Türkiyə Azərbaycanı sonuna qədər dəstəkləyəcək –Hulusi Akar

22:03 02-10-2020 90

İllərdir Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapa bilməyən ölkələrin atəşkəs çağırışları nə səmimi, nə də inandırıcı deyil.

Yenixeber.org: Bu barədə cümə günü Türkiyənin milli müdafiə naziri Hulusi Akar ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin (ABŞ, Rusiya və Fransa) Ermənistan-Azərbaycan münaqişə zonasında atəşkəs çağırışlarını şərh edərkən bildirib.

Türkiyənin müdafiə naziri xatırladıb ki, Azərbaycan ərazilərinin 20%-i 30 ildir işğal altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün hələ də doğma evlərinə qayıtmağı gözləyir.

“Azərbaycanın bütün səylərinə və beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsi ədalətli həllini tapmayıb. Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, Azərbaycan torpaqlarının işğalını davam etdirib.

ATƏT-in Minsk Qrupu Azərbaycan torpaqlarının azad edilməsi üzrə heç bir addım atmayıb. Təəssüf ki, müzakirələr mövcud vəziyyətin, yəni işğalın normallaşdırılması, qəbul edilməsi məqsədi güdən bir prosesə çevrilib. Bütün bunlar Yerevanın əl-qolunu açıb, yeni təxribatlar və gərginlik üçün şərait yaradıb, deyə Akar qeyd edib.

Nazir bildirib ki, Türkiyə torpaqlarının azad edilməsi üzrə haqlı mübarizəsində sonuna qədər qardaş Azərbaycanı dəstəkləyəcək.

Akarın sözlərinə görə, Azərbaycan ordusunun uğurlu əməliyyatları fonunda Yerevan yenidən dünya ictimaiyyətini yanıltmaq taktikasına üz tutub. Ermənistan Türkiyəyə məxsus hərbi aviasiyanın döyüşlərdə iştirak etdiyini bildirib. Bu qara təbliğat Cənubi Qafqazdakı gerçəkliklərin təhrif edilməsi məqsədi daşıyır, deyə nazir bildirib.