EMIN ƏMRULLAYEVIN MƏKTƏB DIREKTORU “MAKLERLIK EDIR”-ŞOK FAKTLAR

22:01 02-10-2020 105

Yenixeber.org: Hər kəsə bəllidir ki, təhsilin inkişafı hər bir ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir və bu gün Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı bir daha onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən biridir. Bundan əlavə, təhsil sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar, hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasında, Azərbaycan dövlətinin sürətli inkişafında əsas rol oynayır. Bir sözlə, hal-hazırda Azərbaycan təhsili özünün yeni inkişaf dövrünü yaşamaqdadır.

Cənab Prezidentin rəhbərliyi altında belə bir addımların atılığı bir vaxtda, Ağdam rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən 66 saylı Ağdam köçkün məktəbində direktor vəzifəsini daşıyan Əzizov Rahil Rəhbər oğlu isə, hal-hazırda fərqli addımlarını atmaqdadır. Bu haqda redaksiyamızı məlumatlandıran Ağdam rayonu, Quzannı qəsəbəsi, ev-294 ünvanında yaşayan Məmmədov Cəsarət Valeh oğlu qeyd edir ki, “Mən əvvəllər Ağdam “Sukanal” idarəsində çalışırdım, bu gün isə fərqli əmək fəaliyyəti ilə məşğul oluram. Bildirim ki, adı çəkilən bu idarəddə çalışarkən Rahil Əzizovun qardaşı Amil Əzizov da, məhz mənim işlədiyim Ağdam “Sukanal” idarəsində vəzifə sahibi idi. Düzdür, o, qol qoyduğu mənimsəmə faktlarına görə xeyli müddət bundan öncə rəhbərlik tərəfindən daşıdığı vəzifəsindən uzaqlaşdırılıb. Belə bir səbəb üzündən də, mənim adı çəkilən bu şəxslə tanışlığım əmələ gəlmişdi. Qeyd edim ki, Rahil Əzizovun direktor olduğu 66 saylı Ağdam köçkün məktəbi Xındırıstan qəsəbəsində yerləşir. Təqribən 6-7 ay bundan öncə Amil Əzizov mənə bildirdi ki, “İstəsən qardaşım sənə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən üçotaqlı mənzil alıb verə bilər. Çünki, Məmməd adlı şəxs bizim qohumumuzdur və bu gün o, PA-da mühüm vəzifə sahibidir. Qardaşım bu kimi işləri, məhz onun vasitəsilə həll etməyi bacarır. Amil Əzizov mənimlə söhbətində onu da qeyd etdi ki, “Hal-hazırda qardaşımın adına Xındırıstan qəsəbəsində ev olsa da, o, Məmməd adlı qohumumuzun imkanlarından yararlanaraq, Bakı şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən özünə əlavə bir mənzil də alıb”.

Düzdür, mən vaxtilə Amil Əzizovla bir idarədə çalışdığımdan və bu şəxsi müəyyən qədər tanıdığımdan, onun bu yöndə danışıqlarına inanırdım. Belə bir səbəb üzündən də, 66 saylı Ağdam köçkün məktəbində direktor vəzifəsini daşıyan Rahil Əzizova, mənzil almağıma köməklik göstərə biləcəyi yöndə mənə vəd verdiyi üçün, ötən 6-7 ay ərzində ona üstüstə 18 500 manat pul verdim. Bu gün isə o, nə mənzil məsələsini həll edir, nə də ki, verdiyim 18 500 manat pulumu geri qaytarır. Bildirim ki, bir neçə gün bundan öncə 65 yaş həddində olan anam Rahil Əzizovgilin yaşadıqları evə gedir və ondan ya mənzil məsələsini həll etməsini, ya da ki, verilmiş pullların geri qaytarılmasını tələb edir. O halda o, yaşadıqları mənzilin içində anamı alçaldıcı sözlərlə təhqir edir, hətta onun üstünə stul atıb vurmaq istədikdə, məktəb direktoru vəzifəsini daşıyan bu şəxsin ailə üzvləri buna imkan vermirlər.

Onu da qeyd edim ki, Rahil Əzizov bir müddət bundan öncə özü üçün “Prado” markalı nəqliyyat vasitəsi alıb. Zənnimcə o, qeyd olunan nəqliyyat vasitəsini məndən aldığı pulların hesabına alıb. Düşünürəm ki, bu cür addımlar Azərbaycan ziyalısının adına yaraşmayan usandırıcı əməllərdir. Yəqin ki, cənab Prezidentin etimad və etibar göstərib Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin etdiyi Emin Əmrullayev, bu məsələ barədə az-çox xəbərdar olan kimi, 66 saylı Ağdam köçkün məktəbində direktor vəzifəsini daşıyan Əzizov Rahil Rəhbər oğlunun əməllərinin araşdırılması və ona bir neçə “sualların ünvanlanması” üçün, aidiyyatı üzrə lazımi tapşırığını da verəcək”.

Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, həqiqətən də bu cür addımlar Azərbaycan ziyalısının adına yaraşmayan, heç bir halda ziyalı adı ilə uzlaşmayan, təhsilimizə üzqaralığı gətirən, bir sözlə olduqca usandırıcı addımlardır. Əslində, məktəb direktoru vəzifəsini daşıyan bu şəxs ölkəmizdə təhsilin inkişaf etdirilməsi, problemlərinin aradan qaldırılması, şagirdləri elmə-təhsilə mükəmməl yiyələnmələri, gənc nəslin sağlam ruhda tərbiyə olunmaları və s. yöndə addımlarını atmalı olduğu halda, bu gün o, “makler”lik fəaliyyəti ilə məşğul olub kimlərisə aldadır və özünün ictimai qınağa tuş gəlməsinə də səbəb olur.(deryaz.az)
Mövzunu diqqətdə saxlayacağıq.