Düşmənin müqaviməti qırılıb və Ordumuz irəli gedib

22:28 02-10-2020 195

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam edir". Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, gecə ərzində və bu dəqiqələrdə cəbhənin bütün istqimətlərində döyüş əməliyyatları davam edir: "Düşmənin şəxsi heyəti arasında qorxu dərin ruh düşkünlüyü yaradır. Uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istqiamətində düşmənin müqaviməti qırılıb və Ordumuz irəli gedib. Murov dağı istqəmətində də əməliyyat şəraiti nəzarət altındadır".

“Mülki əhalinin atəşə tutulmaması ilə bağlı xəbərdarlığa baxmayaraq, Ermənistan silahlı qüvvələri Şəmkirin Sabirkənd, Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini və digər əraziləri raket və artilleriya atəşinə tutublar”.

O, qeyd edib ki, mülki əhali arasında yaralananlar var. 

“Madagizdə düşmənin hərbi hissəsində çaxnaşma və atışma yaranıb. Erməni könüllüləri müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər. bunun əvəzinə qadın batalyonunun yaradılmasına qərar verilib.”

A.Eyvazov həmçinin qeyd edib ki, 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib: “Döyüşlərdə əldə etdiyimiz uğurlar Azərbaycan ordusunun yüksək döyüş ruhu və qələbə əzminin bariz nümunəsidir. Sözlərimi general-mayor Hikmət Həsənovun sözləri ilə bitirirəm: “Hərbi birliyin şəxsi heyətinin amalı son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün Ordumuzun döyüş ruhu kifayət qədər yüksəkdir. Qələbə bizimlədir!”

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir:

"Buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir.

İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir".

Bundan başqa, oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Müdafiə Nazirliyinin məlumatına görə, qoşunlarımız Ağdərə istiqamətində düşmənin Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.

Əldə edilən digər məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər.

Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyəti arasında yüksək döyüş ruhu və qələbə əzmini daha da artırır.

İctimaiyyətə əlavə məlumat veriləcək və videolar təqdim olunacaq.