyasi bəyanatlarını ehtiyatsız və təhlükəli hesab edirəm", – Makron Latviyada mətbuat konfransında bildirib. O deyib ki, bu gün (30 sentyabr) axşam məsələni rusiyalı həmkarı Vladimir Putin, sabah isə ABŞ prezidenti Donald Tramp ilə müzakirə edəcək.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Fransa Prezidentinin dediklərinə sərt cavab verib və onu dürüst olmağa çağırıb: "Cənab Makron, bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz. Minsk qrupunun həmsədr ölkələrinə Ermənistan yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir. Bizim qardaş ölkə üçün açıqlamamızın harası təhlükəlidir? Sən də dürüst şəkildə çıx de ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və buradan geri çəkilməlidir. De ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var və mən də bu BMT Təhlükəsizlik Şurasının daimi üzvüyəm. Dürüst davransın, biz də onu təbrik edək".