Ermənistan -xaricdən 40 milyard dram borc almağa hazırlaşır

23:15 05-10-2020 90

Ermənistan Parlamenti dövlət büdcəsinə dəyişiklik etməyə hazırlaşır.
Yenixeber.org: Ermənistan mətbuatından bildirilir ki, bu gün Ermənistan Parlamentinin Maliyyə-Kredit və Büdcə Məsələləri Daimi Komitəsinin iclasında hökumət tərəfindən təqdim olunan “Ermənistan Respublikasının 2020-ci il Dövlət Büdcəsi” haqqında Qanuna dəyişiklik layihəsi müzakirə olunaraq qəbul olunub. Qanun layihəsi sabah Parlamentin təsdiqinə veriləcək.
Maliyyə naziri Atom Cancuqazyan bildirib ki, döyüş əməliyyatları səbəbindən büdcə xərclərinin 40 milyard dram (82 milyon dollar) artırılması təklif edilir. Nazir deyib ki, xərclərin artırılması nəticəsində yaranacaq büdcə kəsirini xaricdən borc almaqla bağlamağı düşünürlər.
Atom Cancuqazyan onu da qeyd edib ki, bu il ölkədə iqtisadi geriləmənin olacağı, vergi gəlirlərinin nəzərdə tutulandan 30 milyard dram (61,2 milyon dollar) az olacağı gözlənilir.